“Neftçi”nin “sındırıldığı” deyilən gənc futbolçusu: “Üzüldüm…” (MÜSAHİBƏ)backend

“Neftçi”nin “sındırıldığı” deyilən gənc futbolçusu: “Üzüldüm…” (MÜSAHİBƏ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutan Azərbaycan derbisi – “Qarabağ” – “Neftçi” matçı həmişəki kimi maraqlı və gərgin keçdi. Ancaq oyunun sonlarına yaxın “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın atdığı addım daha çox diqqət çəkdi. Belə ki, rumıniyalı mütəxəssis komandanın gənc üzvü İsmayıl Zülfüqarlını 75-ci dəqiqədə meydana buraxsa da, 90+1-ci dəqiqədə oyundan çıxardı. Nə zədə, nə də başqa bir səbəbdən, özü də matçın bitməsinə 3-4 dəqiqə qalmış futbolçunun bu şəkildə əvəzlənməsinə görə, təbii ki, baş məşqçi ictimaiyyət tərəfindən tənqidlərə məruz qaldı və bu addım 22 yaşlı Zülfüqarlının “sındırılması” kimi qələmə verildi. Üstəlik, Rege İsmayıla qarşı bu hərəkəti ikinci dəfə idi ki, “Qarabağ”la səfər matçında edirdi. Bəs problem nədir? İlk baxışdan mənasız kimi görünən bu əvəzləmə gənc futbolçuya necə təsir etdi? Məşqçi addımının səbəbini futbolçuya necə izah edib?
Zülfüqarlı Qaynarinfo-ya müsahibəsində həm bu məsələyə də toxundu, həm də oyun və qarşıdakı hədəfləri ilə bağlı danışdı:
– “Neftçi” hesabda öndə olsa da, “Qarabağ”ı məğlub edə bilmədi. Qələbə üçün nə çatmadı?
– “Qarabağ”la oyun haqda onu deyə bilərəm ki, həftə boyu yaxşı hazırlaşmışdıq və bunu həyata keçirməyi bacardıq. Oyun bizim üçün yaxşı keçdi, son anlarda qələbəni əldən verdik. Hesabı qoruyub saxlamağa çalışdıq. Özünü yaxşı tərəfdən göstərən oyunçularımızdan biri – Ataa Caberin zədələnməsi düşünürəm ki, bizə təsir etdi. Buna baxmayaraq, komandamız yaxşı oyun nümayiş etdirdi.
– Havanın dumanlı olması problem yaradırdı?
– Bəli, çünki heç vərdiş etmədiyimiz bir hava idi. Ancaq nə olsa da, hava şəraiti hər iki komanda üçün eyni idi.
– “Qarabağ” avrokubklardan sonra nisbətən zəif heyətlə meydana çıxmışdı. Yəni qələbə üçün şans çox idi. Düşünürsünüz ki, bu şans bir də əlinizə düşməyəcək?
– Düzünü desəm, belə düşünmürəm. “Qarabağ”ın heyəti ilə müqayisədə biz yaxşı oynadıq. Komandamız oyuna çox ciddi yanaşdı. İstədiyimiz ritmi tutduq. Hər oyun bizim üçün daha yaxşı olacaq.
– Şəxsi planda oyuna nə dərəcədə hazır idin?
– Bütün oyunlarda hər zaman əlimdən gələnin 100 faizini edirəm. Hazır olmağa çalışıram. Bu oyuna da tam hazır idim.
– Bu oyun üçün xüsusi hazırlaşmışdın, yoxsa hamı kimi?
– Derbilərin motivasiyası fərqli olur. Ona görə də həmişəkindən daha artıq hazırlaşdığımı deyə bilərəm.
– Regekampfın 75-ci dəqiqədə meydana buraxıb, 90+1-də əvəzləməsinə görə kənardan çox üzgün görünürdün. Yəqin ki, özünü “sındırılmış” kimi hiss etdin. Həmin anda hansı hisslər keçirdin?
– Hər futbolçu bu vəziyyətə üzülərdi. Əvəzlənərkən mən də üzüldüm, bu normaldır. Ancaq məşqçilərimiz meydandan çıxarkən əvəzetmənin oyunuma deyil, taktiki gedişə görə olduğunu başa saldılar. Mən də yaxşı mənada qəbul etdim.
