Məhkəmə isə son qərarında hesab edib ki, Pavlovun “Bombardier” şirkəti ilə Azərbaycan məmurları arasında korrupsiya sövdələşməsinə dair “tutarlı sübut” yoxdur.
Xəbər verdiyimiz kimi, oktyabrın 4-də Strasburq məhkəməsi “Bombardier” şirkətinin İsveç törəməsinin əməkdaşı Yevgeni Pavlovun 7 aylıq həbsdən sonra azadlığa buraxılmasına qərar verib. Avqustun 29-da başlamış məhkəmə prosesində İsveç prokurorluğu sübuta yetirməyə çalışırdı ki, Pavlov 340 milyon dollarlıq müqaviləni şirkəti üçün almaq məqsədilə Azərbaycandakı məmura rüşvət verib. Müstəntiqlər şirkətin elektron məktubları şəklində dəlillərə malik olduqlarını bildirirdilər.
Məhkəmə isə son qərarında hesab edib ki, Pavlovun “Bombardier” şirkəti ilə Azərbaycan məmurları arasında korrupsiya sövdələşməsinə dair “tutarlı sübut” yoxdur. Hərçənd ki, məhkəmə Pavlovun elektron yazışmalarında dəmir yolları üçün siqnalizasiya avadanlıqlarının “Multiserv Overseas” offşor şirkəti üzərindən Azərbaycana on dəfələrlə baha qiymətə satılması barədə müzakirələrin aparıldığını qəbul edib.
Hakimin mövqeyinə görə isə qiymətdə bu şişirtmə Pavlovun Azərbaycan məmurlarına rüşvət verdiyini sübuta yetirə bilməz. Sözügedən müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura o zaman Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.
Məhkəmənin bu qərarı həm Z.Məmmədovu, həm də “Azərbaycan Dəmir Yolları” rəhbərliyindən ayrılandan sonra müavini işləmiş Arif Əsgərovu xeyli rahatlamışdı. Hətta bildirilirdi ki, bir müddətdir Ucardakı malikanəsində olan sabiq nazir Bakıya “üzü ağ” qayıtmışdı. Amma məlum olub ki, sabiqlərin canlarını qurtarması o qədərdə asan olmayacaq. Belə ki, Stokholm məhkəməsində prokurorlar “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 2013-cü ildə imzalanmış müqavilədə korrupsiya sövdələşməsində adı keçən Pavlovun azadlığa buraxılması haqda qərardan protest veriblər. (Virtualaz.org). Məhkəmədə prokuror Tomas Forsberg konkret olaraq bunları deyib: “Əsas məsələ odur ki, bu müqavilə üzrə əldə edilmiş mənfəət ədalətlidir, ya yox?”
Forsberg və onun həmkarı Staffan Edlund bildiriblər ki, həmin sövdələşmədən “Azərbaycan Dəmir Yolları”nın adı açıqlanmayan dövlət qulluqçusuna 100 milyon dollar ötürülüb. “Bu, həmin dövlət qulluqçusuna dəxli olan özəl şirkətin gəliri ilə müqayisə olunan məbləğdir” deyə, protestdə bildirib.
“Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında siqnalizasiya avadanlıqlarının təchizatı və quraşdırılmasına dair müqavilənin ümumi həcmi 340 milyon dollara yaxındır. Bu müqavilədən əldə edilən “otkat” isə 100 milyon dollara çatır.
Rəsmi Bakının Strasburqla münasibətlərinin kəskinləşdiyi bir vaxtda Azərbaycanın adının yenidən korrupsiya qalmaqalında hallandırılması və məhkəmənin qərarına protest verilməsi diqqət çəkir. Bu, Ziya Məmmədovun personasından daha çox Azərbaycan hakimiyyətinə qarşı “kozır” kimi istifadə edilə bilər. Z.Məmmədovla müavininin bu müqavilədən qazandıqları ilə bağlı hələ ki sübut yoxdur. Amma şübhələrin bu iki şəxsin üzərində cəmləşdiyi aydın görünməkdədir. Strasburq məhkəməsinin qərarından verilən protest bu dəfə konkret olaraq hər iki sabiq məmurun adını gündəmə gətirə bilər. Bu, qərardan protest verən prokuror Tomas Forsbergin açıqlamasından da anlaşılan odur ki, Z.Məmmədov və müavini yeni təhlükə qarşısındadır. Bu dəfə isə işin yeni araşdırılması tərslikdən Bakı ilə Strasburqun çəkişdiyi bir vaxta təsadüf edir. Bu da iqtidarın Z.Məmmədova qəzəbini daha da artıra bilər.
“YM”