Gələcəyimiz olan uşaqları formalaşdıran bir çox amillər var. Bu amillər sırasına uşaqların dünyagörüşünü formalaşdıran cizgi filmləri də daxildir.
Gələcəyimiz olan uşaqları formalaşdıran bir çox amillər var. Bu amillər sırasına uşaqların dünyagörüşünü formalaşdıran cizgi filmləri də daxildir. Cizgi filmləri uşaqlara kitab oxumaq, danışmaq, şəxsiyyət kimi formalaşmaq kimi məsələlərdə kömək edən vasitədir. Hər uşaq kitab oxumağı sevməyə bilər, amma cizgi filmini sevməyən çox az uşaq var. Dünyanın bir çox ölkəsində uşaqların intellektinin inkişafı, doğma dilini öyrənməsi üçün kifayət qədər cizgi filmləri çəkilir.
Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə bu sahə o qədər də inkişaf etməyib. Bunun nəticəsində uşaqlar daha çox Türkiyə türkcəsində olan və rusdilli cizgi filmləri izləyirlər. Onlar cizgi filmlərindəki qəhrəmanların danışdığı dili mənimsəyirlər. Atılan bu təməl uşaqların doğma dildən uzaqlaşmasına səbəb olur.
Azərbaycanda bu sahənin geridə qalmasının səbəbi nədir?
TİA.AZ xəbər verir ki, “Azanfilm” studiyasının icraçı direktoru Emil İbrahimov Modern.az-a bildirib ki, cizgi filmlərinin inkifaşının qarşısında duran amillər var: “Hər şeydən əvvəl mütəxəssis çatışmazlığı, animasiyanın başqa sahələrə nisbətən daha bahalı olması… Bundan əlavə, Azərbaycanda tamaşaçı kütləsinin az olması bu sahənin inkişaf etməsinin qarşısında duran əngəllərdəndir”.
E.İbrahimov bildirib ki, bu sahəyə dövlət dəstəyi olmasa, daha da geridə qalardı.
“Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ildə 2 animasiya filmi çəkilir. Keçən il “Əlifba” adlı 5 hissəli animasiya filmini təhvil vermişik. Film uşaqlarda kiçik yaşdan oxuma, yazma vərdişlərinin artırılması məqsədilə çəkilib. Animasiya ümumilikdə 30 dəqiqəyə yaxındır.
Animasiya heç də ucuz başa gəlmir. Bütün dünyada, hətta ən ucuz işləyən Hindistan və Banqladeşdə belə, animasiyanın bir saniyəsi 25 dollara çəkilir. Nəzərə almaq lazımdır ki, animasiya filminin üzərində yalnız animator yox, rejissorlar, rəssamlar, teksturaçılar, montajçılar, reqçilər və texniki işçilər də fəaliyyət göstərir. Hər bir ixtisas üzrə ayrı-ayrı qruplar işləyir. Bunun üçün də böyük maliyyə lazımdır. Layihə olmalıdır ki, bütün bunları bir yerdə saxlayasan”.
İcraçı direktorun sözlərinə görə, animasiya sahəsinin geridə qalmasının əsas səbəblərindən biri də mütəxəssis çatışmazlığıdır: “Maliyyə vəziyyəti yaxşı olmayan yerdə kimisə güclə saxlamaq olmur. Həmin adamlar animasiyaya sərf etdiyi vaxtın, enerjinin bir hissəsini sərf etməklə müxtəlif reklam, dizayn şirkətlərində fəaliyyət göstərirlər. Orada animasiya çəkilişinə sərf etdiklərindən az vaxt sərf etməklə, çox qazanc əldə edirlər”.
E.İbrahimov deyib ki, tamaşaçı kütləsinin azlığından da danışıb.
