Deputatın partiyası da özünü buraxdı – VBP-nin son BƏYANATIbackend

Deputatın partiyası da özünü buraxdı – VBP-nin son BƏYANATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. Vətəndaş Birliyi Partiyası (VBP) fəaliyyətini dayandırmaqla bağlı bəyanat yayıb. 

Həmin bəyanatı olduğu kimi təqdim edirik:

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə aparılan demokratik islahatların və plüralizmin təşviqinin nəticəsi olaraq yaranan Vətəndaş Birliyi Partiyası (VBP) öz fəaliyyəti dövründə daim dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilmişdir. Demokratik ruhlu vətəndaşlarımızın ölkəmizin sosial rifahı, işğal altında olan torpaqlarımızın azadlığı, xalqımızın firavanlığı uğrunda siyasi mübarizəyə qoşulmaq niyyətilə yaratdığı Vətəndaş Birliyi Partiyası öz məram və məqsədlərinə uyğun siyasi yol keçmişdir.

2000-ci ildə təsis edilən və 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınan Vətəndaş Birliyi Partiyası öz üzvlərinin fikir birliyinə arxalanaraq ölkəmizdə həyata keçirilən dövlət siyasətinin vətəndaşlarımız üçün daha effektiv olması, ölkəmizin təhlükəsizliyinin davamlı təmin olunması istiqamətində daim dövlətə dəstəyini nümayiş etdirmişdir.

Partiyamızın üzvləri Azərbaycan vətəndaşının qanı və canı bahasına öz müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının çətin tarixi şəraitdən şərəflə keçərək bugünkü öz güclü zamanına gəlib çatmasına şahidlik etmişdir. Ulu Öndər Heydər Əliyevdən sonra onun siyasi irsini böyük ləyaqətlə və şərəflə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü çoxşaxəli siyasət Azərbaycanı dünya dövlətlərinin diqqət mərkəzində olan əməkdaşlıq məkanına çevirmişdir. İqtisadiyyatımızın yüksək inkişafı, ordumuzun dünya orduları ilə bir sıraya yüksəlməsi, əhalinin rifah halının gündən-günə yaxşılaşması, əhali arasında aparılan ideoloji maarifləndirmə işinin effektivliyi Azərbaycanı qalib dövlətə çevirmişdir. 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin həm dövlət xadimi, həm də hərbi sərkərdə kimi tarix səhnəsində oynadığı böyük rolun göstəricisi olmuşdur. Vətən torpaqlarımızın uzun müddət sonra işğaldan azad olması, Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtına çevrilməsi, işğaldan qurtulan vətən torpaqlarımızın bərpası, vətəndaşlarımızın öz doğma ocağına geri qayıtması kimi möhtəşəm işlər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və xalqımızın Prezidentimizin ətrafında sıx birləşməsi nəticəsində mümkün olmuşdur.

Biz Vətəndaş Birliyi Partiyası olaraq bu məqamların hər birini görür və üzvlərimiz arasında dövlətimizin qazandığı tarixi uğurları davamlı olaraq müzakirə edirik. Partiya üzvlərimizin yekdil fikri ondan ibarətdir ki, bu gün Azərbaycan xalqının dövlətçilik təfəkkürü möhkəmlənmiş, xalqımızın milli birliyi təmin olunmuş, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı mütərəqqi işlər görülmüşdür. Prezident İlham Əliyev tərəfindən aparılan islahatların nəticəsində plüralizm inkişaf etmiş, mütərəqqi siyasi qüvvələr arasında dialoq başlanmışdır. Belə bir məqamda hesab edirik ki, müasir Azərbaycanda vahid dövlətçilik ideologiyası ətrafında birləşmək və dövlətçiliyin qorunması üçün çalışmaq ayrı-ayrı partiyalar şəklində fəaliyyət göstərməkdən daha əhəmiyyətlidir.

Bu mənada Partiyamızın üzvləri Vətəndaş Birliyi Partiyasının fəaliyyətinə son qoyulması ilə bağlı qərara gəlmişdir. Biz bu qərarın Partiyamızın sonuncu Qurultayında verildiyini ictimaiyyətə açıq şəkildə bəyan edirik. Partiyamız ətrafında birləşmiş vətənpərvər üzvlərimizə bundan sonrakı işlərində uğurlar arzulayırıq”.