Zəhranın atası İrəvana qarşı iddia qaldırmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq sübuta ehtiyac yoxdur ki, mülki vətəndaşlarımız qondarma Dağlıq Qarabağ Respublikası silahlıları tərəfindən tərəfindən yox, Ermənistan ordusu tərəfindən öldürülür. 

Artıq sübuta ehtiyac yoxdur ki, mülki vətəndaşlarımız qondarma Dağlıq Qarabağ Respublikası silahlıları tərəfindən tərəfindən yox, Ermənistan ordusu tərəfindən öldürülür.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan ordusunun mülki vətəndaşlarımıza qarşı vandalizm aktlarına münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O qeyd edib ki, müki vətəndaşların öldürülməsi ilə bağlı zərərçəkənlər beynəlxalq məhkəmələrə müraciət etmək hüququna sahibdirlər:

“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Ermənistan Respublikası Qarabağ münaqişəsində tərəf olaraq qəbul edilib. Burada hüquqi baxımdan əsas olan da qondarma Dağlıq Qarabağın deyil, məhz Ermənistanın Dağlıq Qarabağ münaqişəsində tərəf olmasıdır. Avropa Məhkəməsinin qərarlarında da sabitləşib ki, Ermənistana məxsus əsgərlər həmin ərazilərdə hərbi xidmətdədir.

İkincisi, əgər ölən şəxs hərbçi olsa, o zaman İnsan Hüquqları Konvensiyasına istinad mümkün deyildi. Çünki elan olunmamış müharibə olsa da, Dağlıq Qarabağ münaqişəsi faktiki iki ölkə arasında silahlı münaqişədir. Bu münaqişədəki hərbçilər üçün 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları tətbiq olunur. Həmin konvensiyalar Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqini istisna edir. Lakin mülki şəxslərin ölümü birbaşa Avropa İnsan Hüquqları Konvensiyasının əhatə dairəsinə düşür.

Ermənistan da sözügedən konvensiyanı ratifaksiya edib deyə, həmin konvensiyanın 2-ci maddəsində təsbit olunan yaşamaq hüququna hörmət göstərməyə məcburdur, qanunsuz olaraq mülki şəxslərin ölümlərinə yol verməmək və onların qarşısını almaq məcburiyyətini daşıyır. Ona görə də hər hansı mülki vətəndaşımız Ermənistan silahlı qüvvələri tərəfindən öldürüldükdə, bu ərazilər Ermənistan xaricində olsa da, işğal edildiyi səbəbindən həmin hadisələr zamanı qanun pozuntularına görə İrəvan məsuliyyət daşıyır. Füzuli rayonu Azərbaycanın ərazisidir, amma Azərbaycan özü də Avropa konvensiyalarına qoşulanda bir şərt irəli sürmüşdü ki, Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonda olan hadisələrdən dolayı Azərbaycan məsuliyyət daşımır. Çünki həmin rayonlar faktiki olaraq Ermənistanın işğalı altındadır.

Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət üçün daxili hüquqi prosedurların keçilməsi vacibdir. Bütün daxili hüquqi yollar tamamlandıqdan sonra Avropa İnsan Hüquqları məhkəməsinə müraciət etmək olar”.

Bu şikayətlərin düşmənə qarşı mübarizədə hüquqi-siyasi əhəmiyyətinə toxunan F.Mehdiyev ona müraciət ediləcəyi təqdirdə zərərçəkmişin bu yöndə şikayətini təmənnasız olaraq hazırlamağa və onu müdafiə etməyə hazır olduğunu bildirib.