33 saylı Xətai Birinci Seçki Dairəsindən deputatlığa namizəd Zahid Oruc rayonun Lütvizadə və Məzahir Rüstəmov küçəsi sakinləri ilə görüşlər keçirib. Tribunainfo.az bildirir ki, bu barədə Zahid Orucun Seçki Qərargahı məlumat yayıb. Məlumatda deyilir ki, 1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı davam edir. Növbəti görüş Dairə Seçki Komissiyası tərəfindən rəsmən müəyyən olunan Lütvizadə və Məzahir Rüstəmov küçəsinin 150-dək sakini ilə 2 saatdan çox davam edib. Xüsusi vurğulamaq yerinə düşər ki, sözügedən ərazi Heydər Əliyev Fondunun Bakıda həyata keçirdiyi nümunəvi məhəllələr yaradılması təşəbbüsü və birbaşa iştirakı ilə qurulan, yaşlıların istirahət və rahatlığı, uşaqların əyləncə məkanı kimi abadlaşdırılan və minlərlə sakinin istifadəsinə verilən yerdə keçirilməsi məmnunluq doğururdu. Görüş zamanı əhatədə 100-lərlə yeniyetmə və məktəblinin müşahidə edə biləcəyi- gələcək dövlət quruculuğunda millətimizi ləyaqətlə təmsil edəcək gənc nəsil üçün maraqlı və canlı platforma yaranmışdı, hər kəs xalq təmsilçiliyinə iddialı olan şəxsləri belə səmimi və yaxın mühitdə görmək istəyini və marağını dilə gətirirdi.
Əvvəlcə elmlər doktoru Əfqan Vəliyev və Tural İsmayılov təmsil etdikləri namizədin keçdiyi həyat və siyasi yoldan ətraflı bəhs etdilər, hazırki beynəlxalq təhlükələr şəraitində ölkəmizdə dincliyin və əmin-amanlığın qorunmasının vacibliyinə xüsusi vurğu edərək, gələcək Milli Məclisin üzərinə düşən məsuliyyətdən, xalqın tələb və gözləntilərindən danışdılar.
Zahid Oruc görüşdə çıxış edərək ilk növbədə, sadə ailənin övladı kimi, ali təhsil illərinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı qəsdlər dövrünə düşdüyü, parlament üzvü kimi beynəlxalq məkanda işğala məruz qalmış bir milləti təmsil etməyin ağırlığından danışdı, 44 günlük müqəddəs müharibə və Xankəndi Zəfərindən sonra təkcə torpaq və suverenlik deyil, həm də vətəndaş bütövlüyü qazandığımızı tarixi hadisə kimi qeyd etdi. Namizəd 100 mindən artıq köçkünü qoynuna alan Bərdə bölgəsinin həyatında dövlət və hakimiyyət orqanları ilə birlikdə görülən işləri qürurlu siyasi bioqrafiya adlandıraraq, hazırda namizəd kimi çıxış etdiyi və hər yerdə səmimi, güvənc və etimadla qarşılandığı Xətai rayonu əhalisi üçün də gerçəkləşdirməyə qadir olduğunu dilə gətirdi. Xüsusi imzatoplama kampaniyasını açıq və şəfaff qaydada həyata keçirməyi məhz ərazinin əsas problemlərinə bələd olmaq fürsəti kimi dəyərləndirən natiq seçicilərə müraciət edərkən hazırladığı “Xüsusi Buraxılış”da Xətai ilə bağlı görüşlərini, proqram və təkliflərini sadə şəkildə görüş iştirakçılarına təqdim etdi.
Zahid Oruc vədlər deyil, konkret vəzifələr üzrə parlament üzvü kimi ötən dövrdə gördüyü işlərdən, parlament üzvü kimi keçdiyi şərəfli yoldan, xalq qarşısında hər zaman verdiyi açıq hesabatlardan danışaraq, daim vətəndaşların yanında olduğunu, onların müraciət və problemlərini dövlət orqanlarına çatdırdığını, qanunvericilik orqanı təmsilçisinin məsuliyyət və səlahiyyət dairəsinə aid olan məsələləri sadaladı, xüsusi ilə ərazidə əhalinin fasiləsiz içməli, həmçinin təsərrüfat məqsədli su və istiliklə təminatı, sahibkarlığın inkişafı, məktəblərin və bağçaların təmiri, gənclərin sağlam böyüməsi və zərərli vərdişlərdən uzaq olmaları, karyera quruculuğu məsələləri və yeni şəhərsalma siyasəti, infrastrkturun dəyişməsi tədbirlərinin vətəndaşların hüquqi və sosial maraqlarına cavab verməsini millət vəkili-hökumət-icra orqanları vəhdətində birgə həllinin mümkünlüyünü inamlı dəlillərlə ifadə etdi.
Çıxış edən ağsaqqal, 85 yaşlı Əfkər Aslanov və Elbrus Hacıyev Zahid Oruca xüsusi ehtiramını bildirdilər, onu uzun illər parlamentin aktiv təmsilçisi kimi tanıdıqlarını və xalq üçün çalışdığını vurğuladılar, ona xeyir-dualarını verdilər, eyni zamanda yaşadıqları ərazinin bir sıra problemlərini-işıqlanma sisteminin gücləndirilməsi, fasiləsiz içməli su və istilik təminatına yardım göstərməsini xahiş etdilər. Digər natiqlər, Vüsalə Abbasova, Mehriban Nərimanova, Həqiqət Hüseynova, Pəri Bünyadova və Qənirə Həsəniləyeva da müxtəlif ictimai və fərdi probelmlərini dilə gətirdilər. Şəhid atası İsbəndiyar Əhmədov mənzil şəraiti ilə bağlı məsələyə kömək göstərilməsini xahiş etdi.
Problemlərin hər biri Seçki Qərargahı tərəfindən qeydə alınırdı və hər biri üzrə müvafiq tədbirlərdən sonra vətəndaşlara cavabların veriləcəyi xüsusi vurğulandı.
Görüşün sonunda Zahid Oruc vətəndaşlara səmimi söhbət və istiqanlı münasibət üçün dərin təşəkkürləri bildirirdi, onların etimadına layiq olmağa çalışacağına, üzərinə götürdyü vəzifələri daim yerinə yetirəcəyinə hər kəsi əmin etdi. Daha sonra sakinlərlə birlikdə, vətəndaş Mərziyyə Qasımovanın xahişi ilə 1992-ci ildə həyatını torpaqlarımız urğunda verən həyat yoldaşı Veysəl Qasımovun adının əbədiləşdirildiyi lövhəyə baxış keçirildi, Vətən müharibəsinin hər bir şəhidinə dövlətimizin ali münasibətini rəhbər götürərək şəhidin ailə üzvləri əmin olundu ki, ərazidə onun adına xüsusi guşənin yaradılması və gələcək nəsillər üçün ziyarət ünvanına çevrilməsinə köməklik göstərəcəkdir.
Namizəd seçicilərlə birlikdə onları narahat edən bir neçə problemli yerlərə baxış keçirdi. Görüşlərə dair ətraflı məlumatlar mütəmadi veriləcəkdir.