Həkimlər tanınmış jurnalistlə bağlı son qərarını verdi
Həkimlər tanınmış jurnalistlə bağlı son qərarını verdi
“Tanınmış jurnalist Zabil Müqabiloğlunun qara ciyərinin dördüncü dərəcəli-bərpaolunmaz serroz olduğu bu gün təəssüf ki, təsdiqləndi və ona təcili orqan nəql olunmalıdır”.
Müsavat. com-a bu barədə jurnalistin yaxın dostu, “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu məlumat verib. N.Sabiroğlunun dediyinə görə, ötən həftə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Z.Müqabiloğluna bu gün həkimlərin yekun rəyi verilib. “Diaqnozun nəticəsinə görə, jurnalistin qara ciyəri sıradan çıxdığı üçün təcili donor lazımdır. Həkimlərin dediyinə görə, əməliyyat üçün bütün qan qrupları uyğundur.
Jurnalistin yaxınlarından kiminsə donor olması istisna deyil və bu variant da yoxlanılacaq. Amma aydındır ki, bütün bu proseduraları, əməliyyat xərclərini qarşılamaq maddi vəziyyəti ağır, məcburi köçkün olan jurnalist üçün mümkünsüzdür. Bütün həmkarları kimi biz də dövlətin dəstəyinə ümid edirik”.
Qeyd edək ki, Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qara ciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İki gün sonra açıq əməliyyatla Zabilin partlamış vena damarları tikilib. Vəziyyətin ağır olması ilə əlaqədar jurnalist sonradan Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb və müalicəsi dövlət tərəfindən aparılır. Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər “525-ci qəzet” də müxbir, “Yeni Müsavat” qəzetində isə redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.