Dövlət büdcəsinə dəyişiklik ediləcəkbackend

Dövlət büdcəsinə dəyişiklik ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ay “2022-ci il dövlət büdcəsi haqqında” qanuna yenidən baxılacaq.

TİA.AZ xəbər verir ki, bunu  açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

“Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dollarını keçib. Əlavə vəsaitlər var. Odur ki, büdcəyə yenidən baxılması zərurəti yaranıb”, – deyə o, qeyd edib.

V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir: “Bu işləri daha da sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac ola bilər. Prezident İlham Əliyev həmin işləri diqqət mərkəzində saxlayır, həmin ərazilərə tez-tez səfər edir. Nazirlərin də əksəriyyəti həmin ərazilərdə iş başındadır”.

“Bundan başqa, büdcəyə dəyişikliklər zamanı sosial sahəyə də əlavə vəsaitin ayrılması nəzərdə tutula bilər”, – deyə deputat əlavə edib.

Xatırladaq ki, bu il büdcə gəlirləri 25 427 milyon manat, büdcə xərcləri isə 28 543 milyon manatdır. Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.

Son nəticədə büdcədə 3 063 milyon manat kəsir yaranması gözlənilir ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.

Büdcə gəlirlərinin 25 868,4 milyon manatı mərkəzləşdirilmiş, 947,6 milyon manatı isə yerli gəlirlər, büdcə xərclərinin isə 28 894 milyon manatı mərkəzləşdirilmiş, 985 milyon manatı isə yerli xərclərdir.