HACI ŞAHİNDƏN QURANIN YANDIRILMASINA SƏRT REAKSİYA: “MÜSƏLMANLAR ETİRAZ ETMƏLİDİRLƏR…” – ÖZƏLbackend

HACI ŞAHİNDƏN QURANIN YANDIRILMASINA SƏRT REAKSİYA: “MÜSƏLMANLAR ETİRAZ ETMƏLİDİRLƏR…” – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə Türkiyə səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması şübhəsiz ki, islam dünyasının dəyərlərinə qarşı növbəti dözümsüzlük təzahürüdür. Bu birmənalı şəkildə vandalizm aktıdır. Sayı bir milyarddan artıq olan müsəlmanların inancına qarşı hörmətsizlik və dözümsüzlükdür.

Bu sözləri Tribunainfo.az-a ilahiyyatçı Hacı Şahin İsveçdə ifrat sağçı siyasətçi Rasmus Paludanın İsveçin Türkiyədəki səfirliyi qarşısında Qurani-Kərimi yandırması ilə bağlı danışarkən deyib. O qeyd edib ki, bu kimi addımlar söz azadlığı ilə, ifadə azadlığı ilə əsaslandırıla bilməz, çünki azadlıq başqalarının dəyərlərinə təcavüz etməyə əsas vermir:

“Bu əslində öz dözümlülüyü ilə tolerantlığı ilə öyünən Avropa üçün qəbuledilməz bir davranışdır və mən hesab edirəm ki, bunun arxasında müəyyən dairələr dayanır, Avropada yenidən islamafobiya dalğasının gücləndirilməsinə xidmət edir. Bu həm də müəyyən dairələrin islam mədəniyyətinin yayılmasından keçirdiyi təlaş hissinin təzahürüdür. İslam ən mütərəqqi bir dindir, islam dini hətta büdbərəstlərin bütlərini belə təhqir etməyi qadağan edir, islam dini bütün səmavi kitablara sayqı ilə yanaşır, bütün dinlərin peyğəmbərlərini peyğəmbər olaraq qəbul edir və hər hansı bir insan digər səmavi kitabları təhqir edərsə, tutaq ki, Həzrəti İsa Əlehisalamın peyğəmbərliyini qəbul etməzsə, o heç müsəlman sayılmır. Təbii ki, istənilən mövzu tənqidə açıqdır, insanlar inancla bağlı suallar da verə bilər, islamla bağlı suallar da verə bilər, bu və ya digər məsələlər tənqid də oluna bilər, amma Qurani-Kərimin yandırılması, bu, artıq bir daha vurğulamaq istərdim ki, islam dinin rəmzlərinə qarşı, islam dinin atributlarına qarşı bir təhqirdir və bu dözülməz bir haldır”.

Hacı Şahin hesab edir ki, müsəlmanlar bu addımların qarşısında sivil etiraz formalarından istifadə etməlidirlər:

“Yaxşı olar ki, müsəlmanlar kilsələri ziyarət etsin, xristianların müqəddəs kitablarına öz sayğılarını ifadə etsinlər. Bu məsələdə ayıq-sayıq olmaq lazımdır ki, kimlərsə bu vəziyyətdən islama qarşı növbəti mənfi rəy formalaşdırmaq üçün fürsət qazanmasın. Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı münasibət bildirib, Azərbaycan bu baxımdan bütün dünyaya örnək ola bilər. Azərbaycanda heçbir dinin dəyərlərinə qarşı dözümsüzlük yoxdur, Azərbaycanda müxtəlif din təmsilçiləri dinc yanaşı yaşayırlar və öz dəyərlərini yaşadırlar və Azərbaycan əhalisinin müsəlman çoxluğu da bütün dinlərin dəyərlərinə qarşı hörmət və sayğı ifadə edir. Mən düşünürəm ki, bu mühit qorunmalıdır və dünyaya bir örnək kimi təqdim olunmalıdır və islama qarşı bu dözümsüzlüyün müqabilində yeganə çıxış yolu alternativ yollar göstərməkdir dinlər arası, məsələlər arası dialoq nümunələrini ortaya qoymaqdır”.