“Yoldaşım iki aylıq hamilə idi, onu qarnından güllələdilər” – BİR ƏSİRİN QANDONDURAN HEKAYƏSİ – VİDEOMÜSAHİBƏbackend

“Yoldaşım iki aylıq hamilə idi, onu qarnından güllələdilər” – BİR ƏSİRİN QANDONDURAN HEKAYƏSİ – VİDEOMÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZXEBER.COM Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gəncliyin Sosial -İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilati dəstəyi ilə “Mən evdən uzaqdayam” adlı avtobioqrafik müsahibələr silsiləsinin ilk buraxılışını təqdim edir.

İlk müsahibimiz Xocalı sakini, 27 gün erməni əsirliyində qalmış Valeh Hüseynovdur.

“Uşaq qucağımdaca keçindi. Gətirdim anasının yanına qoydum, hər ikisi orada da qaldılar”.

– Xoş gəlmisiniz, Valeh müəllim.

Salam, xoş gördük.

– Özünüzü necə hiss edirsiniz?

Yaxşıyam, minnətdaram.

– İstəyirəm sizinlə bir az həmin günlərə geri dönək. Təsəvvür etmək çətin deyil ki, hər dəfə o gecəni xatırlamaq sizin üçün də asan deyil. Xocalını tərk etdiyiniz o son günü necə xatırlayırsız?

Əvvəla, dəvətiniz üçün təşəkkür edirəm. Hamıya məlumdur ki, Xocalı soyqırımı 1992-ci il fevral ayının 26-da baş verib. Biz bu hadisəni gözləyirdik, təxmin edirdik ki, belə bir hücum olacaq. Ətraf kəndlər, o cümlədən Cəmilli, Meşəli, Kərkicahan, Kosalar, Quşcular, Malıbəyli artıq işğal olunanda biz bilirdik ki növbəti hədəf bizik. 1992-ci ilin fevralın 25-i axşam saatlarından biz kəndə yaxınlaşan hərbi texnikaların səsini eşidirdik. Ozamanlar mən yeni ailə qurmuşdum. Gecə 22:30 radələri olardı, evdə oturmuşduq. Eyni anda toplardan, raketlərdən atəş açılmağa başlandı və biz anladıq ki, artıq onlar Xocalıya daxil olublar. Bizdə isə heç bir qüvvə, silah-sursat yox idi. Ən güclü silahımız avtomat idi. O da on nəfərdən birinə düşürdü. Artıq biz məcbur olub evdən çıxdıq və insanların toplaşdığı yerə gəldik. Ara yollarla onları “Qarqar” çayının sahilinə gətirdik. Cavanlar, gənclər birtəhər çalışdıq ki, uşaqları, qadınları və yaşlıları çaydan keçirək. Sonda həyat yoldaşımı keçirdəndə mən soyuq suyun içinə düşdüm.

– Bildiyim qədərilə həmin gecə yoldaşınızın izini itirdiniz, bir-birinizdən ayrı düşdünüz…

Bəli!… Daha sonra birtəhər çıxdıq “Kətik” dağına. Qışın günü, o soyuqda insanlar dağlarda donaraq öldülər. Ermənilər də yaxşı bilirdi ki, xocalılılar hardan keçib gedə bilər. Elə ona görə də o yerləri güllə atəşinə tutmuşdular. Milli qəhrəmanımız Aqil Quliyev var idi, yaralanmışdı. Onu xərəkdə gətirəndə güllə ona da dəydi, şəhid oldu. Mənim gözümün önündə 22-23 yaşlı cavan ananı vurdular, qucağında körpəsi ağlayırdı. Mən onu qucağıma götürdüm, gördüm əllərim isindi. Arxasını çevirəndə gördüm ki, güllə dəyib. Uşaq qucağımdaca keçindi. Gətirdim anasının yanına qoydum, hər ikisi orada da qaldılar.

Bu faciəni kim unuda bilər? Durduğumuz yerdə insanlar canını tapşırırdı, bilmirdik ki, hardan atırlar. Əlif Hacıyev öz dəstəsi ilə bir tərəfə, biz də digər tərəfə yollandıq. Elə bu an onun dəstəsindəki uşaqlar qışqırdılar ki, Əlifi vurdular… Mən yoldaşıma dedim ki, sən camaatla get, mən dağ yolu ilə gedim, yolu kəsim. Sonra getdim kəndə çatdım, yoldaşımı axtardım, dedilər ki, o gələ bilmədi, meşədə qaldı.

“Yaxınlaşıb onu qaldırmağa çalışanda gördüm ki, qarnından iki güllə dəyib. Yoldaşım iki aylıq hamilə idi…”

– Və siz onu tapmaq üçün yenidən o yolu geri qayıtdınız?

