Fransa Senatı ilk dəfə deyil ki, Azərbaycan əleyhinə qətnamə qəbul edir. Rəsmi Bakının Parislə heç vaxt problemi olmayıb. İki ölkənin münasibətlərində yaşanan gərginlik və prosesin hazırkı hala gəlməsinin səbəbkarı Fransadır.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev bildirib. Fransa Senatının Azərbaycanın Qarabağa “hücumunu” pisləyən və Ermənistana hər hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul etməsini şərh edən ekspert bildirib ki, qətnamə layihəsində Azərbaycana qarşı sanksiyaların tətbiqi və ermənilərin Qarabağa qayıtmaq hüququna təminat verilməsi də tələb olunur:
“Parisin anti-Azərbaycan mövqeyi və Ermənistana, habelə separatçılara dəstək siyasəti iki ölkəni qarşı-qarşıya gətirir. Fransa özünü fövqəltəbii ölkə saydığı kimi Azərbaycanı da Qərbi Afrikadakı keçmiş müstəmləkəsi olan ölkələrlə səhv saldı. Bakı son zamanlar Fransanın sərgilədiyi mövqeyə adekvat və tutarlı cavablar verir. Misal üçün 2023-cü il oktyabrın 20-də Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransa Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin dəvət edilməsi, bunun öncəsində Qoşulmama Hərəkatında Fransa əleyhinə çıxışların edilməsi və nəhayət, bir müddət öncə Azərbaycanın xüsusi təhlükəsizlik qüvvələrinin Fransa agenturasına vurduğu zərbə Parisin aqressiyasının nədən qaynaqlandığını göstərir”.