Zahid Oruc: Ukrayna savaşında hər iki səngərdə savaşan azərbaycanlıların vətəndaşlığı ləğv olunmalıdırbackend

Zahid Oruc: Ukrayna savaşında hər iki səngərdə savaşan azərbaycanlıların vətəndaşlığı ləğv olunmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”nin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, məruzədə İraq və Suriyada döyüş zonalarında qalan 469 qadın və uşağın ölkəyə qaytarılması-repatriasiyası əksini tapıb: “Xüsusi vurğulayaq ki, terrorçu dəstələrə qoşulanlara və onların yaxınlarına münasibət dünyada birmənalı deyil. Yaxın Şərqdə qeyri-qanuni silahlı qruplaşmalarda iştirak edənlərin və qohumlarının öz ölkələrinə qayıtması təhlükə sayılır. Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına görə, Suriyaya gedən vətəndaşlarımızın sayı 1000-dən çox olub. İndi Rusiya-Ukrayna müharibəsində də eyni vəziyyət yaranıb. Səngərin hər iki tərəfində bir-birinə güllə atanların həm də azərbaycanlılar olduğuna acıyırıq. Ona görə də Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi, Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır. Sözügedən insanların, hətta uşaqlarının belə psixoloji durumunda dərin kök salan zədələr onların inteqrasiyası və reabilitasiyasını çətinləşdirir. Ona görə qanunvericilik sistemi daha da sərtləşməyə ehtiyac var”.