“Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) “EuroHome” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, məhkəmə çəkişməsinin səbəbi sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
ASC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş üzrə hakim Günay Namazova təyin edilib.
“Azsığorta” ASC bununla yanaşı Möhnətov Azay Xasay oğlunu və Möhnətov Aqil Azay oğlunu da məhkəmə verib. Məlumata görə, Azay Möhnətov “EuroHome” MMC-nin sahibidir. O, bununla yanaşı “AF Holdinq” Şirkətlər Qrupunun prezidentidir. Həmçinin “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür.
Holdinqin rəsmi səhifəsində qeyd olunur ki, 1989-cu ildə təsis olunan “AF General Trading” şirkəti ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, Frankfurt və Londonda da filialları var.
Saytda yer alan digər məlumatda göstərilir ki, 2000-ci ildə “AF Bank” təsis edilib. Sonradan bu bank Rusiyanın VTB bankına satılıb.
Bakı-Sumqayıt yolunun kənarında yerləşən “EuroHome” inşaat materialları bazarının da əvvəllər Azay Möhnətova məxsus olduğu bildirilirdi. 2019-cu ildə bazarda baş verən güclü yanğın zamanı holdinqin rəsmi saytında “AF Euro Home”un şirkətlər qrupuna daxil olduğu qeyd olunub. Daha sonra “EuroHome”un adı şirkətlər qrupunun rəsmi saytından çıxarılıb.
Azay Möhnətov ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, “EuroHome”da yanğının baş verməsindən qısa müddət əvvəl Rusiyanın “Vedomosti” qəzeti yazıb ki, “AF Holdinq”in rəhbəri Azay və İlyas möhnətovlar Moskvada “Safmar” şirkətinə məxsus 21,7 hektar torpaq sahəsini və 111 min kvadratmetrlik ofis-anbar kompleksini satın alıb. İddia olunub ki, “Safmar” şirkəti qeyd olunan ərazinin səhmlərini özündə cəmləşdirən “Rusinkom” şirkətini əvvəlcə 2,6 milyard rubla (40 milyon dollar) satmağı planlaşdırıb. Lakin, sonradan yekun qiymət onların istədiyindən də yüksək olub. Aktivin neçəyə satıldığı açıqlanmayıb. “Vedomosti” qəzeti yazıb ki, iki mənbə aktivlərin Azərbaycanın “AF Holdinq” şirkətlər qrupuna satıldığını açıqlayıb və məlumat bu günə kimi təkzib olunmayıb.