Cəzasız qalacağına inanaraq şişən kriminal lider – “Şişkan” “qırmızı zona”ya getsə…backend

Cəzasız qalacağına inanaraq şişən kriminal lider – “Şişkan” “qırmızı zona”ya getsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, bu günlərdə Moskvada hərbi məhkəmə müasir Rusiya tarixinin ən səs-küylü cinayət işlərindən birinə son qoyub: “Şişkan” kimi tanınan kriminal lider Oleq Medvedyev və onun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvlərinə hökm oxunub, “Şişkan” özü ömürlük həbs cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs 17 ortağı ilə birlikdə Moskva vilayətinin deputatı Tatyana Sidorova və ailəsinin qətliamında, banditizmdə, qəsbkarlıqda, qanunsuz silah alverində və bir sıra digər cinayətlərdə təqsirli bilinib.

Oleq Medvedyevin “Şişkan” kimi tanınmasının səbəbi odur ki, onun əvvəlki soyadı Şişkanov olub və o, sonradan Medvedyevə çevrilib.

***

owl_pic_620_06469fef89bb7c6ae462eb6d749f6111.jpg (52 KB)

Oleq Şişkanov 1964-cü il iyulun 19-da Moskva yaxınlığındakı Ramenskoye rayonunda sadə ailədə anadan olub.

Hələ məktəbli ikən o, “Çort” (“İblis”) ləqəbli Ramenski avtoriteti Vitali Çertovun təsiri altına düşüb və ondan “cinayət dərsləri” alıb.

Azyaşlı Şişkanov yerli sakinə qarşı amansız divantutmada şübhəli bilinən “Çort”la birlikdə saxlanılıb. Cinayətin əsas suçlusu Çertov olsa da, Şişkanov yoldaşlarını edamdan xilas etmək üçün təqsiri öz üzərinə götürüb. O, məhkəmədə təkbaşına hərəkət etdiyini deyib və ittiham xəttini puça çıxarıb. Nəticədə Şişkanov 10 il, ortaqları isə 4,5 və 5,5 il həbs cəzası alıblar.

Şişkanovun gələcək həyatını bu hadisə müəyyənləşdirib. Yeniyetmə caninin adı çıxıb, şöhrəti artıb. Heç kimi satmaması, ağır cəzadan qorxmaması, özünü böyük yoldaşlarının yolunda fəda erməsi onda liderlik xüsusiyyətlərinin olduğuna dəlalət edib və bu, yaşlı canilər tərəfindən yüksək qiymətləndirilib.

Şişkanov cəzasını çəkmək üçün Mordoviyaya göndərilib. Həbsxanada ona yaxşı baxıblar, nüfuzlu himayədarlarla təmin edilib, həbsinin ilk illərində nəzarətçi təyin olunub. Burada “Şişkan”a çevrilən gənc cani faydalı əlaqələr qurub, sonra onu məşhur Vladimir həbsxanasına köçürüblər.

sakrom.jpg (38 KB)

“Şişkan” bu həbsxanada Rusiya cinayət dünyasının gələcək lideri, məhkum “qanuni oğru” Zaxari Kalaşovla (“Şakro Molodoy”) dostlaşıb.

Daha sonra cəza çəkdiyi başqa həbsxanalarda da “Şişkan” türmənin liderlərindən olub, oğru ideyalarına sadiq qalıb, oğruların həyatının əsaslarını öyrənib və onun məcəlləsinə əməl edib, tez-tez nəzarətçilərə etiraz bildirib. Bu, onun koloniya rəhbərliyi ilə münasibətlərini pisləşdirib, lakin həbsxana mühitində nüfuzunu artırıb.

1991-ci ilin noyabrında azadlığa buraxılan 27 yaşlı Şişkanov doğma Ramenskoyeyə qayıtdıqda yerli kriminal avtoritetlər onu yaxşı qarşılayıblar. Ona tezliklə “oğru” titulu verilib.

