Hərdən özüm-özümə bir yoqa gülüşü, bir gülüş terapiyası icad edirəm, bəlkə stressimi atım. Çeçələ barmağımın ucuna baxıb gülürəm. Elə-belə. Elə-belə gülmək olar, dəlisən, nədi? Gülürəm də. Heyrətlənib yenə gülürəm… Barmağımın ucunda nə var ki? Amma gülürəm, ha-ha-ha… Bir də, bir də, iki də, üç də… Stress atıram, yəni.
Mənim üçün yazılmamış qanunlar daha üstündür. Nəinki “Qardaş, müqəddəsdir bizim qanunlar, Rəhbərin əlilə yazılmış onlar” deyib qanunu yüz yerə əyəsən. Biz Şərqliyik, ailə əxlaqımızın nizamlama alqoritmləri var, onlara riayət olunsa (hər birimiz bir ailədən çıxmamışıq?), heç bir nizamnaməyə ehtiyac qalmaz. Məsələn, mən. Harada ki, ədalətsizlik var, mən orada şəbəkə xaricindəyəm. Bir çox səbəblər üzündən tez-tez “şəbəkə xaricində” oluram. Şəxsi və ya ictimai müstəvidə. Bu yolsuz cəmiyyət… məni şəbəkə xaricinə atır. Hər gün… Kim deyir ki, insan ağacdan düşüb, sosial şəbəkələrə baxın, orada “ağaca çıxıb”, gəlib keçənlərin başına qoz (banan olsun) atan nə qədər meymun var.
Xəbərlərdə deyilir ki, Azərbaycanda banklarla bağlı geniş qanun layihəsi hazırlanır. Hazırlansın, sözüm yox. Amma banklarla mənim işim tutmur. Binadan sovet uşağıyam (soviet child), düzünü deyib düzdə qalıram tez-tez. Bu yaxınlarda mənim də bir banka işim düşdü. Yox, borc alan-zad deyiləm, əvvəldən kiminsə qapısına getməklə aram yoxdur, o da ola Dövlət Bəyin pul qapısı. Oğlumun zəhmət haqqının köçürüldüyü Bank müflis olub (“çöküb” deyim ki, ürəyim soyusun, yəni, stressimi atım), hesabı köçürüblər Beynəlxalq Banka. Oğlum uzunmüddətli ezamiyyətdədir, etibarnamə ilə gedirəm pulu almağa, pah… qanuna yüz dispozisiya çıxarırlar… Ki, verə bilmərik. Videocall-zad da kara gəlmədi. Yəni, bilirlər ki, bu, zəhmət haqqıdır, oğul da mənimdir, pul da mənə verilməlidir, hər şey gün kimi aydındır, amma yenə… bezdirdilər.
Ölkədə 1995-ci ilə qədər ən müxtəlif ixtisaslar almış bir çoxları birdən-birə ixtisasını dəyişib, ya hüquq, ya da maliyyə-iqtisadi ixtisaslar üzrə yeni ali təhsil alıb… Bank-maliyyə sektoru yaman cəlb eləyib adamları. Yüzlərlə bank açılıb… (Şükür, indi çökürlər). Özü də haralarda təhsil almayıblar: imkanlı məmurlar ölkədə çeşid-çeşid özəl ali məktəblər açıb, bəzən də bir neçə məmur birləşib akademiyalar-zadlar yaradıb, başqa ölkələrin ali məktəblərində rüşvətlə diplom alıblar… Oğul-uşaqlarını da bu yerlərdə oxutdurub, bankir eləyiblər… Ədəbiyyatçı, filoloq var ki, həmin illərdə yolunu dəyişib, gedib bankir olub. Biz də deyirik, cəmiyyətdə bu boyda çirkab haradandır?… Və PUL deyilən bir şeyin hərəkət trayektoriyasını izləmək üçün iri-iri bankların cilalı dəhlizlərində neçə-neçə ağyaxa oğlan və ağyaxa qız səf-səf oturub baş sındırır, dollar, avro dəyişir, manat-qəpik sayırlar. Və guya qanunla işləyirlər. Qanunları insanlar yazır – sosial və ədalətli həyatı qoruyub şərəfləndirmək üçün, cəmiyyəti əzmək üçün yox. Bizdə banklar insanları əzmək üçündür. Qanun öz hərfi ilə çox vaxt cəza alətinə çevrilir… Qanun öz ruhu ilə humanistdir, amma buna baxan yoxdur!
Belə bir deyim var: “Pul ya ona sahib olan insan üzərində hakim kəsilir, ya da ona xidmət edir”. Hələ görək, bank mənə niyə borc verir? Nəfi, sələmi, faizi yoxsa, verməz. Bir sözlə, banklar insanların ehtiyacları ilə manipulyasiya edir. Gözümüz görə-görə, ağlımız kəsə-kəsə. Manipulyasiya – qanundankənar zaddır. Bank, kredit borcundan neçə-neçə adam intihar edib. Hiss edirəm ki, stress atmağın yeridir.
Bir məlumata görə, ölkədə 32 bank var, neçəsi ləğv olunub, neçəsi müflis olub… amma yenə çoxdur… Bu nə bank-bank oyunudur, düşmüşük? Bank bir dənə olar, o da Sbereqatelnıy! (Сбербанк!). Yadınızdadı? Odur ki, bank adlı anlayışa heç hüsn-təvəccöhüm yoxdur. Amma hər şeyi eləyən PULdur, pul olmasa, bank da olmaz. Pul harada varsa, orada alıb-aldatmaq var. BBC.com saytı yazır ki, “Belçikada keçirilən milli xoşbəxtlik sorğusuna görə, hesab edilənin əksinə olaraq, pul xoşbəxtlik gətirmir”. Çoxlu pul həm də stress və tənhalıq gətirir. Onu da xatırladım ki, “çox nadir hallarda insanlar çox pulları olan zamanları həyatlarının ən gözəl anları hesab edirlər”.
Görünən budur ki, bank demokratiya institutu deyil. Demokratiya xalq hakimiyyətidirsə, xalqın hakimiyyət mənbəyi kimi tanınmaşıdırsa, banklar xalqı istismar etmək, xalqı əzmək, onu borclu və asılı vəziyyətə salmaq üçün alətdir. Bir də görürsən ki, bir qrup səhmdar (hansı yollasa əlinə kapital keçirmiş zirək azlıq) birləşib Bank yaradır, xalqı (çoxluğu) özündən asılı etmək üçün ona borc, kredit verir. Borcla rifah və xoşbəxtlik olmaz.
Bilgi üçün: banklar ilk olaraq, e.ə. 1800-2000 illərdə əvvəlcə Babildə, sonralar Assuriyalılarda və Şumerlərdə yaranıb. Yəni, onda da belə olub?
Firidun Ağazadə