“Rasim Balayev, ardınca Çingiz Abdullayev, indi də növbə Flora Kərimovadadır. Sanki bir qrup adam bilərəkdən bu insanları hədəfə çıxarır. Xalqın gözündən salmaq üçün əllərindən gələni edirlər. İndi Flora Xanımı bilərəkdən, planlı şəkildə tənqidlərlə üz-üzə qoyublar. Flora xanım həmişə türkçülüyə, azərbaycançılığa bağlı biri olub”.
Bu sözləri Tribunainfo.az-a şair-publisist Faiq Balabəyli bildirib. Dəfələrlə Flora Kərimovadan müsahibələr alan, onunla həmsöhbət olan şair bildirib ki, yayılan səs yazısının ona aid olduğuna inanmır:
“Flora xanımla müsahibələrimiz zamanı o, musiqidən, yaradıcılıqdan çox türkçülük, Türkiyəyə bağlılığı, Türkiyənin Azərbaycan üçün etdikləri barədə danışıb. Bu müsahibə və söhbətlər 5 il əvvəl olub. Hələ heç Vətən Müharibəsi olmamışdı, torpaqlarımız işğal altında idi.
İndi hamının paylaşdığı o səsə mən də qulaq asmışam. Səs oxşardır. Ancaq mən Flora xanımı tanıyıram, onun azərbaycançılığa, türkçülüyə bağlılığını da bilirəm. İnana bilmirəm ki, bu onun səsidir.
Bu onun səsi də ola bilər, təbii ki. Vaxtilə Floxa xanım müxalifət düşərgəsində olub, ona qadağalar da olub. Ancaq indi belə deyil, vəziyyət də dəyişib və Flora xanımın indiki hakimiyyətlə bağlı dəfələrlə müsbət fikirlərinin, açıqlamalarının şahidi olmuşuq. Mən belə hesab edirəm ki, hansısa bir qüvvə bilərəkdən Flora Kərimovanı insanların gözündən salmaq üçün bu addımı atır. Həmçinin, onu tək xalqın, sevənlərinin deyil, hər kəsin, hakim dairələrin də gözündən salmaq üçün planlı şəkildə edir. Ona qarşı xalqda qəzəb yaratmaq istəyirlər.
İstənilən halda bu olduqca yanlış bir hərəkətdir. Flora xanım böyük sənətkardır. Onun dəyərini bilmək lazımdır. Ümumiyyətlə son günlər hədəfə alınan insanlar illərini bu xalqa həsr etmiş sənətkarlardır. Nə Rasim Balayev, nə Çingiz Abdullayev, nə də Flora Kərimova bu münasibətə layiq deyil”.