Bəli! Mənə çox mane olmağa çalışdılar ki, ora qayıtmaq ölümdür. Dedim ki, yox, gedəcəyəm. Gəldim yoldaşımı tapdım, yanında da 12, 13 nəfər qadın, uşaq var idi. Dürdanə Ağayeva da onunla idi.

– Bu yoldaşınızı son görüşünüz oldu…

Bəli! (gözləri dolur) Onları xeyli yol arxamca gətirdim. Mən öndə gedib qarda yol açırdım, qadın, qız mənim arxamca gəlirdilər. Elə bu anda ermənilər bizi tam əhatəyə aldılar. Səadətin qışqırığını eşitdim. Ona tərəf çöndüm, başını qaldırdı mənə baxdı. Vurulduğunu bilmirdim. Yaxınlaşıb onu qaldırmağa çalışanda gördüm ki qarnından iki güllə ilə vurulub. Yoldaşım iki aylıq hamilə idi… (Ağlayır) O, heç bir söz demədən gözlərini yumdu və orada da qaldı. Mənsə əsəbi halda qalxdım və ermənilər olan tərəfə getməyə başladım. Elə bu anda başımdan avtomatın qundağı ilə vuraraq məni yerə yıxdılar və biz əsir düşdük. Bizi gətirib çayın bumbuz suyuna uzatdılar. Bir az sonra hamımızı yığıb gətirdilər Əsgərana, polis idarəsinin binasına. Oranın padvalında bizə dözülməz işgəncələr verilməyə başlandı. O zamanlar Ağdam polis idarəsinə “qrad” atmışdılar. Ora dağılanda bütün taxta parçalarını söküb gətirmişdilər ki, bizi onlarla döysünlər. Elə mənə ilk zərbəni başımdan vurdular, huşumu itirdim, özümdən getdim. Ayılanda artıq bədənimi hiss etmirdim. Məni o qədər döymüşdülər ki, hər yerim al-qan içində idi. Beləcə zülümlər başlandı…

– Sizinlə yanaşı həmin kameralarda qadınlar və uşaqlar da var idi?

Yox, onlar başqa kameralarda idilər.

“Əllərimi yandırdıqları, barmaqlarımı qırdıqları günü mən işgəncə saymıram”.

– Onlar da eyni işgəncələrə məruz qalırdılar? Siz bunun şahidi olurdunuz?

Biz onların sadəcə səsini eşidirdik. Düşmən əlində olasan, orada da qadın, qız ola… (susur) Azərbaycanlı qızı bir küncdə oturub, hər girən ona bir təpik vurur. (ağlayır) Mən də yerdə meyit kimi uzanan bir kişi, əlimdən heç nə gəlmir. Mən həmişə düşünürdüm ki, Səadət mənim gözümün qabağında əsir düşsə idi, mən nə edərdim? Orada özümü öldürə də bilmirdim. Dırnaqlarımı çıxartdılar, əllərimi yandırdılar, qabırğalarımı, dişlərimi, barmaqlarımı qırdılar. Bədənimdə salamat yer qoymadılar. Bütün onların ləkələri bu dəqiqə də bədənimdə qalıb. Nə qədər çalışsam da bu günə qədər o ləkələr getmədi. Və günü bu gün də mən, o işgəncələrin verdiyi fəsadların ağrılarını çəkirəm. Amma mənim üçün ən böyük işgəncə o qadınların çığırtısı idi. Əllərimi yandırdıqları, barmaqlarımı qırdıqları günü mən işgəncə saymıram. Mənim üçün işgəncə o qadınların səsini eşitməyim idi. Martın 6-ı mənə elə bir yerdə elə bir işgəncə verdilər ki, 6 gün koma vəziyyətində qaldım.

– Yaralılara heç bir tibbi yardım göstərilmirdi?

Xeyr, heç bir yardımdan söhbət gedə bilməzdi. Bir erməni həkim gətirdilər, o da bir dənə yod gətirmişdi. O işgəncələrdən sonra məni yod vannasına salsaydın, belə xeyri olmazdı. Sonuncu günlərdə vəziyyətim daha da pisləşdi.

Vitali Balasanyan girdi içəri. Əlində mənim şəklim var idi. Şəkili mənə göstərib dedi kisənin adın Valehdir?

– Amma, deyəsən onlar sizi öldürmək istəmirdilər?

