(Şanlı Aprel hadisələrinin şəhid polkovnik-leytenantı
Axundov Sənan Tahir oğlunun anası Roza xanım Axundova hər səhər belə düşünür: “… Yuxuda ikən ölmək istəyirəm, Sənanımla birgə olmaq üçün, onun yanında qalmaq üçün… ”
(Şanlı Aprel hadisələrinin şəhid polkovnik-leytenantı
Axundov Sənan Tahir oğlunun anası Roza xanım Axundova hər səhər belə düşünür: “… Yuxuda ikən ölmək istəyirəm, Sənanımla birgə olmaq üçün, onun yanında qalmaq üçün… ”
Bir ildir ki, gündüzlər onun həsrətini çəkib sızıldayıram, gecələr isə…Nə yaxşı ki, gecələr var. Bir- birimizə qovuşuruq. Onun təsəllisi, nurlu siması və… Və bir də “ …Bizdən darıxmayın, biz döyüşürük. Dostlarıma, uşaqlarıma və hər kəsə deyin ki, Sənandan nigaran olmasınlar, o sağdır, yaşayır və hər gün qəhrəmanlıq nümunəsi göstərir” deməsi, ürəyimə sərinlik gətirir. Əvəzində mən ona ana nəsihəti verirəm: “ Özünüzü gözləyin, bir-birinizdən muğayət olun.Ocağımızdan köz, bulağımızdan su götürən və hər ikisində gözləri olan o nadanları, o naxələfləri qovun, torpaqlarımızdan getsin…”
…Bu gecə də birgə idik.Əlini qoynuma salıb:
–Ana, atama de ki, darıxmasın—dedi.
–Yaman darıxır oğul, bir bu dava qurtarsa rahatlanardıq—dedim.
–Dava da qurtaracaq, torpaqlarımız da alınacaq…Həkiminə get, müalicəni davam etdir—dedi.
–Yaxşı-yaxşı…Təki, sən salamat qal—deyib, söhbətin mövzusunu dəyişmək istədim.
Sənan özünəməxsus sevgiylə:
–Dostlarımın xeyir-şər tədbirlərindən qalmayın ha?!
…Və bir də aramsız sorğular etdi:
–Nəcibəm (həyat yoldaşı) yuxuma tez-tez girir, görən o nə düşünür?!
–Tahirimi, Nəzrinimi qoruyun, dərslərində mükəmməl olsunlar.
–Bacım Mehribana mənim təbriklərimi çatdır, deki, oğlu Məhəmməd ali məktəbə girdi, əziyyəti hədər getmədi.
…Sənanın səsinin ahəngi, qayğıkeş çöhrəsi məni onun üstünə atdı.Qucaqlayıb bağrıma basdım. Əllərinin sığalı saçlarımda gəzdikcə özümü dünyanın ən xoşbəxtdi hiss etdim. Bu sevgidə, bu istəkdə, bu qovuşuqda yenə də səksəkəli düşüncələr beynimi dəldi:
–Ay Allah…Mən niyə çaşıram. Bu nə qəm-qüssə, bu nə dərd?! Heç özüm də bilmirəm?! Görən hansı doğrudur?! Kimin övladıdır itkin düşən, yaralanan, şəhid olan?! Yazıq onların analarının gününə. Kim idi Sənanın şəhidlik xəbərini bizə verən?! Kim idi?! Bu yanlışlıq hardan?!…
Sənanın səsi məni qarışıq düşüncələrdən ayırdı.
–Ana..ay ana! Niyə belə üzülmüsən?! Bəlkə mənim xiffətimi çəkirsən?! Qurban sənə, burada mən tək deyiləm. Qeyrətli, Vətənpərvər oğullarımızla birgəyik, birgə vuruşuruq. Düşmənin nə qədər canlı qüvvəsini və texnikasını məhv etmişik…
Sənanın sifəti sifətimə söykənmişdi, əlləri isə gözlərimə sığal çəkirdi. Bilmirdim nə danışım, nə edim. Sevincimi necə yaşayım ki, o, mənim kədərimi, xiffətimi duymasın. Duysa ürəksiz olar, döyüş tapşırıqlarının içrasında mənim fikirim, üzüntüm ona mane olar. Həmin gecə birgə olduq, ana-bala söhbətlərimiz uşaqlıqdan bu günə kimi gəlib çıxdı…
….Telefon zəng çaldı. Yuxudan ayıldım. Sənanın baralyefini hazırlayan usta idi… Gördüklərimin, söhbətlərimin, balama qovuşmağımın yenə də yuxu olduğu bədənimi titrətdi, hönkürtü və göz yaşları ilə onun portretinin önünə gəldim. Diz çökdüm. Və əlimi göyə qaldırıb dedim: “ Ay Allah, hər gecə təkrarlanan bu yuxularda ölmək istəyirəm. Sənanımla birgə olmaq üçün, onun yanında qalmaq üçün…”