Efirləri bürüyən ucuz şoular – kimə lazımdır…backend

Efirləri bürüyən ucuz şoular – kimə lazımdır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən bir həftə ərzində tv-lərdəki qalmaqallar diqqət mərkəzində oldu. Öncə telejurnalist Elçin Əlibəylinin verilişində Maral Tahirqızına dediyi sözlər və ardınca yaranan mübahisə, ardınca isə teleaparıcı Rövşanə Ağasəfqızının verilişində baş verən qalmaqal milli efirdə öz izini qoydu. Sonuncuda özünü ekstrasens kimi təqdim edən Bayram Nurlu və digər ekspertlər arasında söz davası yaşanması və məsələnin isterika həddinə çatması ilə nəticələndi.
Kulturoloq Aydınxan Əbilovun fırıldaqçı ekspertlər barədə söhbət açmasından sonra özündən çıxan Bayram “sizsiniz fırıldaqçı”-deyərək ekspertlə davaya başladı. Bayram həmçinin bildirdi ki, o, şərəf və ləyaqətini 100 min manata sığortaladıb. “Məni başqa falçılarla səhv salma. Bir zənglə səni bu kameraların önündən götürdərəm” sözləri ilə o, A.Əbilovu təhdid etdi.
Kulturoloq da ekstrasensə “Mən sənin üçün uşaq olmamışam, ay gədə”- deyərək cavab verdi. Aparıcının efirdəki qonaqları sakitləşdirmək cəhdlərinə baxmayaraq B.Nurlu verilişin texniki heyətinə “telefonumu verin, polisə zəng edəcəyəm” – deyə, səsini yüksəltdi. Bayram “gədə” sözünə görə Əbilovu məhkəməyə verəcəyini bildirdi.
Təbii ki, bütün bunların hamısı verilişə reytinq gətirdi, səs-küy yaratdı. Amma eyni zamanda “hara gedir bu milli efir” tipli müzakirələri də özü ilə paralel gətirdi. “Yeni Müsavat” xəbər verir ki, son illərdə milli kanallarda qalmaqal sarıdan “qıtlıq” yaşanmayıb. Əksinə, söz atışmaları, davalar zaman-zaman efirdə özünə yer tapıb.
“Yeni Müsavat” onlardan bəzilərini yada salır.
2014-cü ilin aprelində “Düz üzünə” verilişinin növbəti qonağı olan əməkdar artist Şəbnəm Tapdıq bir rəfiqəsinin onun haqda süjetdə səsləndirdiyi faktlara olduqca sərt reaksiya verib. Xanım Şəbnəm Tapdığın gənclik illəri ilə bağlı gizli sirrini üzə çıxarıb. Deyib ki, bu, Şəbnəm xanımın gizli saxladığı 90-cı illərdəki Türkiyə səfəri və onun orada bir neçə əməliyyat keçirməsi ilə bağlı olub. Süjetdə səsləndirilən fikirlər Şəbnəm xanımın aqressivləşməsinə səbəb olub. Süjetdən dərhal sonra jurnalist Alim Nəbioğlunun Şəbnəm xanıma verdiyi sual isə müğənnini lap özündən çıxarıb. Əsəbiləşən xanım jurnalistə stolun üzərindəki əşyaları ataraq, onu hədələyib və nalayiq söyüşlərlə təhqir edib.

2014-cü ilin aprelin 7-də ANS-in efirində aktrisa Fidan Axundovanı pərt ediblər. “Bazar səhəri Rövşanə ilə” verilişində qonaq olarkən Rövşanə aktrisaya gələn SMS-i oxuyub: “Xanımlıqdan danışır, amma utanmır, ayağını ayağının üstünə aşırıb”.
Mesajdan özünü itirən aktrisa əsəblərini cilovlaya bilməyib: “Mən uzun əlbisə geyinmişəm və buna görə ayağımı ayağımın üstünə aşırmışam. Belə də ki, lap əcəb eləmişəm”.
“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində də bir müddət bundan öncə ekstrasenslə jurnalist arasında fikir ayrılığı olub və bu efirdə davaya gətirib çıxarıb. Yazının girişində haqqında danışdığımız Bayram adlı ekstrasens iddia edib ki, o, bir çox adamları həkimə getmədən müalicə edib. Hətta tamaşaçılardan biri ekstrasensin müalicəsindən sonra sağaldığını deyib.
Lakin verilişdə qonaq qismində iştirak edən jurnalistlərdən biri ekstrasensi sərt tənqid edib. Onun ekstrasensə “savadsız” və “kişi ördəyi” deməsi Bayramı özündən çıxarıb. Ekstrasens efiri tərk edib, lakin verilişin aparıcısı Elçin Əlibəylinin xahişi ilə geri dönüb.