Onlar buna dəfələrlə cəhd etdilar amma Allaha qurban olum, son anda fikirlərindən daşınırdılar. Bir gün döymüşdülər məni, huşum getmişdi. Ayılanda gördüm ki qapı açıldı, Vitali Balasanyan girdi içəri. Əlində mənim şəklim var idi. Şəkli mənə göstərib dedi ki, sənin adın Valehdir? Dedim hə. Dedi Hüseynov? Dedim hə. Dedi sən gitara çalansan? Dedim hə. Bunları soruşdu və çıxıb getdi. Sonra gəldilər başıma vedrə keçirtdilər, əllərindəki çubuqlarla başladılar vedrəyə vurmağa. O an elə bir səs gəlirdi ki, o səs hələ də mənim qulağımdadır. Bayır üzü görmürdüm deyə havaya çıxan kimi yıxıldım. Mənə yalandan paltar, ayaqqabı geyindirdilər, gətirib bir maşına əyləşdirdilər. Oturanda gördüm kimsə dedi ki, sən Valehsən? Dedim bəli. Amma duydum ki, təmiz azərbaycanlı ləhcəsidir. Gələn Allahverdi Bağırovun köməkçisi Zahid Qarayev idi. Mənə dedi ki, sənin arxanca gəlmişəm. Səngərə qədər gəldik, bizi orada Allahverdi Bağırov özü qarşıladı. Mənim əvəzimə onlara 3 erməni qadını verdilər. Dedilər ki, baxın görün bu qadınlara biz işgəncə etmişik? Bəs, siz niyə bizim əsiri bu günə qoymusuz? Onlar da yalandan sorğu sual etməyə başladılar. Guya məni bu günə kimin saldığını bilmirdilər.

– Sizi Azərbaycana qaytardılar. Bəs, sizinlə birlikdə orada əsir olan digər vətəndaşların taleyi necə oldu?

Orada şəhid olanlar da oldu. Bir çoxunu isə Allahverdi Bağırov ermənilər ilə dəyişdi. Allah ona rəhmət eləsin!

“Həyat davam etsə də, o ağrı, o iztirab heç vaxt yaddan çıxmayacaq”.

– İllərdir bu hadisələri danışırsız və mən əminəm ki, heç vaxt da unuda bilməzsiniz. Hər dəfə danışanda da sanki o acını yenidən yaşadığınızı hiss etmək olur. Əsirlikdən sonrakı həyatınız necə dəyişdi? Sağala bildinizmi? Normal həyata davam edə bildinizmi?

Həyat davam edir, insan hər şeyə məcbur olur. Dəfələrlə intihar etmək istəmişəm, amma qürurum əl verməyib. Çünki valideynlərimin, bacılarımın çəkdiyi zülümləri görmüşəm. Hamısı mənə görə xəstə düşdülər. Atam meşəyə gedib, dizlərini yerə qoyub Allahın qarşısında heyvan səsləri çıxardırmış (ağlayır). Mən onların bu zülmünə görə yaşadım. Yenidən ailə qurdum, üç övladım var. Həyat davam etsə də, o ağrı, o izdirab heç vaxt yaddan çıxmayacaq. Orada yaşananlar insanlığa sığmayan şeylərdir. O qədər insana gözümün qabağında edilən işgəncələri mən necə unudum?

– Artıq bilirsiniz ki, azad olunmuş torpaqlara böyük köç başlayıb. O torpaqlarda yenidənqurma işləri gedir. Əhali öz evinə geri dönür. Yenidən Xocalıda yaşaya bilərsinizmi?

Çox adam deyir ki, mən Xocalıya ayağı yalın gedərəm. Amma mən deyirəm ki yox, mən maşınla gedərəm ki, tez çatım. Təbii ki, bu çox çətin olacaq. Bir tərəfə baxıram qonşularımız yox, İnqilab yox, atası yox, anası yox, bu biri tərəfə baxıram əmimin ailəsindən heç kim yox, arxaya baxıram babamın evidir, dayım yox, dayımın ailəsi yox, babam yox, nənəm yox. Üzüaşağı baxıram, üzüyuxarı baxıram orada elə bir ailə yoxdur ki, oradan bir şəhid çıxmasın. Bizim üçün orada yaşamaq əvvəlcə çox çətin olacaq. Çünki orada bizim xatirələrimiz var.

– Çox sağ olun, Valeh bəy. Əminəm ki, siz hər dəfə bu hadisələri danışanda onları yenidən yaşayırsız, eyni əzabları çəkirsiz. İnanıram ki, bütün bu yaşadıqlarınız ömür boyu sizinlə olacaq. Amma, çox sağ olun ki, bu gerçəkləri bizimlə bölüşürsünüz.

– Siz də sağ olun. Hər birinizə minnətdaram!