Zahid Oruc: Əgər Sahil Babayev bəyan edibsə…

Zahid Oruc: Əgər Sahil Babayev bəyan edibsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi hökumət içərisində vətəndaşların kütləvi müraciət etdiyi və ən həssas sahəyə cavabdehlik daşıyan qurumlardan biridir. İctimai tələblərin miqyası isə iki Qarabağ münaqişəsinin nəticəsində digər sovet ölkələri ilə müqayisədə bir neçə dəfə çoxdur. Ona görə də dövlətin mürəkkəb dövrdə – 90-cı illər və ondan sonrakı işğal keçmişimizdə Nazirliyə rəhbərlik edən rəhmətlik Lidiya Rəsulovadan başlayaraq, daha sonra hakim partiya sədrinin müavini və digər şəxslər fərqli adlarla millətimizin tarixində qalıblar. Nazirliyinin imicini formalaşdırmaq üçün qeyri-populyar qərarlar verildikdə ictimai narazılığın artacağı şübhəsizdir. Lakin əgər nazir Sahil Babayev rəsmən bəyan edib ki, əvvəlki illərdə yol verilən nöqsanlar, məsələn 200 mindən artıq şəxsin əlilliyi ləğv olunub, deməli əvvəlki illərdə bizim qəbul etdiyimiz qərarların yanlış olduğunu, yaxud keçmiş rəhbərlərin qanunsuz hərəkətlərini tanımış oluruq.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc çıxış edib. O bildirib ki, hər birimizin prinsipial istəyi sosial siyasətin sabitliyidir, nazirlər dəyişdikcə struktur və institusional baxımından, o cümlədən dövlətin çoxmilyardlıq maliyyə tutumu və çoxşaxəli sosial siyasətinin varisliyidir. Z.Orucun sözlərinə görə, hər birimiz etiraf etməliyik ki, Nazirliyin ictimai müraciətlər qarşısında dayanmağı bacarması, maraq konfliktlərini çözmək üçün çevik həllər tapması, bir sözlə milli tələblərdən sınaqdan keçməsi və nəhayət, qəbul edilməsi mövcud siyasəti davam etdirməyi vacibləşdirir:

“Nazirliyin millətimizin sosial pasportunu – belə demək mümkündürsə, son 50 illik BIG DATA-nı yaratmağı bacarması, nəticə etibarilə dövlət siyasətində qərarqəbuletməyə böyük töhfəsi olan məlumat bazasını formalaşdırması istənilən həssas təbəqə üçün fərqli siyasət yürütməyə imkan verir. Təmsil etdiyimiz strukturun yaxından əməkdaşlıq edərkən sözügedən problemin dövlət qurumları üçün nə qədər ciddi olduğunu deyə bilərik.
Məsələn, təkcə qeyri-formal məşğulluqda olan insanların – 600 mindən artıq şəxsin əmək müqavilələrinin bağlanması özlüyündə təkcə dövlətin büdcə gəlirlərini artırmağa imkan vermir, eləcə də şəffaf və düzgün pensiya, icbari sığorta siyasətinə töhfə olur.
Ona görə də bizim birinci hədəfimiz iqtisadi dəyər yaratmanı artıran addımları gücləndirməkdir. Pensiya, müavinət və yardım üçün dövlətin resursunu artırmadan müxtəlif həssas qruplar üzrə ödənişləri köklü artırmaq mümkün olmayacaq. Ona görə də bizim birinci vəzifəmiz kütləvi olaraq iş yerlərinin yaradılması və iqtisadi sərvətlərin böyüməsidir.
Layihədə göstərilir ki, orta aylıq əməkhaqqı 997,1 manat təşkil edib. Lakin hər bir ev təsərrüfatının illik gəlirlərini hesablamaq üçün əhalinin 20 və 10 faizlik qrupları üzrə məcmu gəlirlərin paylanması təqdim olunsaydı, gəlirlərin gerçək bölgüsünü, varlı və yoxsul qrupların çəkisini, ünvanlı dövlət siyasəti üçün mötəbər məlumat bazasını dəqiq görmək olardı.
Digər tərəfdən, Hökumət yüksək və orta gəlirli insanların sayının artdığını aparılan iqtisadi siyasətin uğurları kimi təqdim edər, cəmiyyətdə sosial barışı təmin edərdi. Məsələn, qonşu Gürcüstanda aylıq maaşı 25 min dollardan çox olan 1100 nəfər muzdlu işçi, 345 min nəfərin aylıq maaşının 450-900 dollar arasında olduğu haqqında məlumatlar açıq mənbələrdə göstərilir. Biz yoxsullarla yanaşı, yüksək gəlirli şəxslərin də dəqiq statistikasını təqdim etsək, aparılan iqtisadi siyasətin effektivliyini daha yaxşı görmək, müxtəlif tənzimləmələr aparmaq imkanı qazanardıq”.

Z.Oruc bildirib ki, dövlətin Qayıdış siyasətinin mahiyyətini və hədəflərini vətəndaşlarımıza düzgün izah etməyi bacarmalıyıq:

“Sovet dövründə Qarabağda və indi azad olunan ərazilərdə 400 mindən artıq iş yerləri mövcud idi. İndi hədəf o torpaqlara 1 milyon insanın qayıtması, əhalinin coğrafiyamız üzrə mütənasib paylanmasıdır. Məsələn, adi bir fakt: Nazir özü də çıxışlarında bəyan edib, hər il orta məktəbi bitirən gənclərin 60 min nəfəri əmək bazarına heç bir ixtisas almadan daxil olur. Dövlətin peşə məktəbləri onları qarşılaya bilmir. Məşğulluq Agentliyi Qarabağa qayıdacaq 130 min insanın 73 faizinin ixtisassız olduğunu bildirir.
Məzunlar və peşə məktəbləri arasındakı qeyri-mütənasibliyi aradan qaldırmalıyıq. Hər birimiz adi məişət problemini həll edərkən, yaxşı usta, dülgər, bənna, yaxud inşaat mühəndisi axtarırıq. Beləliklə, 100 minlərlə insanı işsiz kateqoriyasından çıxarmaq üçün onları müxtəlif peşə və ixtisaslara sahib etsək, nəticədə, yüksək gəlirləri olan vətəndaşlar öz gələcək sosial ödənişlərini özləri formalaşdıracaq”.

Z.Oruc veteranlar və onlara edilməli olan güzəştlər barədə də danışıb:

“Veteranlarla bağlı hər kəs təklif edir ki, müavinətlər kommunal tariflərə uyğunlaşdırılsın. Ödənişlər iki, üç dəfə də artırılsa, problemi sonadək çözmək mümkün olmayacaq. Əsas məsələlərdən biri veteranlara müxtəlif aktivlər və birdəfəlik köməkliklər göstərib onları aktiv bir şəkildə əmək bazarına qaytarmaqdır. O zaman müqəddəs müharibə iştirakçılarımız, hər birimizin borclu olduğumuz döyüşçülər, gənc yaşlarından başlayaraq, həm də mülki həyatda öz layiqli yerlərini tutacaqlar və öz gələcəklərini formalaşdıra biləcəklər. Dövlətin ali məramı əmək resurslarını artırmaqdır”.

Nigar