Millimizin sabiq qapıçısı: “De Byazinin nəyisə dəyişə biləcəyinə inanmıram”backend

Millimizin sabiq qapıçısı: “De Byazinin nəyisə dəyişə biləcəyinə inanmıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həm əsas, həm də U-21 millimiz sentyabrda keçirdiyi görüşlərdə uğursuzluqla yadda qaldı. Nəticədə həm AFFA, həm də baş məşqçi Canni De Byazi komandası ilə birlikdə haqlı tənqidlərə tuş gəldi. Əsas millimiz keçirdiyi son 3 oyunda Lüksemburqa 1:2, Poruqaliyaya 0:3 hesabı ilə məğlub oldu. Yalnız İrlandiya ilə heç-heçə edən millimiz bu qarşılaşmada hesabda 1:0 öndə olsa da, sonradan qol buraxmaqla qələbəni əldən verdi. U-21 isə Avropa çempionatının cari siklində keçirdiyi ilk iki matçda Xorvatiyaya 0:2, Avstriyaya isə 0:6 hesabı ilə uduzdu…
Yığmamızın sabiq qapıçısı, eyni zamanda AFFA-nın Texniki direktoru olan Cahangir Həsənzadə də sözügedən oyunlarla bağlı düşüncələrini bölüşüb. Veteran futbolçunun Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
– De Byazinin rəhbərlik etdiyi millimiz son üç oyunda uğursuz nəticələrlə yadda qaldı…
– Düzdür, nəticə o qədər də ürəkaçan deyil. Bu, birmənalıdır ki, həmişə yığmamızdan qələbə gözləyirik. Meydanda mübariz komanda görmək istəyirik. Düşünürəm ki, mübarizlik baxımından sıxıntımız olmadı. Təəssüf ki, sıxıntımız heyətlə bağlı oldu. Bu da özünü nəticələrdə büruzə verdi. İki oyunda məğlub olub, birində heç-heçə etdik. Zənnimcə, bunu fərdiliklə əlaqələndirmək olar. Çünki yığma hazırda klublardan gələn oyunçulardan ibarətdir. Klublar da sıx qrafiklə oynayıb. Düşünürəm ki, ümumi və psixoloji yorğunluq var. Heyətimiz də geniş deyil. Əsas heyət üzvləri meydana çıxmayanda problemlərlə üzləşirik. Portuqaliya ilə oyunda da gördük ki, əsas müdafiəçilərimiz olmadan oynamaq çətindir.
– Əsas ümidimiz Lüksemburqla oyuna idi. Portuqaliya aydın məsələdir, İrlandiyadan 1 xal alacağımız bəlkə də gözlənilmirdi. Oktyabrda Serbiya ilə oyunda uğur qazanacağımız inandırıcı görünmür. Bundan sonra hansı addımları atmaq lazımdır?
– Qələbələri sıralamaq üçün hansısa düstur olduğunu düşünənlər varsa, bu, inandırıcı deyil. Çünki belə düstur olsa, digər yığmalar da ondan istifadə edə bilərlər. Qısa müddətdə böyük miqyasda hansısa dəyişikliyə inanmıram. Ola bilər, baş məşqçi yeni taktiki gedişlərə əl atacaq, oyunçulara daha çox motivasiya verməyə çalışacaq. Özüm də belə qısamüddətli turnirlərdə çox oynadığım üçün deyə bilərəm ki, oyunçular nə qədər yaxşı motivasiya, məşqçinin onlara qatqısı olacaqsa, bu, nəticələrə o qədər müsbət təsir edəcək. Fikrimcə, əcnəbi baş məşqçi futbolçularımızı hərtərəfli incələyib, nəyə qadir olduqlarını bilib və növbəti oyunlarda həm psixoloji, həm də fiziki hazırlıqlı oyunçuları meydana buraxacaq.
– Veteran futbolçu gözü ilə baxanda kənardan milli necə görünür və hansı problemlər daha qabarıqdır?
