Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin açılacağı vaxtla bağlı fikirlərini bölüşüb. Tribunainfo.az xəbər verir ki, o, Tiflisdə keçirilən konfransda bir sıra məsələlərə aydınlıq gətirib. Paşinyan bildirib ki, siyasi baxımdan Ermənistan Naxçıvan Muxtar Respublikasından Azərbaycanın əsas hissəsinə və əks istiqamətdə Ermənistan ərazisindən tranziti təmin etməyə hazırdır. “Lakin infrastrukturun olmaması səbəbindən texniki baxımdan hələ ki, buna hazır deyilik”. O daha sonra qeyd edib ki, Ermənistan siyasi baxımdan Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, eləcə də Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə də hazırdır. “Lakin həmin hissələrdə dəmir yolunun təmirə və ya yenidən qurulmasına ehtiyac var. Əminəm ki, iki-üç il ərzində texniki məsələlər öz həllini tapacaq”. Ermənistanın baş naziri bidirib ki, yaxın vaxtlarda Ermənistan ərazisindən boru kəmərləri, eləcə də Azərbaycan-Ermənistan-Türkiyə elektrik xətləri çəkiləcək. “Artıq dediyim kimi, dəmir yolu və avtomobil əlaqələri də təmin ediləcək. Bütün bunlar TRIPP proqramı çərçivəsində müzakirə olunur. Biz Türkiyə və Azərbaycanla da müvafiq danışıqlar aparırıq. Biz də bu razılaşmaların həyata keçirilməsi üçün ABŞ-la işləyirik”. Paşinyan onu da vurğulayıb ki, bütün bunların həyata keçirilməsinin ən mühüm şərti Vaşinqton sammiti nəticəsində əldə olunmuş Ermənistanla Azərbaycan arasında yaradılmış sülhdür. “İndi biz çalışırıq ki, Azərbaycanla bu barışıq daha da institusionallaşsın. Biz Vaşinqtonda paraflanmış Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin imzalanması və ratifikasiyası üzərində işləyirik. Bununla paralel olaraq, bütün nəqliyyat kommunikasiyaları ardıcıl olaraq açılacaqdır ki, bu da regionumuza tarixi dəyişikliklər gətirəcəkdir”.
Fərda Uğur