Son həftələr bitcoin və qızıl qiymətləri tarixi maksimumlardadır, ciddi bir ajiotaj var, bu gedişatın 4 səbəbi ola bilər. Birinci səbəb o ola bilər ki, dünyada çox böyük iqtisadi böhran gəlir, ona görə də yatırımçılar qızıla və coinlərə yönələrək vəsaitlərini qorumağa çalışırlar.Tribunainfo.az yazır ki, bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə ikinci səbəb isə odur ki, pandemiyanın cinayətkarcasına idarə edilməsi zamanı dünya iqtisadiyyatına 18 trilyon dollar pul səpildi, hər yerdə inflyasiya artdı, sadə insanlar kasıblaşdı, amma varlılar daha da varlandı – indi həmin vəsaitin bir hissəsi “sterilizasiya” olunmalı, yəni “buxarlanmalıdır”:
“Bunun ən asan yollarından biri coinlərdə vəsaitin “yandırılmasıdır” ki, çox güman, indi həmin əməliyyata şahidlik edirik.
Üçüncü səbəb odur ki, FED və digər Mərkəzi Banklar bu il faiz endirimlərinə gedəcəklər, investorlar düşünür ki, bazarda yenə ucuz pullar artacaq, bu isə yatırım alətlərinin qiymətini yüksəldəcək – buna görə də, öncədən bu alətlərə yönələrək sonradan qazanmaq istəyirlər.
Dördüncü versiya isə ondan ibarətdir ki, Bitcionin “mining” (istehsal deyək) sayı məhduddur, indi sona gəlinir, say bitməyə doğru gedir, yeri gəlmişkən, bitcoinin yeganə məntiqi “aktivi” sayının məhdud olması məsələsidir. Amma düşünürəm ki, bu yatırımçılar üçün tələdir, çünki artıq proses başlayıb, 1 bitcoini, obrazlı desək, min yerə böyüb də satmaq olar, indi də eyni proses olacaq, birjalarda bitcoini “stock split” edib kiçik hissələrlə satacaqlar”.
N.Cəfərli bildirib ki,qızılın qiymətinin kəskin bahalaşması ciddi məsələdir, tarixən qızıl iqtisadi təlatümlərdən öncə və ya böhranlar zamanı “güvənli liman” rolunu oynayır:
“İndi qızılın qiymətinin kəskin artması böyük böhranın qapıda olması deməkdir”.