Zaqatalanın ən iri yaşayış məntəqələrindən biri olan Yuxarı Tala kəndinə yağan yağışdan sonra yaranan mənzərə heç də ürəkaçan deyil.
Tribunainfo.az xəbər verir ki, bu barədə Bizim.Media-ya kənd sakinləri məlumat verib.
Onlar bildiriblər ki, bir neçə gün əvvəl yağan leysan yağışlarından sonra kəndin küçələrinə sel gəlib. Nəticədə, sel sularının gətirdiyi qum-çınqıl yolları bərbad vəziyyətə salıb.
Sakinlər məsələ ilə bağlı yerli qurumlara müraciət edərək küçənin təmizlənməsini xahiş etsələr də, hələlik heç bir reaksiya yoxdur.
Məsələ ilə bağlı Yuxarı Tala bələdiyyəsindən Bizim.Media-ya bildirilib ki, sel-suların kəndin küçələrinə axmasının başlıca səbəbi Tala çayından suyun daxili arxlara verilməsidir:
“Belə ki, havaların quraq və isti keçdiyi günlərdə çayın yuxarı hissəsindəki bəndlərdən daxili arxlara su verilir. Yağış yağanda isə bəndlərin ağzını çaya doğru açmaq yaddan çıxır. Nəticədə belə fəsadlar ortaya çıxır.
Bu səbəbdən kəndin ərazisində əsas və yardımçı yol və küçələr sel-sulara qərq olur. Nəticədə isə yolları daş, qum-çınqıl basaraq bərbad vəziyyətə gətirir. Hazırda bələdiyyə daxili imkanları hesabına bu işləri həyata keçirir. Növbəti mərhələdə qeyd edilən küçələr də abadlaşdırılacaq”.