YUSİF HƏSƏNBƏY: “ONLARI GÖRƏNDƏN SONRA “SAÇLARINA GÜL DÜZÜM” ŞEİRİNİ YAZDIM”

YUSİF HƏSƏNBƏY: “ONLARI GÖRƏNDƏN SONRA “SAÇLARINA GÜL DÜZÜM” ŞEİRİNİ YAZDIM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Saçlarına gül düzüm,

Mənim günüm, gündüzüm!

Sənsiz mən necə dözüm,

Bilmirəm özüm…

Mirzə Babayev, Flora Kərimova, İlhamə Quliyeva, Brilyant Dadaşova, Aygün Kazımova,  Mübariz Tağıyev və neçə-neçə sənətkarlarımızın ifasında bu nəğməni eşitdik. Hər səsdə bir başqa gözəlləşdi, mənalandı, sevildi. Şübhəsiz ki, nəcib sözlərlə həzin melodiyanın vəhdətindən yaranan bu mahnı hələ uzun illər cazibəsini qoruyacaq.

Şair, dramaturq, nasir Yusif Həsənbəyin Tribunainfo.az- a müsahibəsi.

-Yusif müəllim, qarşıdan doğum gününüz gəlir.  90 illik yubileyiniz təntənəli şəkildə qeyd olunmuşdu. Bu il doğum gününüzü necə keçirəcəksiniz?

-Bu il təntənəli olmayacaq, çünki ötən il doxsan yaşım tamam olurdu. Ötənilki tədbiri də Yazıçılar Birliyi təşkil etmişdi. Yoldaşlarla toplaşıb yaradıcılığım haqqında söhbətlər etdik, şeirlərim səsləndi. Bir növ yaradıcılığımı qiymətləndirdilər. Bu da gələcək işlərimi davam etdirmək üçün stimula çevrildi.

-Sizin yaradıcılığınızda həm nəsr var, həm nəzm. Ruhunuza hansı daha yaxındır?

-Onu demək çətindir. Mən şeirlə başlamışam. Elə günüm olmayıb ki, şeir haqqında düşünməyim. Hazırda bəzi şeirlərimə təkrar qayıdıram, üzərində işləyirəm. Məsələ ondadır ki, hər yeni işə başlamaq üçün bir güc hiss eləməlisən. Bu gücün də bir tükənən vaxtı olur.

-Sizdə tükənməyib ki?

-Ümumiyyətlə, o güc tükənsə də, müəyyən dövrdən sonra yenidən bərpa olur.

-Yusif müəllim, hər yazıçının bir “ən” əsəri olur. Sizin yaradıcılığınızda bu əsər hansıdır?

 –Yazıçının beş-altı romanı ola bilər, ancaq onların arasında biri digərlərindən yaxşı mənada seçilir. Həmin əsər də yazıçının yolunda mayaka çevrilir. Mən öz yaradıcılığımda “Sualtı döyüşlər” romanını belə adlandıra bilərəm.

-Sualtı döyüşlər” bildiyim qədərilə real hadisələrə əsaslanır.

-Hə, mən uzun illər dənizlərdə üzmüşəm. Romanlarımda, povestlərimdə dənizlə bağlı çox yazmışam. Son hekayəmdə belə dənizdən gələn motivlər var. Bir neçə şeirim var ki, məhz dəniz səyahətinə həsr olunub. O həyatı unutmaq mümkün deyil. Bədii əsər qidasını ya kitablardan alır, ya da həyatda təsirləndiyin hadisələrdən. Romanlarımda dənizçi qəhrəmanlar önəmli yer tutub. O qəhrəmanlar ki, mən onları real tanıyıram. Məsələn, “Sualtı döyüşlər” romanını yazanda havadan obraz düzəltməmişəm. Dənizdə kimi görmüşəmsə, onları yazmışam, canlı qəhrəmanları ədəbiyyata gətirmişəm. Deməli, yaradıcılıq gecəmə vaxtilə mənimlə bir gəmidə üzən dörd dənizçi dəvət etmişdim. Onların işləri barədə romanda məlumat vermişəm. Bu dəvət insanlara çox xoş gəldi ki, bədii əsərin canlı qəhrəmanları burdadır. Ümumiyyətlə, dəniz sevgim həmişə olub. Hətta vaxtilə Hərbi Dəniz Akademiyasına daxil olmuşam, ancaq ailə vəziyyətinə görə orda oxumaq mənə qismət olmadı. Akademiyaya gedəndən sonra qardaşımı əsgər apardılar, anam Qubada tək qaldı. Mən də onu tək qoya bilməzdim. Beləcə ordan çıxdım, sonra Pedaqoji İnstitutu bitirib Komsomol Komitəsində işə girdim.

