TİA.AZ-ın redaksiyasına Ucar rayonu Alpı kənd sakini Əhmədov Novruz Həsənqulu oğlu tərəfindən yazılmış şikayət məktubu daxil olub. Şikayətçinin yazdığına görə, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədova məxsus olan Ucar rayonu dörd yol ərazisində yerləşən “Halal İnşaat” adlı pərakəndə və topdansatış bazasında saxta tikinti materialları satılır. Alış-veriş zamanı ödənilən pula görə təqdim edilən kassa ödəniş qəbzləri də saxtadır. Novruz Əhmədov məktubda bildirib ki, məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciət etməsinə baxmayaraq, heç bir tədbir görülməyib: “Ucar rayonunun dördyol ərazisində, Qarabörk kəndində yerləşən “Halal İnşaat” topdan və pərakəndə satış bazasının əsl sahibi Ziya Məmmədovun qardaşı İldırım Məmmədovdur.
Buranı Rafael Məhərrəmov adlı şəxs işlədir. Maqazinin bütün sənədləri Rafaelin atası Maarif Məlik oğlu Məhərrəmovun adınadır. 2017-ci ilin aprel ayında “Halal İnşaat”-dan 180 ədəd 50 kq kisə “Qaradağ YR-500” markalı sement, 612 metr armatur, 2 maşın qum və 2 maşın doğranmış çınqıl aldım. Həmin materiallarla həyətyanı sahəmdə tikinti özülü hazırlandı, beton töküldü. Ancaq sement tam keyfiyyətsiz olduğu üçün, 15 gün keçməsinə baxmayaraq, tökülən beton tam yararsız oldu, bərkimədi. Bununla da, mənə 3500 manat maddi ziyan dəydi.
Bu barədə “Halal İnşaat” bazasına məlumat verdim. Oranı işlədən Rafael Məhərrəmov evimə gəlib tikintiyə baxdı və bildirdi ki, “belə hallar olur, bu, bizilik deyil, “Qaradağ” sement zavodu saxta sement istehsal edirsə, buna mən nə etməliyəm?”. Bu qanunsuzluq, saxtakarlıq barədə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehsalçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ərizəsi ilə müraciət etsəm də, heç bir tədbir görülmədi. Hətta aldığım tikinti materiallarına görə “Halal İnşaat” bazasına ödədiyim pulun kassa qəbzinin saxta olmasını da mənə Ucar rayonunda yerləşən vergi idarəsinin əməkdaşı bildirdi. Bunu vergidən yayınmaq məqsədi ilə edirlər. Bu minvalla “Halal İnşaat”-da hər ay vergidən küllü miqdarda gəlir gizlətməklə dövlətə ziyan vurular. Bu qədər saxtakarlığın qarşısında əlimdə subutlarımın olmasına baxmayaraq, “Halal İnşaat” barəsində heç bir tədbir görülmədi.
Çünki “Halal İnşaat” sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun himayəsi altında fəaliyyət göstərir. Sonradan mənə dedilər ki, adını halal qoymuş bu bazada haram işlər görülür ki, buna görə tək mən yox, çox sayda vətəndaşlara ziyan dəymişdir. Digər Ucar sakinlərinin də bu bazadan aldıqları “Qaradağ” sementləri saxta çıxmış, onlara ziyan dəymiş və ziyanları ödənilməmişdir. Uzun müddətdir bu saxtakarlıq halları “Halal İnşaat”-da davam edir, ancaq qanunu tədbir görülmür. Belə çıxır ki, “Halal İnşaat” bazası pul qazanmaq üçün “Qaradağ” sement zavodu ilə əlbir olub saxta sementləri camaata satırlar. Mən kasıb adamam, bir neçə il boğazımdan kəsib tikinti üçün pul yığmışdım, o da Ziya Məmmədovun qardaşının himayəsində saxta fəaliyyət göstərən yaramazlara qurban getdi. 25 yanvar 2018-ci il tarixdə iqtisadiyyat naziri cənab Şahin Mustafayev Ucar rayonunda vətəndaşların qəbulunu keçirəcək, qəbula mən də yazılmışam.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edib məlumat verirəm ki, “Qaradağ” sement zavodunun məhsullarını almasınlar, ehtiyatlı olsunlar, oranın sementləri saxta və keyfiyyətsizdir. Həmçinin iqtisadiyyat naziri cənab Şahin Mustafayevə, vergilər naziri cənab Mikayıl Cabbarova müraciət edib xahiş edirəm ki, Ucar rayonunda saxta və qanunsuz fəaliyyətlə məşğul olan “Halal İnşaat” bazasında ciddi yoxlama aparılmasına tapşırıq versinlər. Onlar belə saxta və qanunsuz fəaliyyətləri ilə dövlətə, vətəndaşlara küllü miqdarda ziyan vururlar. Onların mənə təqdim etdikləri ödəniş qəbzi də saxtadır. Bu, birbaşa cinayət əməlidir. Xahiş edirəm ciddi tədbirlər görəsiniz”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
TİA.AZ