“Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb?

“Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çap fəaliyyəti ilə məşğul olan “Zərdabi LTD” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, nəşriyyatın İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Zərdabi LTD” MMC ilə bağlı iş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. 30 yanvar tarixində hakim Nəriman Mehdiyevin sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.

Qeyd edək ki, “Zərdabi LTD” şirkəti bir neçə il öncə də məhz İXM-nin bu maddəsini pozduğuna görə 1760 ABŞ dolları məbləğində cərimələnmiş.

Bildirək ki, “Zərdabi LTD” MMC-nin direktoru Elman Qasımovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən