“Qarahbağ”ın fransalı vingeri Abdullah Zubir Sportinfo.az-a müsahibə verib.
33 yaşlı kapitan Bakıya qayıdan kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandasının Avropa Liqasının Liqa mərhələsinin ilk turunda “Tottenhem”ə 0:3 hesablı məğlubiyyətindən doğan sualları cavablandırıb.
– Niyə bu cür məğlub olduq?
– Nə mənada niyə?
– 5-ci dəqiqədən etibarən bir nəfər azlıqda qalan rəqibdən xal almaq olardı.
– Həyatda mümkünsüz heç nə yoxdur. Əlbəttə, 1 yox, bəlkə 3 xal da almaq olardı. Ancaq hansı komandaya qarşı oynadığımızı unutmayaq. 10 nəfərlə qalsalar da, ruhdan düşmədilər, əksinə, daha çox mübarizə apardılar. Biz də əlimizdən gələnin etdik, qol imkanları yaxaladıq. Şansları boşa verincə, yekun nəticə belə oldu. Onların qollarını gördünüz də. Əllərinə düşən bütün imkanları dəyərləndirdilər. Reallıq budur.
– Təcrübəsizlik?
– Tam təcrübəsizlik də demək olmaz. Görünən odur ki, onlar müdafiədə daha az səhv edib, hücumda məhsuldar olmağı bacarırlar. Çox rahat oynayırdılar, bu da “Tottenhem”in adından gələn güvəndən irəli gəlir.
– Hakim rəqib futbolçuya qırmızı vərəqə göstərəndə, oyunun axarını necə təsəvvür edirdin?
– Bilirdim ki, yenə çətin olacaq. Çünki meydanda olan futbolçular “qırmızı” alan komanda yoldaşlarının əvəzinə qaçacaqlarını, mübarizə aparacaqlarını bilirdim. Eyni zamanda yaxşı mənada nəsə edə biləcəyimizi düşünürdüm. “Tottenhem”in müdafiədə boşluq verəcəyini və əlimizə yaxşı imkanlar düşəcəyini təxmin edirdim. Əslində, imkanlarımız oldu da. Sadəcə, qol vura bilmədik.
– Əsas heyətin aparıcı üzvləri – Kevin Medina, Marko Yankoviç və Marko Veşoviçin yeri görünürdü?
– “Qarabağ”ın geniş heyəti var. Mövsümün gedişində zədələr və cəzalar olacaq. Ona görə də diqqətimizi boşluqların aradan qaldırılmasına yönəltməliyik, ayrı-ayrı adlara yox. İndi nəsə deməklə heç nə düzəlməyəcək.