– 90+1-ci dəqiqədə hansısa taktiki gediş mümkündür? Oyun bitir. Yəni 3-4 dəqiqə artıq meydanda qalmağının komandaya nə ziyanı ola bilərdi?
– Orta sahəni gücləndirmək, sona yaxın topa nəzarət etmək üçün Meza Kollini meydana buraxdılar. Düşünürəm ki, məşqçimizin qərarına hörmətlə yanaşmalıyam.
– Baş məşqçi ikinci dəfədir səni “Qarabağ”la səfər matçında bu duruma salmışdı. Gənc futbolçu kimi sənə göstərilən belə münasibətə görə küskünlük yarana bilər?
– İlk oyunda məndə alınmadı deyə məşqçimiz dəyişiklik etdi. Bu oyundakı dəyişiklik taktiki gedişlə bağlı idi. Ancaq bir peşəkar futbolçu kimi gənc yaşda futboldan küsmək düzgün deyil. Daha çox çalışıb oynamaq lazımdır. Məşqçimiz istər əsas, istər ehtiyat heyətdə olsun, mənə çox şans verir. Hər zaman bizə öz dəstəyini göstərir.
– Oyunlarda adətən ikinci hissənin sonlarına az qalmış əvəzləmədən meydana buraxılırsan. 90 dəqiqə oynamaq üçün sənə nə lazımdır? Rəqabət aparmaqda çətinik çəkmirsən ki?
– Xeyr, sağlam rəqabət hər bir futbolçunu irəli aparır. Əlimdən gələni edirəm ki, daha çox şans qazanım. Deməli, daha artığını etmək lazımdır, mən də bunun üçün çalışıram. Məşqçimiz şans versə, 90 dəqiqə oynamağa hazıram. Zamanımı gözləyirəm və əminəm ki, çalışmağımın bəhrəsini görəcəyəm.
– “Neftçi”dəki hədəflərin nədir?
– Daha çox oynamaq üçün əlimdən gələni edəcəm. Bu il Azərbaycan kubokunu qazanmağı arzulayıram. Daha sonra avrokuboklarda özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.
– Bombardirlik haqda düşncələrin olurmu, yoxsa bunun üçün hələ tez olduğunu fikirləşirsən?
– Heç vaxt tez olduğunu düşünmürəm. Çünki zaman çox tez keçir. Çalışıram ki, hər şeyin ən yaxşısını ortaya qoyum. Qoldursa, qol vurum, məhsuldar ötürmədirsə, ötürmə edim. İnanıram ki, getdikcə bunları daha çox edəcəyəm.
– “Neftçi”dəki legionerlərdən kimi fərqləndirərdin? Ən çox hansı legionerdən öyrənirsən?
– Futbola yanaşma cəhətdən Stonkoviçi göstərərdim. Çünki işinə bir peşəkar kimi yanaşır. Eyni mövqedə oynadığım Kenni Sayefi də fərqləndirərdim.
– Ümumiyyətlə, “Neftçi”də oynadığın müddətdə gördüyün ən yaxşı legioner hansı olub? Kiməsə xüsusi simpatiya bəsləmisən?
– Tyaqo Bezzerra, Dario Frederiko və Dabonun adını çəkərdim. Bezzerraya bir insan və futbolçu kimi xüsusi simpatiyam vardı, onu çox bəyənirdim.
– Komanda “Qarabağ”dan xeyli geridədir. Demək olar, çempionluq şanslarınız tükənir. Belə olanda həm azarkeşlər, həm də futbol ictimaiyyəti tərəfindən hər oyun sərt tənqidlərlə üzləşirsiniz. Komanda ikinci yeri tutsa belə, güclü təzyiqlər ola bilər. Gənc futbolçu kimi bunlara tab gətirməyə nə dərəcədə hazırsan?
– Əlimizdən gələni edəcəyik ki, aradakı xal fərqini azaldaq. “Neftçi” böyük, tarixi olan klubdur. Azarkeşlər, futbol ictimaiyyəti hər zaman uğur gözləyir. Belə təzyiqlər “Neftçi”də həmişə olub və olacaq. Gənc futbolçu kimi komandamın yanındayam və hazıram.