Zərdabinin ölümü və dəfni haqqında bilmədiklərimiz – Erməni hiyləsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda milli mətbuatın yaranmasının 142-ci ili tamam olur.  

Bu gün Azərbaycanda milli mətbuatın yaranmasının 142-ci ili tamam olur. 

1875-ci ilin bu günündə dövrün mütərəqqi fikirli ziyalısı Həsən bəy Zərdabi böyük çətinliklər hesabına “Əkinçi” qəzetini çap etdirdi. 22 iyul uzun illərdir Azərbaycan mətbuat tarixinin yaranma günü kimi qeyd olunur. Azərbaycanın maarifçilik tarixinin ən parlaq çağları bu dövrdən başlanır. XIX əsrin sonları Azərbaycan mətbuat tarixinin parlaq dövrü sayılan XX əsrin əvvəlləri (1900-1918-ci illər) üçün hazırlıq mərhələsi rolunu oynadı.

TİA.AZ Modern.az-a istinadən mətbuatın 142-ci ildönümü ilə bağlı növbəti yazısında Həsən bəy Zərdabi ilə bağlı bir neçə maraqlı faktı təqdim edir. Yazıda “Həsən bəy Zərdabinin mücahid oğlu” (müəllif Akif Aşırlı) və “Həsən bəy Zərdabi xatirələrdə” (tərtibçi: Tahir Aydınoğlu) və “Həsən bəy Zərdabi” monoqrafiyalarından istifadə edilib.

“Dəfndən reportaj”

1907-ci ildə dünyasını dəyişən Həsən bəy ölümündən bir müddət əvvəl vəsiyyət yazmışdı. Ehsandan və dəfn xərclərindən imtina etmişdi:

“Mən Bakı şəhərində yaşayan Göyçay qəzasının Zərdab kəndində torpaq sahibi, saray müşaviri Həsən bəy Məlikov 1907-ci il sentyabrın 20-də, sağlam düşüncə və möhkəm yaddaşla, ölcəyim ehtimalı ilə bu vəsiyyətnaməni tərtib etdim.

Mənim öz əməyimlə qazandığım daşınar və daşınmaz əmlakı öz uşaqlarımdan, qanuni vərəsələrimdən, qohum-əqrabamdan başqa arvadım Hənifə xanım Məlikovaya vəsiyyət edirəm. O, əməyimlə qazandığım, yuxarıda sadaladığım əmlaka ölümümdən sonra öz əmlakı kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək ixtiyarına malikdir.
Adını çəkdiyim arvadım, uşaqlarımı – Səffət və qızım Qəribsoltanı yaxşı saxlamağa və tərbiyə etməyə, habelə ehsan vermək və dəfn üçün xərc çəkmək əvəzinə öz mülahizəsinə görə xalq maarifinin ehtiyacları üçün ianə verməyə borcludur”.

Amma Həsən bəyin son istəyi yerinə yetirilmədi. Zərdabinin dəfn mərasimi əvvəllər Bakıda görünməmiş dərəcədə möhtəşəm təşkil edildi. Dəfndə mərhumun tabutu üstünə onun qızıl çərçivəli gümüş qovluqda portreti qoyuldu.

“Əkinçi”nin qızıl çərçivəyə salınmış birinci nömrəsi, müəllimlər adından Həsən bəyin qızıl çərçivəyə salınmış portreti yerləşdirilmiş gümüş cildli albom gətirilmişdi. Dram truppası adından gümüş lirə gətirilmişdi… Şair M.Ə.Sabir Həsən bəyin xatirəsini özünəməxsus bir tərzdə əbədiləşdirməyi – qəza məktəblərindən birində heç olmasa bir yetimi pulsuz oxutmağı təklif etdi. Amma, çox ehtimal ki, bu təklifi heç kim ciddi qəbul etmədi.

Qızı Qəribsultan xanım atasının dəfnini acı sözlərlə təsvir edir:

“Şəhərin görkəmli nümayəndələri tabutun yanında dayanıb mərhuma son ehtiramlarını bildirirdi, onların çöhrəsində hüzn duyulurdu, onların arxasında üzləri dərin qırışlarla örtülmüş, bu çarəsiz ölüm qarşısında böyük əzab duyan insanların canlı dənizi dalğalanırdı. Həqiqi kədər məhz orada təbii formada görünürdü. Bu yoxsul insanlar özlərinin alovlu müdafiəçisi və sədaqətli oğlanları ilə vidalaşırdılar”.

Amma sonra…

Lakin üstündən müəyyən qədər vaxt keçəcək və mərhum Zərdabinin məzarının harada olması belə, bilinməyəcəkdi. Zərdabinin izdihamla dəfn olunduğu Bibiheybət məzarlığı sonradan yol çəkmək adı ilə uçuruldu. Xəbər verdilər ki, burada kimin ölüsü varsa, gəlib nəşini götürüb başqa yerlərdə dəfn etsinlər. Zərdabinin isə o zaman, konkret olaraq, 1937-ci ildə Bakıda kiçik qızı Qəribsoltandan başqa kimsəsi yox idi. Qəribsoltan da başına gələn faciələrdən sonra dərin sarsıntı keçirmiş, əsəb xəstəsi olmuşdu. Amma heç nəyə baxmayaraq, atasının nəşinin arxasınca Bibiheybətə gedir. Nəşin qalıqlarını bir yeşiyə yığıb nömrələyib ona verirlər. Təsəvvür edin ki, kimsəsiz Qəribsoltan özü fəhlə tutub, məzarı qazdırır və atasının sümüklərini yeşiyə yığır. Bu qədər ağır dəqiqələrdə ona həyan olan bir bəni-insan da tapılmır.

