Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Türkiyə və Niderland arasında yaşanan qalmaqala münasibət bildirib.
TİA.AZ-ın Report-a istinadən məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlama verən Z.Əsgərov qeyd edib ki, bu, olduqca təəssüfedici bir haldır.
Onun sözlərinə görə, Hollandiya tərəfinin hərəkətləri həm beynəlxalq hüquqa hörmətsizlik, həm də Vyana Konvensiyasının tələblərinin kobud surətdə pozulmasıdır: “Türkiyənin iki nazirinə qarşı belə hörmətsizlik edilməsi yaxşı hal deyil. Sözsüz ki, Hollandiyada yaşayan insanların, konkret ikili vətəndaşlığı olan türklərin də səsvermə hüququ var və onlar da refendumda iştirak edəcəklər. Onların da konstitusiyaya dəyişiklik haqqında məlumat almaq hüququ var. Nazirlər də həmin məlumatları vermək üçün ora getmişdilər.
Onların başqa məqsədi yox idi. Nazirlərdən əlavə, Rotterdamda olan Türkiyə konsulluğunun diplomatlara qarşı kobud davranılması Vyana Konvensiyasının birbaşa pozulması deməkdir. Belə olan halda ortaya bir sual çıxır ki, insan hüquqlarından danışan, dəm vuran Avropa insan hüquqlarına bu cürmü yanaşır?! Bu cür yanaşmanı və münasibəti qəti şəkildə pisləyir və qınayıram. Hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətiriləcək”.