“Erməni deputatlar məni konyakla satın almaq istəyirdilər ki, Qarabağı Azərbaycanın hesab etməyim”.
“Erməni deputatlar məni konyakla satın almaq istəyirdilər ki, Qarabağı Azərbaycanın hesab etməyim”.
TİA.AZ xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ukraynanın nümayəndə heyətinin rəhbəri, AŞPA-nın Mədəniyyət, Elm, Təhsil və KİV Komitəsinin sədri, “Avropada jurnalistlərə və söz azadlığına təhdidlər barədə” hesabatın müəllifi Vladimir Aryev “Facebook” səhifəsində yazıb.
Ukraynalı deputatın sözlərinə görə, iclas ərəfəsində erməni nümayəndə heyəti onu konyakla satın almaq istəyib:
“Erməni deputatlar Strasburqda arxamca konyakla qaçırdılar ki, mən Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayım. Əvvəlcə konyakla ələ almaq istəyirdilər, növbəti gün iclasda “dəlil” gətirdilər ki, nənəm azərbaycanlıdır. AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Bu, mübaliğəsiz bir jest idi!”.
Siyasətçinin sözlərinə görə, iclasda dinləmələrin sakit axınını Ermənistandan olan deputatlar pozublar.
Xatırladaq ki, AŞPA-nın qış sessiyasının günün ikinci yarısında keçirilmiş plenar iclasında Vladimir Aryevin hazırladığı “Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı hesabatı ətrafında müzakirələr aparılıb. Hesabatda Azərbaycanın Dağlıq Qarabağ ərazisinin separatçı qüvvələrin nəzarətində olduğundan, burada mətbuatın vəziyyətinin qiymətləndirilməsinin mümkünsüzlüyünə dair qeyd erməni nümayəndə heyətinin etirazlarına səbəb olub.