Yerə zibil atanlar cərimə ediləcək

Yerə zibil atanlar cərimə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçdiyimiz küçələri, yaşadığımız ərazini təmiz saxlamaq borcumuzdur.

Ancaq tez-tez küçədə hansısa bir şəxsin yerə tüpürdüyünün, zibil atdığının, hətta maşınla gedərkən belə maşının şüşəsini endirib zibili elə yolun ortasına atdığının şahidi oluruq.

Əslində qanunvericilikdə yerə zibil atanlara qarşı cərimələr nəzərdə tutulur. Hündür mərtəbəli binaların eyvanından küçəyə zibil atanlar üçün İnzibati Xətalar Məcəlləsində 50 manat dəyərində cərimə müəyyən olunub.

Digər maddələr və fiziki şəxslər üçün cərimələr isə belədir:

Maddə: 264 – sahil zolağının, çimərliklərin çirkləndirilməsi – 600-1000 AZN;

Maddə: 266 – zibil qutusundan başqa yerə zibil atmaq – 50 AZN;

Maddə: 306 – metronun zibillənməsi- 15-30 AZN;

Maddə: 352 – avtomobil yollarının zibillənməsi- 30-50 AZN

Xarici ölkələrdə ətraf mühiti zibilləndirməklə bağlı sərt cəzalar tətbiq edilir. Məsələn Sinqapurda belə şəxslər 750 dollar həcmində cərimələnir. Fransada isə kitabı küçədə qoyub gedən qadına belə 68 avro cəza verilib. Hətta küçənin kitabla “zibillənməsinə” belə dərhal reaksiya verilir.

Azərbaycanda bələdiyyələrin bu sahədə fəaliyyəti iki hissədən ibarətdir: Bunlardan birincisi şəhərin hər yerində zibil qutularının yerləşdirilməsi, ikincisi isə parklarda, küçələrdə məlumat lövhələrinin qoyulmasını təşkil edir. Ancaq biz hələ ki heç bir şəxsin yerə zibil atdığı üçün cərimələnməsinə şahid olmamışıq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, küçələri zibilləyənlərlə bağlı sanksiyalar kifayət deyil: “Çünki hamıya nəzarət etmək olmur. Burada ən böyük məsələ mədəniyyətdir. İnsanların küçələri zibilləməməsi üçün ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır. Müvafiq televiziya kanalları, xəbər saytları bu istiqamətdə materiallar hazırlamalıdırlar.

Media eksperti Qulu Məhərrəmli yerə zibil atmaqdan yayındıran sosial çarxların yoxluğunu televiziya qüsuru kimi qiymətləndirir: “Küçələrə eyvanlardan, avtomobillərdən zibil atmağın yaxşı hal olmaması, ictimai nəqliyyatda davranış qaydaları ilə bağlı sosial çarxlar hazırlana bilər. Verilişlər arası keçidlərdə bunlar efirə verilməlidir ki, tamaşaçılar qısa mesajlarla bu sahələrdə müəyyən məlumat əldə etsinlər. Belə nümunələr dünyanın bir çox ölkəsində, Türkiyə Respublikasında da çox istifadə olunur. Çox təəssüf ki, bizim televiziyalarda buna əhəmiyyət verilmir”.