O iş məni açmadı, həddindən artıq rəsmi, quru iş idi. Buna görə də çox davam gətirə bilmədim. İl yarım işlədim. Sonra musiqi nəşriyyatına getdim. Nəşriyyatdakı işim qaydasında gedirdi. Ora rəssamlar, şairlər gəlirdilər. Bir sözlə, musiqinin içində idim. Musiqiyə bağlı adamam. Uşaqlıqdan tarda, pianoda ifa edə bilirdim. Nəşriyyatda bir çox bəstəkarlarla tanış oldum. Bu tanışlıqlardan sonra neçə-neçə mahnılar yazıldı.

-Səhv etmirəmsə, “Saçlarına gül düzüm” ün hekayəsi də ordan başlayır.

-Hə. Bir gün Rauf müəllim dedi ki, məndə bir musiqi var, ona söz yazmaq lazımdır. Pianoda həmin musiqini ifa elədi, qulaq asdım, musiqi məni tutdu, dedim, yazaram.

-Kimin saçlarına gül düzürdünüz? Bu şeirin ilham pərisi kim idi?

 –Deməli, Qubada çayın qırağında elektrostansiya vardı. Yasəmənlər açan vaxt o binanın dörd tərəfində güllər baş qaldırır, sanki binanı qucaqlayırdılar. Musiqini dinləyəndə həmin mənzərə gözümün qabağına gəldi. Oturub onu təsvir elədim, birinci bəndi də belə yazıldı.

Bağçalarda yasəmənlər verdi baş-başa,

Lalələr bürüdü çəməni, düzü.

Ay sevgilim, bu yerlərdə gəzməsək qoşa,

Çəmənlər, çiçəklər qınayar bizi.

-Bu mahnını bir çox sənətkarların ifasında eşitmişik. O ifalardan hansını daha yaxşı hesab edirsiniz?

-Ən gözəli Mirzə Babayevlə Flora Kərimovanın ifasıdır. Mənə elə gəlir ki, onlar mətni hiss edib, doğmalaşıb sonra oxudular. Bilirsiniz, mahnının iki dəqiqə giriş hissəsi vardı. Sonradan o hissəsini kəsdilər, guya mahnı uzun imiş. Sənət əsəri uzun-qısa ola bilməz. Bəzən deyirlər ki, filan roman uzundur. Bəlkə desinlər ki, oxucu hələ o romanı oxumağa hazır deyil. Musiqi də həmçinin.-

-Yaradıcılığınızda Quba motivi də önəmli yer tutur.

 –Mən Qubada doğulmuşam, böyümüşəm. Ümumiyyətlə, torpağa bağlı adamam. Əvvəllər Qubaya tez-tez gedirdim. Çünki o vaxt anam, bacım, qardaşım, dostlarım vardı. İndi doğmalarım rəhmətə gedib. Qubaya gedəndə elə bilirəm ki, qərib yerdəyəm. Torpaq, ağac, bağça hər şey var, ancaq doğmalarım yoxdu. Buna baxmayaraq Quba məni bu gün də özünə çəkir.

