“Putinin bu açıqlaması onun Qərb silahları qarşısında aciz duruma düşdüyünün bariz nümunəsidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Tsker Karlsona müsahibəsini şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, ABŞ və Avropa Ukraynaya silah təchizatını dayandırsa, müharibə birmənalı şəkildə iki-üç həftədən sonra Kiyevin məğlubiyyətilə başa çatacaq:
“Aydın məsələdir ki, Ukrayna Qərbin və ABŞ-ın hərbi və digər dəstəyi olmadan Moskva qarşısında tab gətirə bilməyəcək. Ukraynanın Rusiya ilə müharibədə duruş gətirə bilməsinin əsasında da məhz Qərbin ona verdiyi dəstək dayanır. Dəstəkdən məhrum olan tərəfi məğlub etmək daha asan olur. Putinin həmin açıqlaması təcavüzkarın təcavüz qurbanına silah verməməsini tələb etməsinə bənzəyir”.
Ekspertin fikrincə, Putinin bu fikri həm də Rusiyanın Qərbin Ukraynaya dəstəyi fonunda müharibə meydanında çətin duruma düşdüyünün dolayısı ilə etirafıdır:
“Rusiya prezidenti nəhayət başa düşüb ki, Qərbin hərbi dəstəyini kəsə bilməsə, Ukrayna üzərində qalib gələ bilməyəcək. O, amerikalı jurnalistə verdiyi açıqlaması ilə bunu demək istəyib”.
Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ukraynadakı münaqişənin tez bir zamanda həlli yollarından danışarkən bildirib ki, ABŞ Ukraynaya silah göndərməyi dayandırsa, münaqişəni bir neçə həftə ərzində dayandırmaq mümkündür:
“ABŞ rəhbərliyinin diqqətinə çatdırırıq: əgər hərbi əməliyyatları həqiqətən də dayandırmaq istəyirsinizsə, silah göndərilməsinə son qoymalısınız. Belə olduğu halda, hər şey bir neçə həftə ərzində başa çatacaq”.
Putin bildirib ki, bundan sonra Kiyevlə sülh sazişinin şərtlərini müzakirə etməyə başlamaq mümkün olacaq.