Memardan ÇAĞIRIŞ: Tarixi binaları məhv edirlər-VİDEObackend

Memardan ÇAĞIRIŞ: Tarixi binaları məhv edirlər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə görünür ki, memar Elçin Əliyev Neftçilər prospektindəki tarixi binaya bərpa adı ilə edilən müdaxiləni görməsəydi, iş dayandırılmayacaqdı, tarixi bina da bir çox bina kimi məhv ediləcəkdi. Bu cür həssas işlər kimə gəldi tapşırılmamalıdır. Mədəniyyət Nazirliyi tender elan edir. Tenderdə hansısa MMC qalib olur. Bu MMC-lər də adi adamların özləri üçün açdıqları biznesdir. Ölkədə belə MMC-lərdən 10 minlərlədir. Olsun, lap 100 minlərlə olsun. Ancaq bu cür tarixi binalarda iş aparılması üçün bu cür MMC-lərə tender verilməsi, qalib olması, onlara belə işləri həvalə olunması yolveriməzdir. Çox acınacaqlı, olduqca faciəvi hal yaşanır. Bunun nəticəsidir ki, tarixi binalar bərbad hala salınır.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında şəhərsalma üzrə memar, professor Cahid Həsənov deyib. O bildirib ki, tarixi binaların bərpa edilməsinin öz stili, üslubu var. Bunun üçün memarların iştirakı ilə iş aparılmalıdır:

“Bu tenderləri udanların hansı bizim kimi bir memarı çağırıb məsləhət alıb, iş öyrənib, bizdən kömək istəyib?. Əlbəttə, heç biri. Əvvəl isə memarların boş vaxtı olmazdı. O vaxt ən adi bir işdə belə memarların məsləhəti alınırdı. O nəslin yerinə biz yetişmişik, ancaq dövr indi o dövr deyil. Memarlar qalıb kənarda, tenderdə özlərinin qalib etdiyi şirkətlər şəhərin bütün tarixini məhv etməklə məşğuldur. 2 milyonluq tenderi udan MMC gəlib indi memar olub, akademik olub.

 


Tarixi binaları həm tarixi baxımdan, həm də dizayn baxımından məhv edirlər. Tarixi binanı ticarət mərkəzi görkəminə salırlar. Səbəb odur ki, Mənədiyyət Nazirliyi kimə gəldi tender verir. Sənin şirkətində 30 illik stajı olan tarixçi memarlar olsa, o memarlarla müqavilə bağlasan, işi bu memarlarla aparsan tarixi binaların başına bu oyunlar gəlməz. Memarların olmadığı bir şirkət necə tenderi uda bilər?”.

Memar baş almış bu acınacaqlı vəziyyətlə bağlı mədəniyyət nazirinə müraciət edə edib:

“Tarixi binaları bərpa edən şirkətlər memarları bu işə cəlb etməlidir.
Sizin sayt vasitəsilə mədəniyyət naziri Adil müəllimə müraciət edirəm, Adil müəllim, bu tenderlərdə qalib olanlar tarixçi, memar, mütəxəssis deyillər. Onların heç nədən xəbərləri yoxdur. Bu işə biznes kimi baxan şirkətlərə, MMC-lərə tarixi binaları həvalə etmək olmaz. Memarların olmadığı yerdə tarixi binalarda aparılan bütün işlər şəhərin görkəmini, tarixiliyini, qədimliyini məhvə aparacaq”.

Nigar