“Şişkan”ın taclandırılmasının təşəbbüskarı bütün postsovet məkanının ən nüfuzlu kriminal liderlərindən biri olan Vyaçeslav İvankov (“Yaponçik”) olub. İvankov təkcə Şişkanovun hərəkətlərini deyil, həm də onun slavyan mənşəyini yüksək qiymətləndirib: o, Qafqazdan olan “oğru”larla tarazlıq yaratmaq üçün slavyan “oğru”lardan ibarət klanı onunla gücləndirmək istəyib.

Titul aldıqdan sonra Şişkanov Oleq Mordovski və ya Oleq Ramenski kimi yox, əvvəlki kimi “Şişkan” adlanıb. Beləliklə, o, 1990-cı illərdə Moskva vilayətində ən gənc taclı slavyan avtoritet olub.

detail_46679efa484af204a1f7494b7798339b.jpg (88 KB)

Tezliklə “oğrular dünyası” Şişkanova Lyuberets mütəşəkkil cinayətkar qrupuna nəzarət etməyi tapşırıb, lakin bu, onun üçün kifayət etməyib – gənc “oğru” kiçik, lakin iddialı və qəddar Ramenski qrupunu da nəzarət altına almağa başlayıb. Burada ona “Çort” mane olub. Çünki o, özünü “Şişkan”ın müəllimi sayır, ondan hörmət gözləyir və öz nüfuz dairəsini onunla bölüşmək fikrində deyildi.

Ancaq “Çort” izsiz-tozsuz yox olub və Ramenski Şişkanova qalıb. O, Lyuberets və Ramenski mütəşəkkil cinayətkar qruplarını barışdırib.

Şişkanın dəstəsində sərt nizam-intizam hökm sürüb. O, etirazlara dözmür, qəzəblənəndə adamlarını döyürmüş.

İllər keçdikcə Şişkanov xeyli sərvət toplayıb. Onun birləşmiş mütəşəkkil cinayətkar qrupları səmərəli fəaliyyət göstərib, müntəzəm olaraq ümumi fondu böyük məbləğlərlə doldurub və “Şişkan” Moskva yaxınlığındakı bütün yeni müəssisələri nəzarətə götürüb.

“Şişkan”ın uğurunun açarı ötən əsrin 90-cı illərində əksər “oğru”lar tərəfindən xor görülən ticarətlə ciddi məşğul olmasındadır. O, “yeni nəsl oğrular” kastasına mənsub olduğundan pul qazanmağın daha qanuni yollarına girişib.

1990-cı illərin ortalarında “Şişkan” artıq xeyli şişib, öz bandasının daxilindən biri “oğru” titulu alaraq ona tabe olmaqdan imtina edəndə, o, həmin şəxsi – Stanislav Xurtsilavanı edam etdirib. Qatillər onu Malaxovka kəndində güllələyiblər.

malikov və siskan.jpg (49 KB)

 Bir-birinə oxşayan “Şişkan” və müğənni Dima Malikov

1999-cu ilin payızında bir vaxtların istedadlı alimi, mühəndis-fizik Vitali Fadeyev “Şişkan”a qarşı sui-qəsd sifarişi alıb. Fadeyev əldəqayırma partlayıcı qurğu hazırlamalı, sonra “oğrubaşı”nın “Mercedes-500” markalı avtomobilinin altına yerləşdirməli idi. Lakin Fadeyev bombanı maşına bağlayan zaman əlində partlayıb. Fadeyev həlak olub, “Şişkan” aradan çıxıb. Həmin il əməliyyatçılar onun Pervomayska kəndindəki malikanəsinə basqın ediblər və 1,2 milyon dollar və üç milyon rubl, eləcə də saxta sənədlər, silahlar, möhürlər, polis geyimləri və s. aşkarlayıblar.

Qəribədir ki, bütün bu sübutlardan sonra da “Şişkan” barəsində cinayət işi başlanmayıb. O özü hər ehtimala qarşı, xaricə gedib və bir neçə il qürbət həyatı yaşayıb. “Şişkan” yenidən Rusiyaya Yaponçikin dəfn mərasimində iştirak etmək üçün yalnız 2004-cü ildə qayıdıb.

