Britaniya Skripalı “Rusiya qəhrəmanı”nın zəhərlədiyini iddia edirbackend

Britaniya Skripalı “Rusiya qəhrəmanı”nın zəhərlədiyini iddia edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə və Rusiya arasında casus qalmaqalı böyüyür, almanlar rusların Skripalı niyə öldürmək istədiklərindən yazıblar

Rusiya və Britaniya arasında “Skripal işi” adlı casus qalmaqalı böyüyür. BBC xəbər verir ki, bir qədər əvvəl “Bellingcat” tədqiqatçı qrupunun Sergey Skripal və qızını zəhərləyən agentlərdən birinin əsl adının polkovnik Anatoli Çepiqa olduğunu müəyyən edib. BBC əməkdaşları isə Moskvadan təxminən 8000 km şərqdə, Çin sərhədinə yaxın yerləşən Beryozovka kəndinə baş çəkib.

İddialara görə, həmin kənddə Anatoli Çepiqa böyüyüb, boya-başa çatıb. Kənddə yaşayan, ancaq adının açıqlanmasını istəməyən qadın “Bellingcat” qrupunun aşkar edib yaydığı şəkildə gənc yaşlarında olan Anatolini tanıyıb. Həmin qadın sonra Britaniya polisinin dərc etdiyi fotoda əks olunan “Ruslan Boşirovun” da polkovnik Çepiqa olduğunu təsdiqləyib. Qadın deyib ki, Çepiqa ailəsi hazırda o kənddə yaşamır. Eyni zamanda o, Çepiqanın hərbçi – zabit olduğunu, müharibə zonalarında döyüşdüyünü və sonra Moskvada yaşadığını deyib. Çepiqa “Rusiya Qəhrəmanı”dır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ruslan Boşirov mülki şəxsdir. Sitat: “Bildiyimə görə, bu, qeyri-rəsmi araşdırmadır. Biz onun nə dərəcədə həqiqətə uyğun olduğunu bilmirik”.

Boşirovun (Anatoli Çepiqa) “Rusiya Qəhrəmanı” olub-olmadığına gəldikdə isə D. Peskov bu barədə məlumatsız olduğunu bildirib: “Çox adam bir-birinə oxşaya bilər. Lakin araşdırmada qeyd olunan vətəndaşın kim olduğunu bilmirəm”.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliya 2018-ci il martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniyanın baş naziri Tereza Mey martın 12-də verdiyi açıqlamada Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın boynuna qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib.

Skripal ile ilgili görsel sonucu

Martın 14-də Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar qəbul edib, həmçinin Rusiya ilə rəsmi səviyyədə təmasları dayandırıb və Britaniyada fəaliyyət göstərən 23 Rusiya kəşfiyyatçısını ölkədən çıxarıb. Ruslar da buna cavab olaraq Britaniya diplomatik korpusu çətiri altında fəaliyyət göstərən kəşfiyyatçıları ölkədən çıxarıblar.

Qeyd edək ki, Sergey Skripal 2006-cı ildə dövlətə xəyanət ittihamı ilə mühakimə olunaraq 13 il həbsə məhkum edilib. 2010-cu ildə onu və daha bir neçə casusu Rusiya kəşfiyyatının ABŞ-da ifşa edilmiş bir qrup agenti, o cümlədən Anna Çapmanla mübadilə ediblər. Həbsxanadan buraxılan QRU polkovniki Böyük Britaniyadan sığınacaq alıb.

Ötən ay isə Britaniya polisi Sergey Skripal və qızını zəhərləyən iki rus agentini ifşa etdiyini elan edib. Hər iki agentin bu ilin martında Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripalı və qızını “Noviçok” məxfi əsəb-iflic qazı ilə zəhərlədikləri güman edilir.

 

BBC-nin yaydığı xəbərdə deyilir ki, pasport ad-soyadlarının Aleksandr Petrov və Ruslan Boşirov qeyd olunan iki şəxs hadisədən qısa müddət əvvəl Londona gəlib, daha sonra isə Skripalın evi yaxınlığında görüntüləniblər. Polis həmin şəxslərin zəhərli qazı Skripalın evinin giriş qapısının dəstəyinə sürtdüyünü güman edir. Daha sonra hər iki şəxs Londondan Moskvaya geri dönüb.

Aleksandr Petrov Scripal ile ilgili görsel sonucu

Aleksandr Petrov                                                                                               Ruslan Boşirov

Bundan sonra isə Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib ki, Aleksandr Petrov və Ruslan Boşirov (Anatoli Çepiqa – K.R.) Rusiya ordusu Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri, həmçinin Rusiya dövlətinin yüksək vəzifəli simalarıdır.

Bu günlərdə isə Skripalla bağlı Almaniya mətbuatında maraqlı bir yazı dərc edilib. Bu yazını maraqlı edən onun Skripalı Rusiya kəşfiyyatına hədəf edən səbəbləri ortaya qoymasıdır. Çünki indiyə qədər bir çox analitiklər keçmiş agentin hansı səbəbdən öldürülmək istəməsini sualla qarşılayırdı. İndi isə alman mətbuatı buna bir qədər aydınlıq gətirib. Almaniyanın “Focus” jurnalında Yozef  Hufelşulten imzası ilə dərc olunan araşdırmada Skripalın QRU (BKİ – Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi- K.R.) agentlərini həmin ölkələrin xüsusi xidmət orqanlarına satdığı yazılıb.

Müəllif Yozef Hufelşultenin yazdığına görə, bu barədə ona NATO -nun tərkibində fəaliyyət göstərən, casusluq əleyhinə fəaliyyətlə məşğul olan ACCI təşkilatındakı mənbə məlumat verib.

Skripal ile ilgili görsel sonucu

Qeyd olunur ki, 2012-ci ildə Skripal Böyük Britaniyanın xarici kəşfiyyat xidməti Mİ-6-nın əməkdaşının müşayiəti ilə Praqaya gedib və orada Rusiyanın casus şəbəkəsi barədə yerli kəşfiyyat orqanlarını məlumatlandırıb. “Focus”da yazılana əsasən, S.Skripal Praqada çalışanların bəzilərini şəxsən tanıyırmış. 2016-cı ilin yayında isə Sergey Skripal Estoniyada Moskvada çalışan 3 agenti yerli hüquq-mühafizə orqanlarına satıb. Bunların içində rus mənşəli zabit ata və oğul da var.

“Skripalın İspaniyaya Rusiya mafiyasının nümayəndələrinin Kosta del Sol şəhərindən Moskvadakı nüfuzlu siyasətçi və məmurlarla kontaktları barədə informasiya ötürdüyü bilinməkdədir”, – məqalədə qeyd olunur. NATO analitikləri Sergey Skripalın bu cür əməllərə görə qətlə yetirilmək istənildiyini ehtimal edirlər.

Kənan RÖVŞƏNOĞLU