backend

Zəhranın Allah babaya məktubu- Leman Ələşrəfqızı yazır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən Zəhrayam. Cəmi 1 yaş 8 aylıq Zəhra. Hələ indi-indi danışmağa başlayırdım. 
Mən Zəhrayam. Cəmi 1 yaş 8 aylıq Zəhra. Hələ indi-indi danışmağa başlayırdım.

Dilimi bir çox uşaqlar kimi “Nən-nə”ylə açmışdım. Çünki nənəmi çox sevirdim. O da məni hamıdan çox istəyirdi. Sahibəydi nənəmin adı. Mənə lay-lay çalırdı, əzizləyirdi, öpüb-oxşayırdı. Deyirdi ki, bir az da böyü sənə nağıl da danışacam. O nağılda boz canavarı öldürüb qarnından balaları Şəngülümü, Şüngülümü çıxardan keçi də vardı, divə qalib gələn Cırtdan da, qoğalı udan tülkü də.
Allah baba, mən çox istəyirdim ki, tez böyüyüm, nənəm bu nağılların hamısını mənə danışsın. Amma məni böyüməyə qoymadılar. Şəngülümü, Şüngülümü udan canavar məni də uddu. Yox, udsaydı, atam gəlib canavarın qarnını dağıdar, məni ordan xilas edərdi. O məni diddi, çeynədi, bax, üzüm-gözüm al-qırmızı qandır. İndi sənin hüzurundayam. Nənəm də mənimlə birlikdə gəlib. Gəlib ki, burda da nazımı çəksin, mənə lay-lay desin, pampersimi dəyişsin, yıxılanda qolumdan tutsun. Axı mən hələ lap körpəyəm, ayaqlarım təzə-təzə yer tutur…
O axşam isə ayağımın altından yer qaçdı. “Nən-nə” deyib qışqırdım. Nənəm köməyimə gələ bilmədi. Baxdım ki, o da al-qırmızı qan içindədir. Soruşa bilmədim ondan ki, bizi niyə öldürdülər? Axı biz evimizin içində oturmuşduq. Mən oyuncaqlarımla oynayırdım, nənəm axşam yeməyi hazırlayırdı. Yeyib yatacaqdım, yuxumda “güllər, çiçəklər, kəpənəklər” görmək arzusuyla. Amma gül yox, güllə gördüm! Onun nə olduğunu burda-sənin dərgahında Fariz adında balaca bir oğlan mənə danışdı. Dedi ki, Ağdamın Orta Qərvənd kəndindəndir. 9 yaşı var, 6 ildir ki, böyümür. Onu öldürəndə 2011-ci ilin 8 martıydı. Anasının, nənəsinin ən sevimli bayramında həyətdə oynadığı yerdə başından snayperlə vurdular. Kim vurdu deyə soruşdum. Fariz ”ermənilər” dedi. 

Allah baba, mən həyətimizdə it-pişik görmüşəm, nənəmin nağıllarından da bəzi heyvanları tanıyıram. Amma erməni adında heyvanı hələ indi tanıdım. O 1 yaş 8 ayında olan körpəyə də qıyır, 100 yaşındakı qocaya da. Fariz mənə deyir ki, səni burda çoxlu uşaqlarla tanışdıracam. Hamısını da ermənilər öldürüb. Xocalıda, Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda…. Mən bu yerlərin adını hələ indi Farizdən eşidirəm. Fariz deyir ki, bura kimi oralar da cənnət idi. O da görmüyüb eyy həmin yerləri, Allah baba. Ona Xocalıda öldürülən uşaqlar danışıb bunları. Onlar öləndə Fariz doğulmamışdı, Fariz öləndə mən! Kaş heç doğulmazdım da!
Allah baba! Mən ağlım kəsəndən evdə sənin adını eşitmişəm. Gəzəndə deyiblər ki, ay Allah, nə yaxşı balamız gəzdi! Dil açanda deyiblər ki, ay Allah balam dil açdı. Ermənilər qanımı tökəndə də sənin adını eşitdim. Deyəsən atam idi. Üsyan edirdi, qışqırırdı:” Allah, balamın qanını yerdə qoyma” deyirdi. Atamı eşit, Allah baba. Anamı eşit! Nə olar, bizim ruhumuzu sevindir. Düzdür, Fariz buna inanmır. Mənə deyir ki, o da öləndə hamı səs-küy saldı, dünyadan haqq-ədalət tələb elədi. Dünya isə onun ölümünü heç vecinə də almadı. Fariz deyir ki, idi də belə olacaq. ATƏT gəlib monitorinq keçirəcək, sonra bir-iki cümləlik bəyanat, vəssalam. Öz ölümündə olduğu kimi….
Mən bu sözlərdən heç nə anlamıram, Allah baba. ATƏT kimdir? Mən onu tanımıram. Mən ancaq səni tanıyıram. Bir də atamı, anamı, nənəmi… Qoyma mənim kimi körpələr ölsün. Qoyma atam-anam gözüyaşlı qalsın. Qoyma nənəmin ruhu mənə lay-lay desin. Eşidirsən məni, Allah baba? Eşidirsən…?

Ləman Ələşrəfqızı
Əməkdar jurnalist