Ukrayna prezidenti Vladimir Zelenski dünyanı narahat edən Avropanın ən böyük atom elektrik stansiyası ilə bağlı açıqlama verib.
Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, o, Rusiya hərbçilərinin Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyasının damına partlayıcıya bənzər materiallar yerləşdirdiyini iddia edib.
O, radiasiyanın dünyada hər kəs üçün təhlükə olduğunu vurğulayıb. Ukrayna prezidenti Zelenski sosial media hesabında videomüraciət paylaşıb. Rusiyanın nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasını qiymətləndirən Zelenski bu açıqlamaları verib: “Radiasiya dünyada hamı üçün təhlükədir və atom elektrik stansiyası istənilən radiasiya hadisəsindən tamamilə qorunmalıdır. Bu gün rus qoşunlarının Zaporojye AES-in ərazisini və obyektlərini tam nəzarətə götürməsindən düz 16 ay keçir. Kəşfiyyatımızdan məlumat aldıq ki, rus qoşunları Zaporiya Atom Elektrik Stansiyasının bir neçə enerji blokunun damına partlayıcıya bənzər materiallar yerləşdiriblər. Ola bilsin ki, onların başqa bir ssenarisi var. Amma istənilən halda dünya görür ki, Zaporojye AES üçün yeganə təhlükə mənbəyi Rusiyadır, başqa heç kim”.
Qeyd edək ki, Zaporojya Atom Elektrik Stansiyası Avropanın ən böyük, dünyada isə doqquzuncu atom elektrik stansiyası kimi tanınır.