İcra hakimiyyətinin rüşvət alan əməkdaşı yenidən məhkəməyə müraciət edibbackend

İcra hakimiyyətinin rüşvət alan əməkdaşı yenidən məhkəməyə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə təqsirləndirilən Sabirabad Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Alim Lumanov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas oktyabrın 9-na təyin edilib.

Şikayət hakim Fərhad Kərimovun sədrliyi ilə araşdırılacaq.

İttiham aktına əsasən, A.Lumanov 11 oktyabr 2012-ci ildən 11 dekabr 2015-ci il tarixədək Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan rüşvət alıb.

Belə ki, o, Əlləzova Tükəz Katib qızı və onun qardaşı Əlləzov Mail Katib oğluna kənd ərazisində dövlət vəsaitləri hesabına yaşayış evlərinin tikilməsinə yardım göstərmək üçün adlarının müvafiq siyahıya salacağını vəd edib. A.Lumanov həmin şəxslərdən 2097 dollar pul alıb, lakin sonradan onların təkidi ilə pulu geri qaytarıb.

Bundan əlavə, o, təkrarən rüşvət alma niyyəti ilə Şövkətov Faiq Bəyzadə oğluna yaxın vaxtda kənd ərazisində yaşayış evlərinin tikilməsinə başlanacağını və anası T.Əlləzovaya da evin tikilməsini təmin edəcəyini bildirib. A.Lumanov bunun üçün xidməti otağında F.Şövkətovdan 2000 manat pul alıb.

Daha sonra o, dövlət investisiya xərcləri hesabına Özbəkistan SSR-dən qaçqın düşmüş şəxslərə tikilən yaşayış evlərindən birinin qaçqın olmayan T.Əlləzovaya verib.

Bununla da A.Lumanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Lənkərаn Аğır Cinаyətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.