Bu ilin may ayında saxlanılan “Yeni Klinika” Publik Hüquqi Şəxsin Daxili Təhlükəsizlik şöbəsinin mühafizəçisinə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, “Yeni Klinika”da Təhlükəsizlik şöbəsinin mühafizəçisi kimi çalışan R.N. müxtəlif dərman şirkətlərinin əməkdaşlarından rüşvət almaqda ittiham edilib.
Mühafizəçi məhkəmədə sözügedən vəsaitləri klinikanın Daxili Təhlükəsizlik şöbəsinin rəisi Bəxtiyar Əhmədxan oğlu Novruzovun göstərişi ilə aldığını deyib.
1999-cu il təvəllüdlü R.N. 2024-cü ilin yanvar-aprel ayları ərzində 10 dərman şirkətinin əməkdaşlarından müxtəlif məbləğlərdə vəsait alaraq “Yeni Klinika”nın inzibati binasına buraxılmasına şərait yaradıb. Dərman şirkətlərinin əməkdaşlarının klinikaya daxil olmasının məqsədi isə həkimlərə dərman vasitələrinin reklamı və satışının həyata keçirilməsi olub.
Şirkətlərin əməkdaşları – A.Doqbayeva 350 manat, A.Bədirova 100 manat, E.Əsgərova 100 manat, G.Ağasalıyeva 200 manat, H.Babayeva 100 manat, İ.Rəfiyeva 200 manat, A.Yadigarov 400 manat, Z.Paşayeva 150 manat, E.Gajiyeva 100 manat, L.Novruzava 150 manat və C.Kazımova 200 manat məbləğində mühafizəçiyə pul verib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan mühafizə rəisi və işçilər barəsində 27 may 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilib. Buna səbəb isə təqsirləndirilən şəxslərin – digər mühafizəçi Niftəli Xəlilov və rəis Bəxtiyar Novruzovun 1.100 manat məbləğində dəymiş ziyanı, həmin məbləğin 25% hissəsi olan 276 manat pul vəsaiti 2 may 2024-cü il tarixdə Baş Prokurorluğun depozit hesabına ödəmələri olub. Yalnız bir mühafizəçiyə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib.
Məhkəminin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 160 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilib. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Qeyd edək ki, ötən ilin avqust ayından “Yeni Klinika”nın direktoru Barat Yusubovdur. O, sözügedən vəzifəyə təyin olunduqdan sonra qohumu olduğu deyilən Bəxtiyar Novruzovu “Yeni Klinika” Publik Hüquqi Şəxsin Daxili Təhlükəsizlik şöbəsinin rəisi təyin edib. Sözügedən hadisəyə görə KİV-də Bəxtiyar Novruzovun da saxlanılması barəsində məlumat yayılmışdı.