Bir neçə yerə müraciət edən Qəribsoltan axırda tamamilə stressin qurbanına çevrilir. Nəşin qalıqları olan yeşiyi evinə gətirir. Təsəvvür edin, bir müddət həmin sümüklər çarpayının altında qalır. Ondan sonra biçarə Qəribsoltan yenə fəhlə tutaraq təkbaşına atasının nəşinin qalıqlarını elə yeşik qarışıq anası Hənifə xanımın məzarının ayaq hissəsində basdırır. Hənifə xanımın məzarı isə Bakının adi məzarlıqlarının birində olur.

Amma xoş təsadüfdən sonra, alimlər qrupu bu faktın üstünü açırlar. Təkcə Hənifə xanımın məzarının harada olması dəqiq konturları ilə onlara lazım olur. Bunu isə yalnız Qəribsoltan bilirdi. Üç alim vəziyyəti bilsələr də, ümid yeri kimi Qəribsoltan xanımın yanına gedirlər. Əsəbləri tamamilə pozulan Qəribsoltan alimlərin üstünə acıqlanır. O, “indi də sümüklərindən əl çəkmirsiz?” deyərək, onların suallarını cavabsız qoyur. Sonda, ailəyə yaxın olan Rauf adlı birinin köməyi ilə məzarın təxmini yerini öyrənirlər.

1957-ci ildə Bakının kənar qəbiristanlıqlarından birində professor Abbas Zamanov bir qrup tələbəsi ilə böyük çətinliklə də olsa Zərdabinin məzarını axtarmağa başlayır. Əlinə bel alan professor uzun müddət xəyal qırıqlığı yaşayır.

Qəbiristanlıda deyilən yerdə çox axtarırlar, lakin bir şey tapa bilmirlər. Axırda tələbələrdən birinin kənar bir yerdə ayağı nəyəsə ilişir. Bir az dərindən qazandan sonra məzarın ayaq tərəfində taxta yeşiyin olduğunu görürlər. İçində sümükləri görəndə nə tələbələr, nə də alim göz yaşlarını saxlaya bilir.

Nəhayət Zərdabinin sümüklərini Fəxri Xiyabana gətirib dəfn edirlər. Daha sonra, Həsən bəy Zərdabinin məzarı üstünə büst də qoyulur.

Ölüm üçün vəsiqə

Zərdabinin ölümündən-vəsiyyətindən, dəfnindən, hətta ölümdən sonrakı faciəsindən də yazdıq. Amma onu ölümə aparan bir faktı da deyək . Yenə Qəribsoltan xanımın xatirələrinə müraciət edirik:

“Ömrünün son illərində Şəhər Dumasında deputat olmasından sonra həyatında gərginliklər daha da çoxaldı.

Ona qarşı narazılıq su kəmərinin çəkilməsi ilə bağlıydı. Eşitmişdik ki, şəhərdə su qıtlığı mövcuddur, suyu iri çənlərdə gətirirlər. Su kəməri çəkmək lazım idi. Atam elə hesab edirdi ki, bu məqsəd üçün təmiz dağ suyundan istifadə etmək lazımdır. Lakin onun bu təklifi Dumada erməni Abarsum Məlikov və onun tərəfdarları tərəfindən müqavimətə rast gəldi. Bu adam istəyirdi ki, şəhərə su onun malikanəsi olan Zuğulba çeşməsindən çəkilsin. Bu təbii ki, ona xeyli gəlir gətirəcəkdi. Atam bundan bərk hiddətlənmişdi. Bir dəfə dostları ilə söhbət edərkən demişdi ki, bu dələduz şəhərə özü ilə bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək olmaz!

Atamın müqavimətindən narahat olan Ambarsum onun üzərinə o vaxt üçün çox böyük pul sayılan bir neçə min rubl rüşvət göndərmişdi. O gün axşam mən evimizdə buna oxşar fırtınanı heç zaman görməmişdim. Həmişə özünü təmkinli və nəzakətli aparan atam bu dəfə qarşısıalınmaz vulkana dönmüşdü:

“O məni satın almaq istəyir”, -deyərək dəli kimi bağırırdı.

Ammma hiyləgər Ambarsum qara yollarla öz məqsədinə çatanda atam o dərəcədə sarsıldı ki, deyərdin uzun illərin xəstəsidir. Baş verənlərdən hey şikayətlənərək anama deyirdi:

-Mən öz uğursuzluğum və məğlubiyyətim üçün ona görə belə sarsılıram ki, hər bir məğlubiyyətim mənafeyini qoruduğum zavallı adamların arasında baş verən saysız-hesabsız qurbanları artırır.

Evimizdə sonradan məlum oldu ki, Şəhər Dumasında əsl dramatik hadisə baş verib. Erməninin mənfur hərəkətindən sarsılaraq tamam başdan çıxan atam onu yaramaz adlandırıb.

O da yalandan hay-küy salaraq atamı duelə çağırıb. Həsən bəyi o zaman heyrət bürüyüb:

-Nə?! Sizinlə duel?! Siz sadəcə axmaqsınız.

Atam bu sözləri onun üzünə çırparaq iclas zalını tərk etmişdi.

Evə gələndə yatağa uzandı. Onda eyni sözləri tez-tez təkrarlayırdı. “Mən bacarmadım. Başa düşürsən? Adamı dəhşətə gətirən odur ki, bütün bir xalqın sağlamlıq məsələsi həll olunurkən o dələduz utanmadan alicənablıq məzhəkəsi oynadı və ləyaqətsizliklə üstün gəldi”.

Bu ağır mübarizədən atamın səhhəti günbəgün pisləşirdi”.