Azərbaycanda müəllim yazdığı statusa görə 1500 manat cərimələndibackend

Azərbaycanda müəllim yazdığı statusa görə 1500 manat cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Məhkəməsində Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Azər Xəlilovun kafedranın baş müəllimi, 1969-cu il təvəllüdlü  Təvəkkül Sadıqov barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, universitetin “Yerin quruluşu” kafedrasının müdiri müəllimin sosial şəbəkələrdə paylaşımlar edərək onu təhqir etdiyini, ünvanına böhtanlar səsləndirdiyini iddia edib. Aqrar elmləri üzrə fəlsəfə doktoru olan Azər Xəlilov T.Sadıqovun Cinayət Məcəlləsinin tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib.

Məhkəmədə baş müəllimin kafedra müdiri haqqında yazdığı statuslar və şərhlər elan edilib. Məlum olub ki, T.Sadıqov kafedra müdirinin siyasi mənsubiyyəti, fəaliyyəti ilə bağlı müxtəlif fikirlər yazıb, onun “5-ci kolon”a xidmət etdiyini iddia edib.

T.Sadıqov ifadəsində kafedra müdiri barəsində yazdıqları fikirləri etiraf edib və onu təhqir etmək fikrində olmadığını deyib. O, kafedra müdirinin dərs saatlarını düzgün bölüşdürmədiyini və ona qarşı qərəzli münasibət bəslədiyini deyib.

Gəncə Şəhər Məhkəməsində hakim Orxan Cəfərlinin sədrliyi ilə keçirilən prosesin yekununda T.Sadıqov Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir) ilə təqsirli bilinərək ona 1500 manat cərimə kəsilib. Baş müəllimə 147.2-ci (Böhtan) maddəsi üzrə isə bəraət verilib.