“ƏKSƏR İDMAN ZALLARINDA BELƏ HALLAR YAŞANIR…” – KƏMALƏ AĞAZADƏbackend

“ƏKSƏR İDMAN ZALLARINDA BELƏ HALLAR YAŞANIR…” – KƏMALƏ AĞAZADƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakıda kifayət qədər ödənişsiz formada fəaliyyət göstərən idman zalları var. Kim zəmanət verir ki, o zallarda belə hallar yaşanmır, azyaşlılara fiziki şiddət göstərilmir.

Bu sözləri Tribunainfo.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sumqayıtda 7 yaşlı uşağın idman zalında məşqçinin dövməsi nəticəsində ölməsi hadisəsindən danışarkən deyib. K.Ağazadə billdirib ki, o şəxsən özü də məşqçinin kobud rəftarının şahidi olduğu üçün nəvəsini idmandan uzaqlaşdırıb:

“Bu gün hər kəsin evində idmanla məşğul olan azyaşlılar var. Peşəkar formada olmasa da, bir çoxumuz sağlamlıq naminə uşaqlarımızı, xüsusilə oğlanları idmana qoyuruq. Siz o azyaşlılarla məşğul olan məşqçilərin balacalarla rəftarını görmüsünüzmü, şahidi olmusunuzmu heç? Mənim də nəvəm var və biz də onun inkişafı üçün idmana qoymuşduq. Mən orada da müəyyən halların şahidi oldum və oradan uzaqlaşdıq. Məşqçinin özünün peşəkarlığı kifayət etmir. O peşəkar idmançı ola bilər, bu hələ uşaqlarla işləmək üçün bəs etmir. Bu gün hansı məşqçilərə uşaqlarla, azyaşlılarla davranış, təlim qaydaları öyrədilir?
Valideynlər başa düşməlidir ki, bir uşağın idmançı olması üçün onun keçməli olduğu olduqca ağrılı, məşəqqətli yol var. Buna hər uşaq da dözmür. Məşqçilər də bunu hansı formada davam etdirməli olduğunu bilməlidir. Uşağa yanaşma fərqli olmalıdır. Uşaqlara şpaqat açmağı öyrədəndə onların necə ağladığını, necə acı çəkdiyini göstərən videolar görmüşəm. Axı hər uşaq buna dözmür. Bu bir başa sinir sisteminə, ürəyə təsir edir. Hansısa uşaq buna dözürsə, bu o demək deyil ki, bu normaldır”.

K.Ağazadə qeyd edib ki, bu hadisə olduqca dəhşətli faciədir:

“Ümid edirəm bu bir siqnal olar. İdman zallarını idarə edən məşqçilərlə iş aparılar. Hər idmançıya məşq zalı, uşaq əmanət etmək olmaz. Məşqçilərin bir çox əsəbi, gərgin, aqressiv olur. Təbii ki, bunu hamısına aid etmək olmaz. Ancaq bir çox idmançıda bu cür hal müşahidə etmişik. Bu cür şəxslərə idman zalları həvalə etmək yolverilməzdir. Təəssüf ki, belə bir hal yaşandı. Ancaq ümid edirəm ki, bu hadisə hərəkətə keçmək üçün bir siqnal olar”.