Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı verdiyi son açıqlama təkcə Ermənistanda deyil, eləcə də İranda geniş müzakirə mövzusudur.
Tribunainfo.az xəbər verir ki, hər iki ölkənin media və ekspertləri dəhliz mövzusu ilə bağlı fərqli fikirlər səsələndirirlər.
Politoloq Suren Surenyants iddia edib ki, ya Nikol Paşinyan Zəngəzur dəhlizi ideyası ilə razılaşıb, ya da İrəvanın rəyi nəzərə alınmadan müzakirə olunur. “Görünən odur ki, bütün dövlətlər Ermənistanı ciddiyə almırlar. Ona görə də, onun rəyini öyrənmədən öz aralarında müzakirələr aparırlar”.
Digər erməni ekspert Lilit Dallakyan isə hesab edir ki, Türkiyə ilə Rusiyanın Zəngəzur məsələsində mövqeyi eynidir. “Onlar Tehrana mesaj verirlər ki, “biz, region ölkələri konsensusa gəldik və siz bizimlə razılaşmalısınız”. İranın bu vəziyyətdən çıxış yolu var və bu, ABŞ və Qərblə münasibətləri normallaşdırmaqdır”.
İranda yayınlanan “Tasnim” Agentliyi isə “Dəhlizdən “Zəngəzur” keçidinə: Söz oyunu, yoxsa yeni təzyiq?” başlıqlı yazı dərc edib. “Ərdoğan “dəhliz” sözünü “keçid”ə dəyişdirərək, İranı dəstəyə dəvət etməklə Zəngəzur marşrutu məsələsini bir daha gündəmə gətirib. Təhlilçilər bu hərəkəti söz oyunu və Tehranla Moskva arasında razılaşdırılmış oyunun tərkib hissəsi hesab edirlər ki, Tehranı bu yola razı salsın”.
Fərda Uğur