“Bizim yeni layihələrimizdən biri “Cırtdan” nağıl qəhrəmanı ilə bağlı animasiyaların hazırlanmasıdır. Amma yenə də qonşu ölkələr Rusiya və Türkiyənin səviyyəsinə çata bilmirik. Bizim uşaqlarımız öz cizgi filmlərimizdən çox, Türkiyə və Rusiya istehsalı filmlərə baxırlar. Bu da o ölkənin tamaşaçı kütləsi ilə bağlıdır. Onların istehsal etdikləri məhsulları reallaşdırmaq üçün bazarları var. Bizdə isə o bazar məhdud kütlədən ibarətdir və qoyulan xərc, çəkilən əziyyətin qarşılığını vermir. Dövlət tərəfindən animasiya çəkilişinə maliyyə ayrılmasa, vəziyyət daha da pis olar. Animasiya sahəsi kommersiya baxımından heç də maraqlı sahə deyil”.
Uşaq ədəbiyyatı sahəsində bir neçə kitab müəllifi olan yazıçı Reyhan Yusifqızı cizgi filmlərinin uşaqların formalaşmasında önəmli yeri olduğunu düşünür: “Ümumiyyətlə, uşaqlar üçün yazılmış kitablar, musiqi, cizgi filmləri – bunlar hamısı çox önəmlidir. Bəzi valideynlər buna önəm vermir. Bütün bunlar uşağın şəxsiyyət kimi formalaşmasında böyük əhəmiyyətə malikdir. Milli ruh bunların köməyi ilə formalaşır. Millətlər, xalqlar arasında müəyyən fərqlər var, bu da onların uşaqlıqdan oxuduqları kitablar, baxdıqları cizgi filmləri, dinlədikləri musiqilərlə əlaqəlidir.
Mən müşahidə etmişəm ki, bizim gənc valideynlər ilk növbədə uşağın yeməyini verir, onlara elə gəlir ki, yemək yeməsə, böyüməyəcək. İkincisi, uşaqları yaxşı geyindirməyə çalışırlar, bu, birbaşa ailənin imici ilə bağlıdır. Ən sonda isə uşağın intellektual səviyyəsinə, dilinə, danışığına, oxumağına diqqət ayırırlar. Bu da uşaqlarımızın gələcəkdə diksiya, aydın danışmağına ciddi təsir edir. Hətta bəzi universitet tələbələri belə, öz fikrini ortaya qoya bilmir, müəyyən komplekslər yaşayır. Amma uşaqlıqdan cizgi filmi izləyən, kitab oxuyan, musiqilər dinləyən uşaqların gələcəkdə yaxşı danışıq qabiliyyəti olur, özlərini yaxşı namayiş etdirirlər”.
R.Yusifqızının sözlərinə görə, kitab oxumaq vərdişi uşaqların hamısında yoxdur: “Mütaliəni sevənlər var, sevməyənlər var, vərdiş hamıda yoxdur. Amma cizgi filmlərinə hər bir uşaq baxır. Əgər uşaq bunlara baxırsa, biz bunlardan istifadə etməliyik. Cizgi filmləri istədiyimiz informasiyanın uşaqlara çatdırmağımız üçün ən mühüm vasitədir. Hesab edirəm ki, Azərbaycan dilində klassik uşaq ədəbiyyatı, dünya uşaq ədəbiyyatı və müasir uşaq ədəbiyyatına diqqət ayırmaq lazımdır. Bunlardan ən vacibi müasir uşaq ədəbiyyatıdır. Çünki müasir uşaq ədəbiyyatında uşaq özünü, dostlarını, yaşadığı mühiti görür. Bu ona daha yaxındır, bunun sayəsində ona daha çox şey vermək olar. Cizgi filmi üçün öyrədici ssenarilər yazmaq da önəmli məsələlərdəndir. Ona görə də yazılan mövzuların hazırkı zamana uyğun olması nəzərə alınmalıdır. Uşaqları kompüterlərdən uzaqlaşdırmaq hazırkı dövrdə doğru deyil. Çünki elə uşaq var ki, kağız kitabı sevmir, onu internetdə maraqlı şəkildə oxuya bilərlər. Uşaqlar müasir texnikanın bütün detallarını öyrənməldirlər, intelleklərini inkişaf etdirməldirlər. Bunun üçün bizə müasir uşaq ədəbiyyatı, keyfiyyətli cizgi filmləri lazımdır. Bu cizgi filmləri dünyada olanlarla müqayisə olunacaq dərəcədə keyfiyyətli olmalıdır”.