Kiyev növbəti dəfə Donbassdakı silahlı münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün separatçılarla birbaşa danışıqlara getməyi rədd edib.
Bu barədə «RBK-Ukrayna» nəşrinə müsahibəsində ölkə Prezidenti Volodimir Zelenski bəyan edib.
Onun sözlərinə görə, separatçılarla danışıqlar mənasızdır: “Yox, getməyəcəyik. Bu, mənasızdır. Onlar heç nə həll etmirlər. Buna nə üçün vaxt sərf etməliyik? Onlar atəş aça bilərlər və uşaq bağçasını, məktəbi atəşə tutarlar. Onlar bunu həll edirlər”.
Onun sözlərinə görə, tanınmamış Donetsk və Luqansk “xalq respublikaları” (“DXR” və “LXR”) faktiki və hüquqi baxımdan subyekt deyillər, siyasi məsələləri həll etmirlər.
Zelenski əmin olduğunu bildirib ki, separatçılarla yalnız əsirlərin dəyişdirilməsini müzakirə etmək olar, siyasi məsələlər isə yalnız Rusiya üzərindən həll edilir: “Ona görə də Rusiya onların subyekt kimi təqdim olunması məsələsini qaldırır. Əslində isə bu, mümkün deyil, prosesin uzadılması deməkdir. Rusiya bilir ki, biz onlarla danışmaq istəmirik. Çünki onlar heç nəyi həll etmirlər. Nə üçün kimi isə bizə vasitəçi göndərirsiniz? Gəlin sizinlə danışaq…”