– Mən yalnız oyun planı ilə bağlı nəsə deyə bilərəm. Müdafiədən hücuma keçərkən bir balaca ləngiyirik. Əksər komandalar bizi həm güc, həm də fərdi bacarıq baxımından üstələyirlər. Amma bu o demək deyil ki, bizi üstələyən hər komandaya uduzmalıyıq. Boşluqlar tapıb istifadə etməliyik. Mənə görə, boşluqlardan biri də müdafiədən hücuma keçid fazasıdır. Belə hallarda rəqib hücumların qarşısını almaq olur. Onsuz da 90 dəqiqənin 70-ni müdafiədə keçirirk. Rəqib bizi meydançanın özümüzə aid olan hisəsində sıxır. Portuqaliya ilə oyun da bilavasitə buna bariz nümunə oldu. O cümlədən İrlandiya ilə matçı göstərərdim. Hətta hesabda öndə oluğumuz oyunda belə müdafiədən oynayırdıq. Amma hücumda bəzi fərdi bacarıqlar önə çıxır. İlk ötürmə, xaotik deyil, kombinasiyalı hücuma çıxış, sıçrayış edib rəqibin zəif yerlərini yaxalamaq və sair… Daha kreativ olmağımız vacibdir. Düzdür, əksəriyyət fiziki göstəriciləri deyir. İndi ölçü cihazları var, hansı ki, bütün dünya istifadə edir. Deməzdim, fiziki baxımdan rəqiblərdən çox geridə qalırıq. Sadəcə, fərdi keyfiyyətlərimiz o qədər yüksək deyil ki, fiziki bacarığımızı 90 dəqiqəyə çatdıra bilək. Məsələn, texnikalı futbolçu topu saxlayıb ötürmə vermək üçün yarım saniyə sərf edirsə, bizdə bu 1 saniyədir. Belə baxanda saniyə az vaxt kimi görünür, amma ikiqat enerji sərf olunur. Hansı komanda doğru icra edirsə, o da son saniyələrdə üstünlük qazanır. Bu, fiziki aspektdir. Bir də psixoloji aspekt var. Oyunun sonlarına yaxın hesabda üstünlüyümüz varsa, psixoloji olaraq onu qorumağa çalışırıq.
– Nəticələrdən sonra millinin baş məşqçisi Canni De Byazi tənqidlərə məruz qaldı. Artıq DÇ-nin final mərhələsinə çıxmaq şansımız qalmadığından əksəriyyət düşünür ki, onu da göndərməyin vaxtıdır…
–  Bununla problemi ortadan qaldıracağıqsa, sizinlə razıyam. De Byazinin olub-olmamasının mahiyyəti yoxdur. Baş məşqçinin göndərilməsi komandanın lehinə olacaqsa, bu mümkündür. Artıq DÇ-nin seçmə mərhələsində 4-5 oyun keçirmişik. Bu oyunlar göstərdi ki, komanda kimi inkişaf etməyimizə hələ bəlli bir yol var. Düşünürəm ki, hələ qət etməli olduğumuz yolun əvvəlindəyik. Baş məşqçinin qatqısı var, yeniliklər gətirib. İndiyəcən beşli müdafiədə oynamamışdıq…
– Ümumiyyətlə, De Byazi futbolumuza müsbət mənada hansısa dəyişiklər gətirib?
– Bunu komanda daxilində futbolçular qiymətləndirə bilər. Bir azarkeş və mütəxəssis kimi gördüyüm odur ki, beşli müdafiə sistemini gətirib. Praktika da göstərir ki, beşli oynayan komanda kifayət qədər yaxşı hücum edə bilir. Amma hazırkı durumumuz bizdən ancaq müdafiə olunmağı tələb edir. Müəyyən vaxtlarda bunun öhdəsindən gəlirik. Sözsüz, mən də nəticələrə daha çox önəm verirəm. Millinin nəticələri qənaətbəxş deyilsə, hesab mənə o qədər də maraqlı olmur. Minimum bacarıqlar üzərində qurulan oyun var. Futbolçular bu minimumdan daha yuxarı çıxsa, düşünürəm ki, nəticələr də özünü gecikdirməyəcək. Düzdür, nəticəyə baş məşqçi cavabdehdir. Amma onun nəticəsi olub. Albaniyanı Avropa çempionatının final mərhələsinə daşıyıb. Ümumiyyətlə, bu cür ölkələrdə işləmək də az təcrübə deyil. Düşünürəm ki, bu da öz töhfəsini bizə verir. İnanmıram ki, “bir məşqçi ümumi dəyişikliyə necə nail ola bilər” sualının cavabını kimsə verə bilsin. Bu, dükandan alınacaq bir şey deyil. Futbol çoxtərəfli idman növüdür, orada, hətta xırda bir komponentin son nəticəyə təsiri həddindən artıq çoxdur. Məsələn, bir futbolçunun hansısa səbəbdən psixoloji durumu pis olarsa, qalan 10 nəfərin əziyyətini yerə vura bilər. Yəni, bunu dəyişə biləcək universal komponent yoxdur. De Byazi kimi adamın da qısa müddətdə nəyisə dəyişə biləcəyinə inanmıram.
