Bir neçə gündür ölkə ərazisində müşahidə olunan qarlı, şaxtalı hava şəraiti nəticəsində bir sıra yollarda problem yaranıb.
Bir neçə gündür ölkə ərazisində müşahidə olunan qarlı, şaxtalı hava şəraiti nəticəsində bir sıra yollarda problem yaranıb.
Qar yağmasa da, gecə havanın temperaturunun 0 dərəcədən aşağı enməsi yollarda buzlaşmaya səbəb olub. Hazırda Biləcəri və Masazır qəsəbələri ərazisində bir sıra yollarda buzlaşma səbəbindən avtomobillərin hərəkətində problemlər yaranıb. Bu da yollarda sıxlığa səbəb olub.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a açıqlamasında hazırda yollarda vəziyyətin normal olduğunu deyib:
“Səhər buzlaşma müşahidə edilən yollara duz, qum qarışığı səpilib. Sadəcə ola bilər ki, ara yollarda müəyyən qədər buzlaşma olsun. Əsas yollarda isə heç bir problem yoxdur. Yollardakı tıxaca gəldikdə, bəzi sürücülər avtomobilini aşağı sürətlə sürür bu da sıxlığa səbəb olur. Bəzi yollarda isə hava şəraitindən asılı olmayaraq günün pik saatlarında sıxlıq müşahidə edilir”.