Ermənistanla indiki halda sülh mümkündürmü? – Təhlilbackend

Ermənistanla indiki halda sülh mümkündürmü? – Təhlil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında bir müddətdir davam edən sülh danışıqları artıq 9-cu raunda çatıb. İndiyə qədər tərəflər sülh sazişinin mətnini müəyyən etmək üçün elə qeyd olunan sayda təkliflər göndəriblər. Ermənistanın XİN başçısı Ararat Mirzoyan isə bəyan edib ki, Azərbaycanla bir ay müddətində sülh sazişi imzalamağa hazırdırlar.
Qeyd edək ki, indiki məqamda Bakı və İrəvan arasında sülh sazişinin imzalanması mümkün deyil. Bunun bir xeyli səbəbləri var və yazı içində onları sadalamağa çalışacam.
Məlumdur ki, II Qarabağ savaşına qədər Ermənistan təkcə sözdə və sənəddə deyil, həmçinin praktiki olaraq Azərbaycana ərazi iddiası edirdi. Qarabağ işğal olunmuşdu ki, bu praktiki olaraq torpaqlarımıza iddia idi. Lakin bundan başqa, Ermənistan Konstitusiyasında, habelə Konstitusiya Aktına dair bəyənnaməsində də açıq şəkildə Azərbaycan ərazisinə iddia edirdi. Bu hal bu gün də mövcuddur.
Bundan başqa, hal hazırda Azərbaycana məxsus torpaqların bir qismi faktiki olaraq Ermənistanın nəzarətindədir. Qazax istiqamətində 4 kəndin geri qaytaraılması ilə həmin ərazilərin sayı 11-dən 7-yə düşüb. Kərki və daha bir neçə kəndin bu gün də Ermənistanda olması və geri verilməməsi üçün İrəvanın heç bir addım atmaması növbəti əngəllərdən biridir.
Paralel olaraq, sərhədlərin müəyyən edilməməsi faktı da var. Hərçənd İrəvan bildirir ki, iyulun 1-nə kimi sərhədlərin müəyyən edilməsi prosesini başa çatdıracaqlar. Lakin necə və hansı şəkilədə, məlum deyil.
Bütün bunlar üzdə olan məsələlərdir və bir də dərinlikdə, gözlə görünməyəcək səviyyədə olan hissələri də var. Baş nazir Nikol Paşinyanın açıqlamaları, habelə Ermənistan tərəfinin davranışları fonunda aydın olan məsələlərdən biri də budur ki, o, hər nə qədər demokrat, tolerant və barışçı görünmək istəsə də, Ermənistan alt qatda Azərbaycana gələcək üçün problem yaratmaq üçün zəminlərdən əl çəkmir. Elə sərhədləri müəyyən etmədən, Konstitusiyada dəyişikliyə getmədən və yuxarıda sadaladığım digər məsələlər qalmaqla sülh sazişi imzalamaq istəyir. Bu isə bu gün üçün deyil, gələcək üçün “düşünülmüş” plandan başqa bir şey deyil.
Təsəvvür edin, Ermənistan Azərbaycanla sülh müqaviləsu imzalayır. Amma ölkənin ana qanununda Azərbaycana torpaq iddiası yerində qalır. Belə olan halda imzalanmış sənədin nə kimi əhəmiyyəti ola bilər? Bir tərəfdən sazişdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmilədirir, digər tərəfdən isə ana qanunda torpaq iddiasını saxlayırsan. Bu qeyri-səmimiliklər yanaşı, həm də gələcək üçün problemi saxlamaq deməkdir.
Həmçinin Nikol Paşinyan əbədi olaraq, Ermənistanın baş naziri qalmayacaq. Günün birində onu ya dəyişəcəklər, ya da özü gedəcək. Bəs, sonra? Onun yerinə kimin gələcəyi də məlum deyil. Üstəlik, Ermənistanda revanşistlərin sayı heç də az deyil. O zaman yeni hökumətin əsas qanunu əsas götürərək, Azərbaycanla ixtilafa getməyəcəyinə kim zəmanət verə bilər? Təbii ki, heç kim.
Elə ona görə də, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mükəmməl və gələcək üçün problem yaratmayacaq şəkildə imzalanması üçün yuxarıda sadaladığım məqamlar həllini tapmalıdır. Yəni, Ermənistan konstitusiyası dəyişməli, bəyannamədəki torpaq iddiaları çıxarılmalı, sərhədlər müəyyən olunmalı, anklav kəndlər qaytarılmalıdır. Bundan başqa, Ermənistan ən azı 100 il müddətinə Azərbaycanla bağlı öhdəlik götürməlidir ki, gələcəkdə analoji problemlər baş verməsin.

Fərda Uğur

Tribunainfo.az