Bakıda unikal restoran açıldı – “Partizan”dan FOTOLARbackend

Bakıda unikal restoran açıldı – “Partizan”dan FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda olduqca maraqlı konsepsiyaya malik restoran fəaliyyətə başlayıb. Bir neçə gündür ki, sosial şəbəkə istifadəçiləri “Partizan” adlanan bu məkandan şəkillər paylaşır , restoranın unikallığını göstərən məqamlara toxunurlar. Açığı oxuduqlarımız və paylaşılan şəkillər bizim də marağımıza səbəb oldu və qərara gəldik ki, gedib hər şeyi öz gözlərimizlə görək.

Budur, Bəşir Səfəroğlu 170 ünvanındayıq. Xüsusi qeydlər əks olunmuş vahiməli qapıda bizi sovet əsgərinin geyimində olan “növbətçi” qarşıladı və içəri keçməyimiz üçün parol istədi. Məlum oldu ki, “Partizan”da parol məsələsinə xüsusi əhəmiyyət verirlər. Yəni burada parolsuz içəri daxil olmaq mümkün deyil. Odur ki, qapının üzərindəki telefon nömrəsinə zəng edib parol aldıq. Növbətçi əsgərə parolumuzu təqdim edib içəri keçəndə isə sözün əsl mənasında başqa bir aləmə düşdük. Sanki zaman maşını ilə keçmişə – böyük vətən müharibəsi dövrünə düşmüşdük.

Partizan Restoranı ikinci dünya müharibəsinin ruhunu yaşadan antimilitarist restorandır. Restoran iki hissəyə bölünür – Alman və Sovet tərəfi. Hər iki hissədə həmin dövrə aid müxtəlif tarixi eksponatlar və maraqlı şəkillər yer alıb. Dövrün məşhur şuarları və faşist almaniyasının emblemləri üzərində müəyyən dəyişikliklər aparılıb və məzəli ifadələrlə ümumi ansambla incə yumor elementləri qatılıb.

“Partizan” restoranının divarlarında məlumatlandırıcı stentlərə də rasat gələ bilərsiniz. Burada böyük vətən müharibəsinə dair maraqlı faktlar öz əksini tapıb. Məsələn, faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın oynadığı rola xüsusi diqqət ayrılıb və dəqiq rəqəmlərlə həmin dövrün Azərbaycanı barədə qonaqlarla ətraflı məlumat verilib.

Restoran-muzey deyə biləcəyimiz bu unikal məkanda azərbaycanlı partizanlara aid ayrıca guşə də yaradılıb. Burada qonaqlarlar Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayllov və digərləri barədə maraqlı bilgilər əldə edə bilərlər. 

“Partizan”da həzin tonda səsləndirilən musiqi parçaları restoranın ruhuna uyğun şəkildə tərtib olunub. Məsələn, “Katyuşa”, “Kalinka”, “Den pobedı” kimi mahnılar restorandakı ab-havaya əlavə rəng qatır. “Parytizan”ın menyusuna və istifadə olunan mətbəx əşyalarına gəldikdə, burada qonaqlar avropa və azərbaycan mətbəxilə yanaşı, alman mətbəxinin xüsusi nümunələrini də sifariş edə bilərlər. Sifariş olunmuş təamlar masaya əsasən dəmir, taxta və çini qablarda düzülür. Xidmət edən personal isə həmin dövrün geyimlərində olan alman və sovet əsgərləridir.

Hə, burda hər şey keçmişdə olduğu kimidir. Hətta fəal müştərilərin sinəsinə ulduz da taxırlar. Maraqlı çox şey var, danışmaqla qurtaran deyil. Yaxşısı budur özünüz keçmişə səyahət edəsiniz. Bunun üçün isə, sehirli xalata ehtiyac yoxdur. Zəng edib parol alırsız, vəssalam.