– Ancaq gəlin etiraf edək ki, onun qazandığı nəticələrə istənilən yerli məşqçi ilə də nail olmaq mümkün idi…
– “Kim olsaydı, nə edərdi” kimi fikirlər hamısı fərziyyələrdir. Bu məsələlər reallığı əks etdirmir. Məşqçiləri yerli və ya əcnəbilərə bölmək istəmirəm. Sonda söhbət yığmanın, Azərbaycanın nüfuzundan gedir. İstənilən məşqçinin rəhbərliyi altında qələbə qazanmağımız sevinc, uduzmağımız isə xoşagəlməzdir. Təcrübəsi var, uşaqlara da nəsə verə bilir. Nəticəyə gedən yol uzundur. Düşünürəm ki, bu yolun yarısını De Byazi ilə qət etmişik. Daha nələr baş verəcək, hara qədər gedəcəyik, bunu artıq tarix göstərəcək.
– Hamı əsas yığmadan danışır, amma U-21-in nəticələri daha rüsvayçıdır…
– Hansısa qeyri-adi uğursuzluq başqa bir mövzudur. Uğurları tədricən qazanmağı bacarmalıyıq. Bunlar hamısı yenə də futbolçuların fərdi keyfiyyətinə gəlib çıxır. Nə qədər  futbolçularımızın fərdi keyfiyyətləri yüksək olacaq, nəticə əldə etmək də o qədər asanlaşacaq. Müəyyən vaxtlarda 0:6 kimi məğlubiyyətlər də olacaq. A millilərin bəzən böyük hesabla uduzduqları oyunlar olur. U-21-in Xorvatiya ilə oyununu izləyən biri kimi deyim ki, pis oynamadıq. Birinci hissədə uşaqların sıxıldığı hiss olunurdu. Amma ikinci hissədə kifayət qədər yaxşı futbol göstərdilər. Avstriya ilə oyunda düşünürəm ki, psixoloji sıxıntının öhdəsindən gələ bilmədilər. İlk dəqiqələrdən həyəcan üstələmişdi. Məsuliyyət onları sıxırdı, üstəlik erkən qol buraxmağımız psixoloji cəhətdən təzyiq oldu. Amma kifayət qədər epizodlar vardı ki, komandamızın 0:6 hesabı ilə uduzmamalı olduğunu göstərirdi. Sona yaxın uşaqlar ümidlərini itirmişdilər. Bu kimi problemlərlə mübarizə aparmaq lazımdır. Son dəqiqəyə qədər meydanda mübariz komanda olmalıdır.
– U-21-də son oyunlarda məşqçi işi gözə dəymir. Avstriya ilə matçda futbolçular bir dəfə də olsun “çərçivəyə” düşə bilmədi…
– Hamı bir səbəb axtarır. Nüansları saysam, vaxtımız çox gedəcək. Pandemiya, məşq, çempionat, uşaqlarda praktika azlığı kimi amillərdən danışırıqsa, bu, bütün ölkələrdə keçərlidir. Bu proseslərdən sonra hansı futbolçunun öz gücünü daha tez bərpa etməsi isə artıq fərdi məsələdir. Bunun məsuliyyəti də AFFA-ya aiddir. Çalışırıq ki, keyfiyyətli təlim-məşq toplanışları, beynəlxalq səviyyəli yarışlar çox olsun. Amma görünür, düşündüyümüz qədər uşaqları kökləyə bilmirik. Yəqin ki, buna müəyyən müddət vaxt lazım olacaq. Həmin U-21 idi ki, Bakıda Fransaya qarşı oyunda çox keyfiyyətli futbol göstərmişdi. O cümlədən, Ukraynada təşkil olunmuş Valeri Lobanovskinin turnirində yerli komandanı məğlub etmişdilər.
– 2019-cu ildən millinin baş məşqçisi olan Milan Obradoviç yeni gələndə çalışqanlıq göstərirdi. Son vaxtlarda isə yığmaya heç nə verə bilmədiyi görünür. Onun da yola salınma vaxtı çatmayıb?
– Bir sikl işləyib, bu ikincidir. Düşünürəm ki, onun hələ yaxşı oyunları irəlidədir. Çünki keçən sikldə da bu heyətin əksər uşaqları ilə birlikdə idi. Yaşları uyğundur deyə, davam edirlər. Bu da üstünlük hesab olunur.
– Ümumiyyətlə, U-21-də bu gün hansı dəyişikliyə ehtiyac var?
– Yığmada ehtiyac olan bir şey varsa, o da rəqabətin çoxalmasıdır. 21 yaşlı futbolçuların sayının artırılamsına böyük ehtiyac var. Hazırda təəssüflər olsun ki, bu yoxdur. Həmin yaşda olan futbolçuların sayı məhduddur. Hazırda bunun üzərində düşünürük ki, kəmiyyəti keyfiyyətə necə çevirmək mümkündür.