Uşaq tapdığı qumbaranı evə gətirib və faciə baş verib. Qumbaranın partlaması nəticəsində 5 nəfər dünyasını dəyişib.
Tribunainfo.az-ın məlumatına görə, dəhşətli faciə Ağcabədinin Hindarx qəsəbəsində olub.
İddiaya görə, 42 yaşlı Bəhruz Quliyevin yaşadığı evdə qonaq olan bacısı oğlu Murad Məmmədli qazantəpə adlanan ərazidən qumbara tapıb və onu evə gətirərək dayısına verib. Bəhruz qumbaranın üzərindəki alışdırıcını çıxarıb və bir neçə saniyə sonra evdə partlayış olub.
Partlayış nəticəsində Bəhruz Quliyevlə yanaşı, onun atası – 66 yaşlı Şamiq Quliyev, qardaşı oğlu 7 yaşlı Natiq Quliyev və bacısının övladları – 10 yaşlı Məhəmməd Məmmədli və 7 yaşlı Murad Məmmədli dünyalarını dəyişiblər. Bəhruz Quliyevin bacısı 40 yaşlı Ülviyyə Məmmədli və 10 yaşlı qız isə yaralanıblar.
TƏBİB-dən bildirilib ki, partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə və qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.