2010-cu illərin sonlarından Oleq Şişkanov üzə çıxmağa, şou-biznes ulduzları, cəmiyyətin hörmətli insanları ilə oturub-durmağa başlayıb, klassik “qanuni oğru” davranışlarından imtina edib, bir növ, burjuylaşıb.

sidorva.jpg (32 KB)

Tatyana Sidorova ilə onun qovğası damazlıq təsərrüfatı üstündə olub. Sidorova sovxozu özəlləşdirib və qapalı səhmdar cəmiyyəti yaradıb. Təsərrüfatın 200-ə yaxın aldadılmış payçısı məhkəməyə müraciət etsə də, heç nəyə nail ola bilməyib. O zaman “Şişkan” Sidorovanı müdafiə edib və problem həll olunub.

Ancaq bu müdafiənin qiyməti yüksək olub və o, sonradan damazlıq təsərrüfatının torpaqlarında tikinti aparmaq istəyərkən Sidorova razılaşmayıb. “Şişkan” problemi oğru dünyasının klassik metodu ilə həll etmək qərarına gəlib. Sidorvanın ailəsini qətlə yetirdikdən sonra meyitlərini başqa yerdə basdırıblar.

Ramenskinin yarısı cinayəti kimin törətdiyini bilsə də, “Şişkan” nədənsə hüquq-mühafizə orqanlarının nəzərindən kənarda qalıb.

2018-ci ildə “Şişkan”ın adı yenidən dilə-diə düşüb. Bu dəfə onu “oğrular dünyası”nın yeni kralı elan ediblər. Avqustun 19-da Lujniki ərazisindəki elit restoranların birində “qanuni oğru”ların böyük toplantısı keçirilib və “Şişkan” yeni “baş oğru” seçilib. Buna qədər bu post “Şakro Molodoy”a məxsus olub.
O vaxtdan bəri belə bir qənaət vardı ki, indi rus oğrularının ümumi fonduna nəzarət edən və klanlar arasında yaranan bütün mübahisəli məsələləri həll edən adam “Şişkan”dır.

Putin “oğru dünyası”na müharibə elan edəndən sonra çevik polislər 2019-cu il iyulun 15-nə keçən gecə “Şişkan”ın da malikanəsinə basqın ediblər. Bu ərəfədə o, 55 illik yubileyini geniş miqyasda qeyd etməyə hazırlaşırmış və məclisinə şou-biznes və idman ulduzları, siyasətçilər, “qanuni oğrular” da daxil olmaqla, 300-ə yaxın insan dəvət edibmiş.

tatyana-tor.jpg (75 KB)

O, kriminal aləmdə iştirakını hər cür təkzib etsə də, məhkəmə onu istintaq təcridxanasına göndərib. Daha sonra “Şişkan” deputat Sidorovanın və onun ailə üzvlərinin cəsədlərinin dəfn olunduğu yeri göstərib. Cəsədlər böyük torpaq qatı altında olduğu üçün göstərilən yerdə 12 gün iş gedib, 2 min kvadratmetrdən çox əraziyə baxış keçirilib, nəhayət, cəsədlər təxminən dörd metr dərinlikdə tapılıb.

Beləliklə, bir zamanlar özünü Rusiyanın oğru aləminin kralı sayan və cəzasız qalacağına inanan “Şişkan” indi ömürlük məhbusdur. Onun dövlətin cinayət qanunvericiliyinin müddəalarını pozması ilə yanaşı, “oğru qayda-qanunları”nı da pozduğu iddia olunur.

an-zal.jpg (34 KB)

İndi əsas məsələ “Şişkan”ın hansı rəngli cəzaçəkmə müəsisəninə yerləşdiriləcəyidir. Əgər “qara zona”ya göndərsələr, o, yenə “kral” kimi yaşayacaq. Ancaq son vaxtlar belələrini bir qayda olaraq “qırmızı zona”ya göndərirlər və orada onları mütləq “sındırır”, adi cinayətkara çevirir, doğulduğuna peşman edirlər.

Araz Altaylı