ATV-də yayımlanan “Azərbaycanın səsi” verilişində xoşagəlməz hal yaşanıb. Aparıcı Günay Firudinqızının yarışmada münsif kürsüsündə əyləşən əməkdar artist Elza Seyidcahanı “Elza” deyə təqdim etməsi qarşı tərəfi özündən çıxarıb. E.Seyidcahan səhnəyə gələrək etirazını bildirib və ona “əməkdar artist” deyilməsini tələb edib: “Sən Günay xanımsansa, mən də Elza Seyidcahan – əməkdar artistəm. Mənə bu adı dövlət verib. Məni o cür təqdim edin. ”Elza” deyəndə məni qaldırıb, özünü salırsan. Siz bizə ad-soyadla müraciət etməyin”.
E.Seyidcahana “Qəribədir, siz hər dəfə yarışma başlayanda belə edirsiniz. 14-15 ildir bu sahədəyəm, təcrübəm var. Bu vaxta qədər hər zaman verilişlərimdə sizə ”Elza” və “Elza Seyidcahan” deyə müraciət etmişəm. Etiraz bildirməmisiniz. İndi bunu şou xatirinə edirsiniz. Sizin bu hərəkətinizi mənfi qiymətləndirirəm” deyən Günay müğənninin mikrofonunun söndürülməsini tələb edib.
Prodüser Tolik və aparıcı Cavid Gül arasında canlı yayımda qalmaqal yaşanıb. Prodüser “Kimdir nömrə 1?”in aparıcısı Cavid Gülün ünvanına xoşagəlməz sözlər söyləyib. O, aparıcını maraqsız insan adlandıraraq, onu tamaşaçıların tanımadıqlarını iddia edib: “İnsanlar məni tanıyırlar, amma səni yox. Baxmayaraq ki, özünü Murad Boza, Tarkana oxşatmaq istəyirsən… Bu ölkədə bəzi aparıcıları və müğənniləri tanımaqdansa, məni tanısınlar. Xalqın gözü tərəzidir.”Tolik” desən hamı biləcək prodüserəm. 20 illik xalq artisti Brilliant Dadaşova səni tanımırsa, nə deyim?”…

C.Gül “Brilliant Dadaşova məni tanımaya bilər. Burada nə var ki? Mən efirdən, həqiqətən də gedirəm”, – deyərək canlı yayımı tərk edib. “Cavid Gül burada kapriz göstərəcəksə, heç nə alınmaz. Mən getdim”, – deyən Tolik də studiyadan gedib. Studiyada tək qalan aparıcı Afaq Gəncəli bunu özünə qarşı hörmətsizlik adlandırıb. Daha sonra Tolik və C.Gül efirə qayıdıblar.
Daha çox qadın tanınmışlar efiri dava meydanına çevirir – niyə?
Əməkdar artist Mehriban Xanlarovanın meyxanaçı Namiq Qaraçuxurlunu hədələməsi də milli efirdə baş verən olaylardan biridir. “Ümid var” proqramında qonaq olan aktrisa aparıcı Zaur Baxşəliyev tərəfindən gözlənilməz addımla qarşılaşıb. Proqramın yaradıcı heyəti N. Qaraçuxurlu ilə telefon əlaqəsi yaradaraq baş verən insidentə münasibət öyrəniblər. Meyxanaçı aktrisa tərəfindən hədələndiyini təsdiqləyib.

Amma döyülməsi barədə yayılan xəbəri inkar edib. Efirdə gedən telefon söhbətindən sonra Mehriban Xanlarova pis vəziyyətə düşərək Baxşəliyevə irad bildirib. Mövzunun efirə çıxarılmasından narazı qalan aktrisa studiyanı tərk edib. Getməzdən əvvəl isə Zaura tamaşaçıların şahidliyi ilə Qaraçuxurlu üçün “Onu ondan da pis günə qoyduracam. Bunun cinayət olduğunu bilirəm, cəzamı da çəkməyə hazıram”-deyə Namiqi bir daha hədələyib.
Xalq artisti Brilliant Dadaşovanın bacısı müğənni Lalə Dadaşova və meyxanaçı Samirə arasındakı qalmaqal da canlı yayımda baş verib. İki sənətçi “Ümid var”da görüntülənib.
Qalmaqala səbəb Samirə xanımın Lalə Dadaşovanın əri Elçinin ondan yaşca kiçik olması barədə açıq-açığa danışması olub. Bu sözdən qəzəblənən müğənni meyxanaçı barədə bu sözləri səsləndirib: “O əxlaqsız qadına deyin mənim adımdan danışmasın. O adam mənim tayım deyil. Düzdü, birlikdə işləmişik. Amma mən biləndə o əxlaqsızdı, ondan ayrıldım. Mən onun kimi 20 yaşlı oğlanlarla gəzməmişəm. Düzdü, həyat yoldaşım məndən yaşda balaca olub, ancaq oğlum yaşda biri deyildi… Elçin məgər mənim oğlum yaşdadır? O, necə söyüşlər söyür, necə əxlaqsızdır, siz bilmirsiniz. Mənim onun kimi aşnalarım yoxdu”.
Bu sözləri eşidib şoka düşən meyxanaçı açıqlamasında qeyd edib:
“Əxlaqsız onun özüdür. Yəqin öz adını deyib. Mənim adım Samirədir, əxlaqsız yox… Lalə mənim anam yaşındadır. 61 Lalənin yaşıdı, 65 yaş isə mənim anamın… Ayıb olsun ona. O, dediyi sözləri sübuta yetirsin. Mən tərbiyəli ailədən çıxmışam. O haradan çıxıb, deyə bilmərəm. Mənim 6-7 banka borcum var. Aşnalarım olsaydı, banklara borclu olmazdım. 1997-ci ildə ərim ölüb, vəssalam. 2 yetim böyüdürəm. Mənim çoxsaylı aşnalarım yoxdu”.
Bir neçə il bundan öncə Maral Tahirqızı da çox canlı yayımlarda dava-dalaşa səbəb olub. Yəni bu günlərdə Elçin Əlibəylinin verilişində baş verənlər daha öncə də yaşanıb. Həmkarları ilə “Günaydın” verilişinin qonağı olan Maralla birgə studiyaya gələnlərdən biri də müğənni Əli Mirəliyev olub. Tənqidlərindən geri qalmayan müğənni Maral Tahirqızının oxumağına dözə bilməyib, canlı yayımda başına-başına döyməyə başlayıb.