Pekin Kimya Texnologiyaları Universiteti tərəfindən aparılan araşdırmalar çərçivəsində Çinin Covid-19-a bənzər ölümcül virusla laboratoriya təcrübələri apardığı müəyyən edilib. İddialara görə, virus 2017-ci ildə, Covid epidemiyasından əvvəl aşkar edilib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Çin alimləri siçanlarda 100 faiz öldürmə qabiliyyətinə malik ölümcül virus üzərində təcrübə aparırlar.
Çin alimlərinin apardığı araşdırmada ölümcül virusa “GX_P2V” adı verilib. Virus laboratoriyada genetik olaraq insanlara bənzəyən siçanların beyinlərini hədəf alıb.
Tədqiqatçılar siçanların infeksiyadan sonra beş gün ərzində əhəmiyyətli dərəcədə çəki itirdiyini, letargiyaya çevrildiyini və gözlərinin ağardığını müşahidə ediblər.
Siçanlar yoluxduqdan cəmi səkkiz gün sonra öldü. Alimlər virusun siçanları bu qədər tez öldürməsinə təəccübləndiklərini bildiriblər.
Alimlər ölü siçanların cəsədlərini təhlil etdikdən sonra virusun ağciyərlərə, sümüklərə, gözlərə, nəfəs borusu və beyinə keçdiyini müəyyən ediblər. Virusun yaratdığı beyin infeksiyası heyvanları öldürəcək qədər ağır idi.
Pekin Kimya Texnologiyaları Universitetinin apardığı araşdırmaya görə, virus “Sars-CoV-2”-yə bənzəyirdi və artıq 2017-ci ildə Covid epidemiyasından əvvəl aşkar edilmişdi.