“AzerGold” QSC geoloji tədqiqatlarda innovativ  texnologiyaların tətbiqini genişləndirirbackend

“AzerGold” QSC geoloji tədqiqatlarda innovativ texnologiyaların tətbiqini genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əsas fəaliyyət istiqamətlərindən biri geoloji kəşfiyyat işləridir. QSC-nin 2023-2024-cü illər üzrə hazırladığı geoloji kəşfiyyat strategiyasına uyğun olaraq Səhmdar Cəmiyyət tərəfindən 2023-cü ildə Daşkəsən, Göygöl, Balakən, Kəlbəcər, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən sahələrdə aktiv geofiziki və geoloji tədqiqat işləri həyata keçirilib. Tədqiqat sahələrində perspektivli filizləşmə zonalarının müəyyənləşdirilməsi üçün axtarış-qiymətləndirmə işlərinin 2024-cü ildə də davam etdirilməsi nəzərdə tutulub.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” QSC-yə dövlət sifarişi əsasında 2023-2024-cü illər ərzində ölkədə ümumi geoloji axtarış işlərinin bir hissəsinin icra edilməsi tapşırılıb. Bu məqsədlə Daşkəsən, Göygöl, Kəlbəcər rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda tədqiqat sahələri genişləndirilib, eləcə də Goranboy, Ordubad və Şahbuz rayonlarında geoloji tədqiqatların icrası nəzərdə tutulub. Sözügedən ərazilərdə qısa zamanda ilkin tədqiqat nəticələri əldə etmək üçün 2024-cü ildən innovativ texnologiyaların geniş tətbiqinə başlanılır. Belə ki, cari ildə tədqiqat işlərində qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri davam etdiriləcək, eləcə də helikopter və dronlar vasitəsilə aeroelektromaqnetik tədqiqatlar aparılacaq. Bu tədqiqat metodları yer səthində axtarış-qiymətləndirmə işlərinin növbəti mərhələsi üzrə perspektivli tədqiqat sahələrinin müəyyənləşdirilməsinə, beləliklə daha çox vəsait tələb edən buruqqazma işlərinin daha kiçik arealı əhatə edən koordinatlar üzrə aparılmasına imkan verəcək.