Ukraynanın sabiq hərbi komandanı, general Valeri Zalujnının Volodimir Zelenskidən sonra prezidentliyə ən real namizəd olduğu çoxdan məlumdur. Lakin hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsini daşıyan Zalujnı indiyə qədər bununla bağlı hər hansı siyasi bəyanat və iddia ilə çıxış etməyib ki, bu da müharibənin davam etdiyini nəzərə alsaq təbiidir…
Lakin Fransanın “Intelligence Online” portalının öz mənbələrinə istinad edərək yaydığı xəbərə görə, Ukraynanın bir neçə yüksək rütbəli hərbi məmuru Valeri Zalujnının Ukrayna prezidenti postuna mümkün namizədliyi ilə bağlı komandasına qoşulmaq təklifi alıb.
Portalın məlumatına görə, hazırkı Prezident Volodimir Zelenskinin Zalujnı ilə mümkün əvəzlənməsindən sonra hərbçilərə Ali Radada yerlər təklif olunub. Portal bunun Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanının rəhbərlik etdiyi siyasi partiyanın yaradılmasının göstəricisi olub-olmadığını dəqiqləşdirməyib.
Nəşrdə qeyd edildiyi kimi, Zalujnı prezidentliyə əsas namizəddir: “Sorğular göstərir ki, Ukrayna yenidən seçki keçirə bilsə, o, güclü dəstək alacaq”.
“Intelligence Online”-a görə, Zalujnı “gələcək siyasi planları haqqında susqunluğunu saxlayır” və onun komandası generalın Londonda ictimai çıxışlarını diqqətlə izləyir.
Portal həmçinin iddia edir ki, Zelenskinin potensial əvəzedicilərindən biri də Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanovdur.