Zəngəzur dəhlizinin açılması perspektivləri və region ölkələri üçün iqtisadi nəticələri nə ola bilər?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki, Zəngəzur Dəhlizinin açılması region üçün nəqliyyat iqtisadiyyatı, regional inteqrasiya həmçinin geosiyasi iqtisadi aspektdən mühüm əhəmiyyət kəsb edir.
“Daha öncə daşınmalar İran vasitəsilə həyata keçirilirdi. Bu dəhlizin açılması həm nəqliyyat-logistika xərclərini azaldacaq həmçinin də təhlükəsizlik baxımdan da səmərəli hesab olunur. Həmçinin dəhlizin açılışı ölkənin ixrac həcminin artmasına da səbəb olacaq.
Region ölkələri üçün iqtisadi nəticələrinə qaldıqda Ermənistanın tranzit gəlirlərinə müsbət təsir göstərəcək. Eyni zamanda iqtisadi potensialının gücləndirilməsinə də təsiri olacaq. İqtisadi inteqrasiya da gözlənilir. Lakin siyasi proseslərdən dolayı hər an hər şey dəyişə bilər.
Region ölkələrindən Türkiyəyə qaldıqda isə dəhlizin açılması bu ölkə üçün avantajlı olacaq. Belə ki, bir başa təhlükəsiz şəkildə digər ölkələr çıxış, ixrac potensialının artması, logistika xərclərinin azalması iqtisadi səmərə təşkil edəcəkdir.
Dəhlizin açılması bir çox xarici investorların maraq dairəsindədir. Dəhliz boyunca infrastruktur layihələrinin icrası, obyekt və iş yerlərinin tikintisi həm bölgəyə investisiya yatırımı həmçinin də müəyyən qədər işsizliyin aradan qaldırılmasına dəstək olacaq. İnfrastrukturun tikinti və modernizasiya xərcləri olduqca çoxdur. Bunun üçün də yüklü maliyə dəstəyinə ehtiyac var.
Məsələnin maraqlı və bir o qədər də sual doğuran tərəfləri isə bölgədə olan geosiyasi proseslərlə bağlıdır. Burada əsas məsələ iqtisadi baxımdan daha çox geosiyasi proseslər ilə bağlıdır. Əgər bölgədə sülh və ya təhlükəsizlik məsələləri ilə bağlı konkret olaraq real iş yoxdursa, heç bir investor bölgəyə yatırım etməz. Regionda baş verəcək geosiyasi proseslərdən dolayı qarşıdurma ticarət əlaqələrini zəiflədə bilər”.
Dəniz Pənahova