-Yusif müəllim, ədəbiyyata gəlişiniz ötən əsrin ortalarına təsadüf edir. Altmışıncı illərdə baş verən ədəbi proseslərin də içində olmusunuz. Necə xatırlayırsınız o illəri?

 –Mən ədəbiyyata əllinci illərdə gəlmişəm. “Altmışıncılar” haqqında danışarkən birinci bunu deməliyəm ki, onlar ədəbiyyata yeni nəfəs gətirdilər, cəsarətli söz dedilər. Əllinci, altmışıncı illərin yazıçıları ədəbiyyatda çox yaxşı iz qoydular.  O vaxt Yazıçılar İttifaqında yenilikçilər və çalpapaqlar qrupu vardı. Qruplaşmalar olsa da hər ikisi yeni nələrsə yaratmağa çalışırdılar. Yenilik cəsarət tələb edir. Cəsarət də elə şeydir ki, o adamın qanında olmalıdır. İstər nəsr olsun, istər şeir, istərsə də dram əsəri. O yerdə ki, təzəlik var, gec-tez özünə yol açır.

-Bəs siz necə? Cəsarətli insansınız?

-Cəsarətsiz adam deyiləm, amma özümü gözə soxmağı da sevmirəm. Bu mənə lazım deyil.

Siz adsızlara verin şan-şöhrəti

Mənim Həsənbəy tək gözəl adım var.

-200-dən çox mahnının söz yazarısınız. Nəğməkar şair sözünün haqqını verən imzalardansınız. Nəğməkar şair təyininə münasibətiniz necədir?

 –İlk növbədə şair olmaq lazımdır. Nəğməkar şair, lirik şair kimi bölgülər sonradan yaranır. Məncə, nəğməkar şair ifadəsi düzgün deyil. Mən oturub şeir yazıram, nəğmə hələ xəyalımda yoxdur. Şeir bəstəkarı cəlb edirsə, mətnə müraciət edir. Əgər həmin şair yalnız nəğmə mətni yazırsa, elə demək olar. Əks halda nəğməkar şair ifadəsini istifadə etmək düzgün deyil.

-Sizin həm də tərcümə fəaliyyətiniz var.

-Mən Avropa, Asiya şairlərinin seçmə şeirlərini Azərbaycan dilinə tərcümə eləmişəm. Tərcümələrdən ibarət “Hikmət qovağı” adlı kitab çap etdirmişəm. Bir sözlə, tərcümə sahəsində xeyli iş görmüşəm. O cümlədən, mənim də əsərlərimi başqa dillərə tərcümə ediblər.

-Ailə üzvlərinizdən sizin yolunuzu davam etdirən varmı?

-Bir oğlum var, hazırda proqramlaşdırma sahəsində çalışır. Mənimlə eyni sahədə olmasa da, çox yaxşı zövqü var. Sənəti yaxşı anlayır. Mən ona demədim ki, gəl, mənim yolumu davam elə. Özü öz yolunu seçib. Ona hələ balacalıqdan müstəqillik vermişəm. Heç vaxt qulağından tutub deməmişəm ki, bunu belə elə. İstədiyi kimi hərəkət edib. İndi o, bir neçə xarici dil bilən, müasir, savadlı insandır. Bir oğlan nəvəm də var, Almaniyada yaşayır.

-Yusif müəllim, sonda keçdiyiniz həyat yoluna dair üç-beş kəlmə ilə xatırlasanız…

-Qızım, mənim ürəyimdə heç vaxt xılt olmayıb, başqasına paxıllıq eləməmişəm. Kinküdurət saxlamamışam. Ona görə bu yaşa gəlib çatmışam. Deyirlər ki, kim özünü neçə yaşda hiss edirsə, o qədər də yaşı var. Mən özümü olduğum yaşda hiss eləmirəm. Hələ canım suludur, yaxşıyam, gəzirəm, düşünürəm, yazıram…

 

 Aytac Sahəd

Tribunainfo.az